AZ EN RU

Uşaqlarımıza milli dəyərlərimizi aşılayaq

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Milli dəyərlər və uşaqlar” mövzusunda növbəti tədbir keçirilib. 
22 may 2024-cü il tarixdə uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi ilə bağlı növbəti maarifləndirici tədbir Kəngərli rayonunun Böyükdüz kənd tam orta məktəbində baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyətinin əməkdaşı Nabat Bayramova mövzunun əhəmiyyətindən bəhs edərək bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin qorunması və gələcək nəsillərə çatdırılması, gələcəyimiz olan uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova bildirib ki, insanın kamil bir şəxsiyyət kimi formalaşmasında məktəb dövrü mühüm rol oynadığından gənc nəslin milli ruhda tərbiyə olunması məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. 
Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşı Nilufər Rzayeva və Böyükdüz kənd tam orta məktəbinin direktoru Qılman Əhmədov çıxış edərək ümumtəhsil məktəblərində şagirdlərə tədris proqramına uyğun biliklərin aşılanması ilə yanaşı, uşaqların milli dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsindən danışıblar.  
44 nəfərin yararlandığı tədbirin sonunda 40 ədəd broşür paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 22.05.2024 17:36