AZ EN RU

Uşaqlara qayğı gələcəyə qayğıdır

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhərində yerləşən Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə Hospitalın mütəxəssis, həkim-pediatrları 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ödənişsiz tibbi aksiya keçirib. Kiçikyaşlı övladlarını müayinəyə gətirən sakinlər və bu humanist aksiyaya qoşulan həkimlərlə həmsöhbət olduq.

          Diaqnostika Müalicə Mərkəzinin direktor müavini Mətanət Səfərova bildirdi ki, aksiya çərçivəsində hospitalın 5 yüksəkixtisaslı həkim heyəti – uşaq ürək-damar cərrahı Şiraslan Baxşəliyev, uşaq kardioloqu Bəhruz Əliyev, pediatr-neonatoloq Kamil Şərifov, uşaq-endokrinoloqu Cəmalə Məmmədova və pediatr Vəfa İsayeva muxtar respublikanın kiçik sakinlərinə tibbi xidmət göstəriblər. Bu cür humanist tədbirlərin keçirilməsi üçün xəstəxanada hər cür şərait olduğunu bildirən həkim onu da qeyd etdi ki, bu cür aksiyaların keçirilməsi həkimlər arasında fikir mübadiləsinin aparılmasına, təcrübə qazanmağa da kömək edir.

          Hospitalın uşaq ürək-damar cərrahı Şiraslan Baxşəliyev diqqətimizə çatdırdı ki, Azərbaycanın dahi oğlu Heydər Əliyevin doğulduğu torpaqda olub buranın kiçik sakinlərinə xidmət etmək qürurvericidir. Həkim onu da dedi ki, müqəddəs ziyarətgah Əshabi-kəhfdə və Duzdağ Fizioterapiya Mərkəzində olublar, Duzdağ başdan-başa bir möcüzə, şəfa mənbəyidir. İnsan sanki sehrli bir aləmə düşür mağaraya daxil olanda. “Naxçıvan” mətbəxinin də dadına baxdıq, qovurma, lavaş çox əla idi.

          Pediatr Vəfa İsayeva ilə elə körpə fidanlarımızı müayinə zamanı həmsöhbət oluruq: – Vətənimizin bir parçası, Ulu Öndərin yurdu Naxçıvanın kiçik sakinlərinə xidmət etmək və buranın canayaxın insanlarını tanımaq xoşdur. Naxçıvanın xoş havası, gözəl, təmiz şəhəriniz insanda xoş əhvali-ruhiyyə yaradır. “Qurani-Kərim”də adıçəkilən Əshabi-kəhf ziyarətgahını ziyarət etmək insanın ruhunu sakitləşdirir. Müqəddəs ocağa gələnlərin sayı-hesabı olmamasına baxmayaraq, təmizlik və səliqə-sahman var idi.

          Pediatr-neonatoloq Kamil Şərifov da belə gözəl bir tədbirin iştirakçısı olduğu üçün çox sevindiyini dedi, bildirdi ki, Naxçıvan illərdir, blokadada olmasına baxmayaraq, səhiyyə ocaqları çox yaxşı qurulub, maddi-texniki bazaları zəngindir. Humanitar tibbi aksiyanın keçirilməsi üçün bütün imkanlar var. Şəhərin görməli yerlərində olduq, tarix və müasirliyin vəhdətində, təmiz saf havalı Naxçıvandan xoş təəssüratlarla ayrılırıq. Aksiyanı keçirməyə yaradılan şəraitə görə minnətdarlığımızı bildiririk.

          Aksiyaya öz nəvələrini müayinə etdirməyə gələn Naxçıvan şəhər sakini Afət Əsgərova razılığını bildirib dedi ki, Azərbaycanın ən yüksək səviyyəli tibbi xidmət göstərən xəstəxanalarından biri olan Liv Bona Dea Hospitalın uzman həkimlərinin buraya gəlməsi və ödənişsiz olaraq övladlarımızı müayinə etməsini ürəkdən alqışlayırıq. Hamı yaxşı bilir ki, buradan Bakıya getmək, belə bir yüksək səviyyəli xəstəxanada müayinə olunmağa maddi vəsait lazımdır. Hər kəsin də gücü buna yetmir. Bu həkimləri sağ olsunlar ki, balalarımıza tibbi xidmət göstərmək üçün Naxçıvana gəlirlər, həm də ödənişsiz. Tanrı dövlətimizi var eləsin.

          Allahın ən gözəl hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn övladının qayğısına qalır, onu qoruyur. Amma bəzən valideynlərin qayğısı və diqqəti də uşaqları xəstəliklərdən qoruya bilmir. O zaman Tanrının yer üzündə özündən sonra şəfa vermək ixtiyarı bəxş etdiyi həkimlər – ağxalatlı mələklər onlara kömək əlini uzadır. Bu gün Azərbaycanımızın gələcəyi olan uşaqlarımızın sağlamlığını tərəddüd etmədən öz həkimlərimizə əmanət edə bilirik. Bundan daha gözəl, daha qürurverici heç nə ola bilməz. Çünki Ulu Öndərin Azərbaycanın gələcəyi kimi böyük dəyər verdiyi uşaqlarımız hər bir qayğı ilə əhatə olunub.

 - Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 31.05.2023 17:25