AZ EN RU

Uşaqlar üçün bayram tədbiri keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o cümlədən şəhid və qazi övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan, həmçinin 2023-cü il ərzində təhsil, incəsənət və idman sahəsində xüsusi bacarığı ilə fərqlənən uşaqlar iştirak edib.

Çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Yeganə Məmmədova və Aidə Allahverdiyeva, M.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Şirzad Abutalıbov çıxış edib.

Ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edilərək bildirilib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Uşaqların hüquqlarının, sağlamlıqlarının qorunması, təhsili, milli ruhda tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, dünyagörüşlərinin formalaşması daim diqqət mərkəzində saxlanılır.

Çıxış edənlər uşaqları qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, təhsillərində və gələcək həyatlarında uğurlar arzulamışlar.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Qızlar Liseyi, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Şəhər 11 nömrəli Körpələr Evi-Uşaq Bağçası 2023-cü il ərzində keçirilən tədbirlərdə komitə ilə səmərəli əməkdaşlıq etdiklərinə görə, o cümlədən 2023-cü il ərzində təhsil, incəsənət və mədəniyyət sahəsində xüsusi bacarıqlarına görə fərqlənən 10 uşaq fəxri fərmanla təltif edilib.

Bədii hissə ilə davam edən tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupunun üzvləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları və Naxçıvan şəhərində fəaliyyət göstərən 11 nömrəli Körpələr Evi-Uşaq Bağçasının balaca fidanlarının ifasında müxtəlif mahnı və rəqs nömrələri nümayiş edilmişdir. Tədbirin sonunda  uşaqlara üzərində azad olunmuş rayonlarımızın adları yazılmış köynəklər hədiyyə edilib, Şaxta Baba və Qar qız uşaqlarla görüşüb və onlara bayram sovqatı verib.         

          Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 27.12.2023 18:40