AZ EN RU

Uşaqlar gəncliyimiz, gənclik isə gələcəyimizin təminatıdır

    Uşaqlar hər evin, hər ailənin bəzəyi, yaraşığı, hər bir dövlətin, millətin sabahı, gələcəyidirlər. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması istiqamətində aparılan dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimiz daim uşaqlara böyük qayğı və sevgi ilə yanaşır, onların lazımi səviyyədə yetişməsi, təhsil alması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Gələcəyimizi etibar edəcəyimiz uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisələrin yaradılmasını diqqət mərkəzində saxlayırdı. 

      “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə millətimizin, dövlətimizin taleyi bundan asılı olacaq. Mən həyatımın bu gününü, gələcəyini, xoşbəxtliyini, səadətini məhz uşaqlara diqqət və qayğıda görürəm”, – deyən görkəmli dövlət xadiminin müəyyən etdiyi vəzifələr bu gün muxtar respublikamızda uğurla həyata keçirilir, uşaqların əlverişli sosial mühitdə böyüməsi diqqətdə saxlanılır, təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Müasir uşaq bağçaları istifadəyə verilir, uşaqların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili sahəsində ardıcıl tədbirlər görülür. İstifadəyə verilən uşaq bağçalarında uşaqlar yaxşı şəraitdə böyüyür, tərbiyə alır və məktəb həyatına hazırlaşırlar. 
      Bu gün yolumuz Naxçıvanın ilk özəl məktəbəqədər təlim-tərbiyə ocağı olan “Mehriban” uşaq erkən inkişaf-tədris mərkəzinədir. Buraya qədəm qoyduğumuz andan mərkəzdəki səmimi atmosfer bizdə xoş təəssürat yaratdı. Mərkəzin müdiri Günay Nuriyeva bizi bağça ilə tanış edir. İki mərtəbədən ibarət müasir arxitektura üslubunda inşa edilmiş binada üçaylıq körpədən 6 yaşına kimi uşaqlar tərbiyə olunur. Günay xanım bildirir ki, mərkəzdə üç bölmə fəaliyyət göstərir. Azərbaycan, rus və ingilisdilli bölmələrdə uşaqlara bu ixtisaslar üzrə mütəxəssis müəllimlər təlim keçir. Onu da vurğulayır ki, mərkəzimiz işini digər təhsil müəssisələri kimi, islahatlara uyğun yeni metodlar üzərində qurub. Uşaqlar arasında diqqət, hafizə, düşüncə, riyazi təfəkkür, nitqin inkişafı ilə bağlı testlər aparılır, onların dərketmə bacarığının yüksəlməsi daim diqqət mərkəzində saxlanılır. Balacalara rəsm, əmək, riyaziyyat, ətraf mühitlə tanışlıq, musiqi kimi fənlərin ilkin əsasları öyrədilir. Onu da öyrənirik ki, bu gün uşaqların vaxtlı-vaxtında ekoloji təmiz yerli məhsullarla qidalanmaları qayğısına da qalınır, istirahət rejiminə, sağlam əməl olunmasına xüsusi diqqət yetirilir. Çalışırlar ki, uşaqlar üçün yeməklər yerli orqanik məhsullardan hazırlansın. Günay Nuruyeva onu da deyir ki, mərkəzin həyəti də olmaqla hər tərəf kameralarla müşahidə olunur. Valideynlər onlayn qaydada evdən öz körpələrini gün ərzində izləmək imkanına malikdirlər. 
    Burada körpələrimizə biliklər öyrədən Xədicə İbrahimova ibtidai sinif müəllimidir. Söhbət zamanı dedi ki, uşaqların dünyaya pəncərəsi sayılan bağçalarda bu gün onların hərtərəfli böyüməsi, təlim-tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması və sağlamlıqlarının qorunması məqsədilə lazımi şərait yaradılıb. İstifadəyə verilən uşaq bağçaları, açığını deyim ki, öz müasir görünüşü və təminatı ilə bizim əvvəllər oxuduğumuz ali məktəblərdən də öndədir. Bütün bunların bir səbəbi isə Ulu Öndərimizin yolunun muxtar respublikamızda da uğurla davam etdirilməsidir. 
    Öyrənirik ki, burada uşaqlara Vətən haqqında ilkin biliklərin öyrədilməsi diqqətdə saxlanılır, onlara dövlət atributlarımız haqqında məlumat verilir, uşaqlar Azərbaycan xəritəsi ilə tanış olurlar. 
    Artıq iş günü başa çatmaqda olduğundan övladlarını götürməyə gələn bir neçə valideynlə də rastlaşıb söhbət edə bildik. Onlar da burada yaradılan şəraitdən ürəkdolusu söhbət açaraq övladlarını məmnuniyyətlə bu məktəbəqədər tərbiyə ocağına etibar etdiklərini söylədilər. Qeyd etdilər ki, belə mərkəzlər işləyən valideynlərin yaxın köməkçisidir. Bu gün onlar çətinlik çəkmədən müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Muxtar respublikada valideynləri işləyən, xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən və sağlamlıq imkanları məhdud uşaqların bağçalara üz tutması xüsusilə qeyd olunmalıdır. Bu da sağlamlıq imkanları məhdud uşaqların erkən yaşlarında cəmiyyətə inteqrasiyasını təmin edir, onların ailələrinə mənəvi dayaq olur. 
    Prezident cənab İlham Əliyevin yaxın günlərdə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda yeni özəl təhsil müəssisələrinin də açılması nəzərdə tutulub. Ümid edirik ki, yaxın vaxtlarda belə təhsil müəssisələrinin sayı artacaq, balaca fidanlarımız həmin müəssisələrə cəlb ediləcəklər. 

Ramiyyə ƏKBƏROVA 

 

Nəşr edilib : 02.08.2023 17:25