AZ EN RU

Uşaq tərbiyə etməyin ən gözəl yolu onlara kitab oxumağı aşılamaqdır

Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası bu yolda ən yaxşı bələdçidir

    “...Arzusuna çatmış Dina artıq nə üçün mübarizə apardığını bilirdi. Əliboş qayıtmırdı və artıq onun bir qənaəti də vardı: Nağıllar dünyasına aparan kitabı mühafizə etmək”. Göz gəzdirdiyim bu kitabdakı sətirlərə nəzər saldıqca nağıllar dünyasının sehrinə qapılaraq başqa bir aləmə səyahət edirdim sanki. Dörd bir tərəfimdə yerləşən kitab rəflərinə səliqə ilə düzülmüş, səhifə cildi rəngarəng nağıl qəhrəmanları olan kitablar məni öz dünyasına səsləyirdi. Elə o an Uşaq Kitabxanasının əməkdaşı Kəmalə xanımın səsi məni sirli-sehrli uşaq aləmindən real dünyaya qaytardı: “Uşaq tərbiyə etməyin ən gözəl yollarından biri onlara kitab oxumağı aşılamaqdır. Xüsusilə uşaqların yaşlarına uyğun nağıl kitabları onların tərbiyəsində və xarakterinin formalaşmasında böyük rol oynayır. Elə bu guşə də balacaların zövqünə, yaşına uyğun kitabların seçilib yerləşdirildiyi guşədir. Nağılların əksəriyyəti xoşbəxt sonluqla bitdiyindən uşaqlarda sevinc, ümid, güvən kimi duyğular yaranır”.

    Kitabxana ilə əyani tanışlıq zamanı ömrünün yarısını bu işə həsr edən Kəmalə xanım bizə yeni istifadəyə verilən bu mədəniyyət ocağının keçmişindən bəhs edir. Deyir ki, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 1935-ci ildən 1965-ci ilin yanvar ayına kimi Naxçıvan şəhər kitabxanası nəzdində uşaq şöbəsi olaraq fəaliyyət göstərib. 1964-cü ildə Nazir­lər Kabinetinin qərarı ilə ümumtəhsil məktəblərinə əməli metodik köməklik, həmçinin gənclərə kitabxana xidməti göstərmək məqsədilə Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası kimi 1965-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Kitabxanaya 1978-ci ildə yazıçı-publisist Adil Babayevin adı verilib. Bu kitabxana ilk dəfə fəaliyyətə başlayanda 6000 ədəbiyyatı, 9000 oxucusu olub. Bu gün isə kitabxanada 100 minə yaxın ədəbiyyat var. Burada 36 əməkdaş çalışır. Hazırda kitabxananın 11 min 270 oxucusu var. 
    Kitabxananın direktoru Kəmaləddin Axundov ilə də söhbət etmək imkanı əldə etdik. O dedi ki, ötən əsrin 90-cı illərində – xaos, özbaşınalıq baş alıb gedən vaxtlarda, hətta respublikada elə kitabxanalar var idi ki, binaları satılmışdı. Kitabların minlərlə nüsxələri ləğv olunmuşdu. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həmin kitabxanaların həm binaları özlərinə qaytarıldı, həm də kitab fondları. Ulu Öndər Heydər Əliyevin sayəsində məhz birinci dəfə ölkəmizdə 1998-ci ildə Azərbaycan Respublikasında kitabxana haqqında qanun qəbul edildi. Elə o vaxtdan təkcə kitabxanalar deyil, mədəniyyətin bütün sahələrinin geniş fəaliyyətinə imkanlar yaradıldı. Ümummilli Liderimizin siyasətinin davamçısı Prezident cənab İlham Əliyev mədəniyyət sahəsində böyük işlər görür. 2004-cü ildə ölkə başçısının göstərişi ilə Azərbaycan Respublikasının bütün kütləvi kitabxanalarına və təhsil müəssisələrindəki kitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılması təmin edildi. Çap olunan ədəbiyyatlar bütün kitabxanalara hədiyyə olundu. Bu günə kimi bu kitabxanaya da 10 mindən artıq latın qrafikası ilə nəşr olunmuş kitablar hədiyyə edilib. 2008-2013-cü illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamı olub. Kitabxanalar kompüter sistemləri və müasir avadanlıqlarla təmin edilib. Bu gün ucqar kəndlərimizdə belə müasir kitabxanalarımız var. 
    Əvvəllər köhnə binada fəaliyyət göstərən kitabxana bu il noyabr ayının 29-da yeni bina ilə təmin olundu. Bina zirzəmi ilə birlikdə           4 mərtəbədən ibarətdir. Hərtərəfli şəraitlə təmin olunan kitabxanada 3 kitab fondu, 2 dövri mətbuat fondu və iş otaqları var. Həmçinin burada 11 kompüter və elektron lövhə quraşdırılıb. 
    Kəmaləddin Axundov deyir ki, kitabxana tərəfindən məktəblərdə, universitetlərdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri yay tətili boyunca mütəmadi olaraq məhəllələrdə, parklarda, əhalinin sıx yaşadığı yerlərdə keçirilən səyyar kitab sərgisidir. Elə ötən yay tətilində 24-dən çox ərazidə kitab sərgisi təşkil olunub. Müşahidə edirik ki, bu üsul uşaqlarda kitablara marağı daha da artırır. Həmçinin valideynlərə dəstək olmaq məqsədilə hər il şəhər Təhsil Şöbəsindən siyahı alırıq. Dərslərdən geri qalan uşaqlardan 30 nəfəri növbəti dərs ilinə hazırlaşdırırıq. Maraqla qarşılanan digər tədbir isə “Təbiətin məktəbli töhfəsi” olub. Bu, Azərbaycanda ilk dəfə təşkil edilən tədbir idi. Gündəlik həyatımızda istifadə etdiyimiz batareyalar məktəblilər tərəfindən yığıldı. Yayda bütün respublikanın rayon kitabxanalarının köməkliyi ilə 35 min batareya toplandı. Bildiyiniz kimi, həmin batareyaların atıldığı ərazi torpağı zəhərləyir və həmin ərazidə heç bir bitki yetişmir. Hətta həmin zəhərlənmiş ərazidə ağac əkmək belə yararsızdır. Bu təşəbbüs Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yüksək qiymətləndirildi. Nazirlik tərəfindən batareya toplamaqda əməyi olan uşaqlar mükafatlandırıldı. 
    Kəmaləddin müəllim deyir ki, uşaq kitabxanasının digər kitabxanalardan əsas fərqi ondadır ki, burada oxucunun mütaliəsinə rəhbərlik var. Kitabxanaçının birinci işi oxucuya rəhbərlik etməkdir. Bu uşaq 5 yaşındadır, nəyi oxuya bilər? Kitabxanaçı tərəfindən həmin uşağın yaş dövrünə uyğun olaraq kitab təklif edilir. Kitabxanada kiçikyaşlı uşaqlar üçün danışan kitablar mövcuddur. Kitab özü nağıl danışır. Bu, azyaşlı uşaqlar üçün çox maraqlıdır. Ümumiyyətlə, kitabxananın əsas məqsədi uşaqlarımızın milli dəyərlərimizi, ənənələrimizi öyrənməsidir.
    Onu da deyim ki, buraya təkcə uşaqlar deyil, universitet tələbələri, müəllimlər də gəlirlər. Düzdür, uşaq-gənclər deyəndə 5 yaşından 16-17 yaşa qədər nəzərdə tutulur. Ancaq buna baxmayaraq, kitabxanaya hər yaş kateqoriyasından müraciət mümkündür. 
    Kitabxananı oxucular üçün daha maraqlı edən burada yaş qruplarına görə oxucu zallarının olmasıdır. Hazırda kitabxanada I-IV, V-XI sinif şagirdləri üçün oxucu zalları var ki, buradakı kitablar məhz həmin yaş dövrlərinə uyğun kitablardır. I-IV siniflər üçün oxu zalında 7 min 119 nüsxə, V-XI siniflər üçün 10 min 217 nüsxə kitab oxucuların istifadəsinə verilib.
    …Amerika Pediatrlar Assosiasiyasının araşdırmaları göstərir ki, dünyada uşaqların böyük əksəriyyəti iki saat icazə verilən “ekran vaxtı”nı qat-qat aşırlar. “Ekran vaxtı”na tele­vizor, planşet, kompüter, telefonla keçirilən vaxt aiddir. “Ekran vaxtı”nı kitabxana saatları ilə sıxışdırmaq üçün mütaliə tam uyğun bir alternativdir. Kitabxananın evdən müəyyən qədər məsafədə yerləşməsi təmiz havada gəzintiyə və uşaqlarla xoş söhbətə səbəb ola bilər. Bu həmçinin telefondan fəal şəkildə istifadə edən valideyn üçün də “telefonsuz” maraqlı bir fasilədir. Gəlin övladlarımızla birlikdə asudə vaxt taparaq sirli-sehrli uşaq aləminə, kitablar dünyasına səyahətə çıxaq! 

 Gülcamal TAHİROVA

Nəşr edilib : 11.01.2023 19:56