AZ EN RU

Uşaq İncəsənət Festivalının II mərhələsi başlayıb

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən II regional mərhələsinə Naxçıvanda, həmçinin ölkəmizin digər regionlarında start verilib. Qeyd edək ki, festivalın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılmasının təşviq edilməsidir. 
    Festivalın keçirilməsinin əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.
    Fərdi və kollektiv formada, üç mərhələdən ibarət olmaqla keçirilən festivalda 6-17 yaş arası peşəkar  və həvəskar şəxslər, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edir. Festivalın ikinci mərhələsində muxtar respublika üzrə I mərhələdə 16 nominasiya üzrə uğur qazanmış 128 fərdi iştirakçı və 7 kollektiv iştirak edəcək.
    İkinci mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak etmək hüququ qazanırlar. Festivalın final mərhələsi cari ilin sentyabr ayında Bakı şəhərində keçiriləcək. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.07.2023 20:54