AZ EN RU

Uşaq hüquqlarının qorunması və təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib

Cəmiyyətin həssas qrupu olan uşaqların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması üçün icra işlərində uşaq hüquqlarının qorunması və təbliği məqsədilə növbəti maarifləndirici tədbir baş tutub.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Rəfail Əhmədov bu sahədə maariflənmənin əhəmiyyətini və vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova bildirib ki, dünyadakı bütün uşaqların qanunla tənzimlənən və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı vardır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Türkan Məmmədova uşaq hüquqlarının müdafiəsi işində qanunvericilik aktlarından, beynəlxalq konvensiyalardan danışıb. 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Gülənbər Nuriyeva uşaqların təhsil almaq hüququnun qorunması və onların təhsildən yayınmalarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
50 nəfərin yararlandığı tədbirdə iştirakçıların sualları cavablandırılıb və maarifləndirici broşürlar paylanılıb.

Nəşr edilib : 08.04.2024 20:15