AZ EN RU

Uşaq Hüquqları Aylığı" çərçivəsində uşaqların kütləvi dispanzerizasiyasına başlanılıb

BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsinə təsadüf edən 20 oktyabr-20 noyabr "Uşaq Hüquqları Aylığı"nda muxtar respublika üzrə bütün orta məktəb və məktəbəqədər uşaq müəssisələrində uşaqların kütləvi dispanzerizasiyasına başlanılıb. Noyabr ayının 1-dən etibarən muxtar respublikanın bütün rayonlarında paralel  olaraq başlayan müayinələrə tibbin hər sahəsi üzrə ixtisaslı həkimlər cəlb edilib. Müayinələr nəticəsində aşkarlanan patalogiyalar üzrə dispanser qeydiyyatlar aparılır və uşaqlar dərin müayinə və müalicə üçün ixtisaslaşmış xəstəxanalara yönləndirilir.

Qeyd edək ki, hazırda beynəlxalq hüquq sistemində və milli qanunvericiliyimizdə uşaqların hüquq və azadlıqlarının qorunması ilə bağlı mövcud aktlar onların müdafiə və inkişafına təminat verir. “Uşaq Hüquqları haqqında” Konvensiya isə uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir. BMT-nin Baş Məclisi tərəfindən 1959-cu il 20 noyabr tarixində Uşaq Hüquqları Bəyannaməsi, daha sonra 1989-cu il 20 noyabr tarixində Uşaq hüquqları haqqında Konvensiya qəbul olunub və konvensiya qəbul edildikdən sonra tez bir zamanda tarixdə ən çox ratifikasiya edilmiş insan hüquqları sazişinə çevrilib.

Nəşr edilib : 03.11.2023 10:27