AZ EN RU

“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib. 
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova  qeyd edib ki, uşaq hüquqlarının qorunması, sosial problemlərinin həll olunması, asudə vaxtlarının səmərəli təşkili Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-uşaq siyasətinin tərkib hissələridir. Ulu Öndərin bu sahəyə qayğısı hesabına uşaq hüquqlarının qorunması ilə bağlı mövcud qanunvericilik bazası formalaşıb, ölkəmiz bir çox beynəlxalq konvensiyalara qoşulub, uşaq hüquqlarını qoruyan bir çox təşkilatlar yaradılıb. Azərbaycan qanunvericiliyi uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən işlərdə uşaq əməyinin tətbiq edilməsini qadağan edir.
    Qeyd edilib ki, bu gün ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam böyüyərək  layiqli vətəndaş kimi yetişmələri diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Uşaq əməyinin istismarına qarşı mübarizəyə yönələn tədbirlər onların əməyinin  ən pis formalarının  aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. 
      Naxçıvan Şəhər İcra Hakimiyyəti  başçısının müavini Təhminə Mustafayeva  bildirib ki, uşaqların məcburi əməyə cəlb edilməsi, onların istismar olunması müasir dünyanın aktual məsələlərindən biridir. Bu məqsədlə də uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, ardıcıl təbliğat-maarifləndirmə işləri həyata keçirilir. Bugünkü tədbirin də məqsədi məhz bu kimi halların aradan qaldırılmasına cəmiyyətin diqqətinin artırılması və bu istiqamətdə birgə səylərin gücləndirilməsidir.
    Vurğulanıb ki, muxtar respublikada, o cümlədən Naxçıvan şəhərində qeyd olunan hallara çox az təsadüf olunur və ya ümumiyyətlə rast gəlinmir. Ötən dövrdə Naxçıvan şəhərində də uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı bir sıra işlər görülüb. Belə ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sosial xidmət və ticarət müəssisələrində və digər sahələrdə ardıcıl olaraq reydlər təşkil edilib. Keçirilən reydlər zamanı, əsasən, ticarət və xidmət obyektlərində müəyyən edilmiş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb.
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin əməkdaşı Elsun Cahangirli slayd vasitəsilə əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verib. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 19.07.2023 19:24