AZ EN RU

Uşaq bağçalarına dərsliklər verilib

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirləri, tərbiyəçi-müəllimləri və metodistləri ilə görüş keçirilmişdir. 
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsil sahəsində yaradılmış şəraitdən və göstərilən dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 22 dekabr  tarixli Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikasi Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
    Bildirilmişdir ki, məktəbəqədər təhsil müəssisələrində uşaqlarla aparılan işin keyfiyyətinin yaxşılaşdırılması üçün kadr potensialının düzgün formalaşdırılması, eləcə də tərbiyəçilərin metodik hazırlığının müasir tələblərə cavab verməsi vacibdir. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda edilmiş dəyişikliklərə əsasən 2022-ci ildən etibarən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim, musiqi rəhbəri, tibb bacısı vəzifələrinə işə qəbul müsabiqə yolu ilə həyata keçiriləcəkdir. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən digər texniki heyətin və dayələrin peşə hazırlığı kurslarına cəlb olunması istiqamətində də zəruri işlər görülür. Hazırda ilk mərhələ olaraq məktəbəqədər təhsil müəssisələrində işləyən 20 aşbaz və 20 dayə Naxçıvan Şəhər Peşə Liseyində peşə kurslarına cəlb edilmişdir. 
    Bununla yanaşı, şəhər və rayon təhsil şöbələrində məktəbəqədər təhsil üzrə metodistlər müəyyənləşdirilmişdir ki, bu da məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin təmin olunmasına, həmçinin pedaqoji kadrlara metodik köməkliyin göstərilməsinə öz töhfəsini verəcəkdir. Nazir qeyd etmişdir ki, nazirliyin tabeliyinə verilmiş 19 məktəbəqədər təhsil müəssisəsində sistemli işin təmin edilməsi məqsədilə həmin təhsil müəssisələrinin nizamnaməsi, pedaqoji şurası haqqında əsasnaməsi yenidən işlənərək təsdiq olunmuşdur. 
    Vurğulanmışdır ki, məktəbəqədər təhsil müəssisələrində 189 qrupda 2891 uşaq vardır. Onlardan da 505-i məktəbəhazırlıq qruplarında təhsil alır. Bu qruplarda təhsil alan uşaqları təhsil standartları əsasında məktəb təliminə hazırlamaq məqsədilə tədris proqramı hazırlanmış və dərsliklər ayrılmışdır. Təhsil naziri məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə uşaqlarla işin təhsilin dövlət standartları və məzmunu əsasında qurulması, məktəbəhazırlıq qruplarında tədrisin dərsliklər və tədris proqramı əsasında həyata keçirilməsi, kadrların ixtisasartırma və yenidənhazırlanma kursuna cəlb edilməsi və uşaqların qəbulunun nizamnaməyə uyğun həyata keçirilməsi  ilə bağlı tapşırıqlar vermişdir.
    Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodik kabinet müdiri Gülxarə Tarverdiyeva, nazirliyin əməkdaşlarından Ayşənur Salmanlı və Sahil Əlizadə çıxış etmişlər.
    Sonda fəaliyyətin düzgün qurulması və kargüzarlıq işlərinin təlimata uyğun aparılması üçün əmr və pedaqoji şuranın protokolu kitabları, “Məktəbəqədər təhsil müəssisələrinin pedaqoji şuraları haqqında Əsasnamə”, yeni təsdiq edilmiş nizamnamələr və məktəbəhazırlıq qrupları üçün hər birindən 505 olmaqla, 4 hissəli 2020 dərslik məktəbəqədər təhsil müəssisələrinə təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.01.2022 18:32