AZ EN RU

Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir

Dünən Azərbaycanda baş verən qandondurucu hadisə bütün ölkə gündəmini zəbt etdi. Bəli, söhbət ailəsinin 5 üzvünü qətlə yetirən Əhməddən gedir. Atası məmur, anası məktəb direktoru olan bu şəxsin valideynləri öz imkanlarından istifadə edərək 15 yaşındakı həmyaşıdını 30 bıçaq zərbəsi ilə öldürən övladlarını layiq olduğu cəzadan yayındırıblar. Bəs baş verən hadisədə günahkar kimdir? Qatil övlad, ya mərhum valideynlər?

Nənəm həmişə deyərdi: “Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir”. Hələ balaca yaşında öz övladına düzgün istiqamət verə bilməyən valideynlər hələ də ev, bahalı maşın alıb, bu azmış kimi taksi sürücüsü kimi işə qoyub mükafatlandırıblar. Həmçinin maraqlısı odur ki, belə psixoloji problemi olan şəxsə sağlamlıq kağızı verib necə sürücülük vəsiqəsini təqdim ediblər?...

 Hazırda faktla bağlı araşdırma aparılsa da düşünürəm ki, bu hadisənin başında elə valideyn məsuliyyətsizliyi dayanır.

Minlərlə uşağın təlim-tərbiyəsində rolu olan bir müəllimin öz övladına qarşı göstərdiyi laqeyd yanaşma danılmazdır. O cümlədən ailənin hər zaman övladın şəxsiyyət kimi yetişməsində rolu  əvəzsizdir. Hər bir şəxsin gələcək taleyi və cəmiyyətdə tutacağı mövqe ailə tərbiyəsi ilə bağlıdır.

Bu gün cinayət, zorakılıq törədən şəxslərin əksəriyyəti uşaq yaşlarında ciddi problemləri olan şəxslərdir. Onların yaşadığı hər şey məhz ailədən qaynaqlanır. Eyni ilə karma nəzəriyyəsi kimi.  Əgər ailələr öz  övladlarının gələcəyini düşünüb, onu cəmiyyətə yararlı fərd olaraq inteqrasiya etdirsə,  bu cür hadisələrlə az rastlaşmış olarıq.

Həmçinin Əhmədin valideynləri vaxtında övladlarına qarşı məsuliyyətli davranıb, hadisəni ört-basdır etməkdənsə, öz övladlarına  psixoloji dəstək göstərsəydilər, bəlkə də bu gün bu hadisənin şahidi olmazdıq. Demək olar ki, hamını vahiməyə salan  bu dəhşətli  hadisə Azərbaycan ailəsinin uzun illər unudulmayacaq qandonduran  faciəsinə çevrildi.

          Bülbül QULİYEVA

Nəşr edilib : 14.02.2024 12:36