AZ EN RU

Ürəyində Xocalı nisgilini daşıyan şəhidim

İbrahim Mustafa oğlu Əliyev

17.02.1997 – 29.09.2020

İbrahim dörd bacının bir qardaşı idi. Dörd qızdan yeddi il sonra dünyaya göz açmışdı. İçinə çox qapalı, öz dünyası olan övlad idi. Onun Vətənə olan sevgisini həmişə bir ana kimi hiss edirdim. 
Bir dəfə qonşunun uşağı ilə televizora baxmaqları heç yadımdan çıxmır. Televizorda Xocalı faciəsi ilə bağlı veriliş gedirdi. Gördüm ki, qonşunun uşağı ilə verilişə baxa-baxa ağlayırlar. İbrahim qonşunun uşağına deyir ki, bax, bir azdan yenə uşaq cəsədləri gətirəcəklər. Gördüm ki, hər ikisi çox narahatdır. Tez gəlib televizorun qabağında durdum. Durdum ki, İbrahimlə qonşu uşağı onları görməsin. Sonra da hirsləndim ki, çölə çıxsınlar. Sən demə, İbrahim ermənilərin Azərbaycan xalqının başına açdığı faciələri izləyə-izləyə içində düşmənə nifrət böyüdüb.
İbrahim heç vaxt özü ilə bağlı şənliklərin keçirilməsini xoşlamazdı. Nə özünə ad günü, nə də əsgərliyə gedəndə belə ona qonaqlıq keçirməyimizə razı oldu. Amma İbrahim öz kəndinə, torpağına elə qayıtdı ki, bütün xalq, bütün naxçıvanlılar onu qarşıladı.
Evin tək oğlu olduğuna görə hərbi liseyə getməyini istəmirdim. Deyirdim ki, yaxşı oxuduğuna görə universitetlərin hər hansı birinə qəbul olar. Ali təhsil alar. Ancaq gördük ki, ona mane ola bilmirik. İbrahim israrla o sənəti seçdi. O sənəti seçdi və o sənətə layiqli xidmət etdi. Şəhid kimi ata-anasının yanına qayıtdı.

İbrahimin çox gözəl gözləri var idi. Ancaq şəkil çəkdirəndə gözlərini eynəklə gizlədərdi. Məzuniyyətə gələn zaman bacıları ilə birlikdə şəkil çəkdirdi. Ailəsi ilə son şəkli oldu. Bacılarının israrına baxmayaraq, yenə eynəyini çıxarmadı. Yenə gözlərini gizlətdi. Son dəfə belə bizi gözlərini görməkdən məhrum etdi.
Sentyabrın 26-da gələn zəng son zəngi oldu. Atasına dedi ki, ata, biz gedirik. Atası dedi ki, hara? İbrahim cavab verdi ki, Qarabağa. Demə, oğlum şəhid olmağa gedirmiş. Atasının, anasının yanına qəhrəman kimi qayıtmaq üçün gedirmiş. Şəhid olmaq arzusuna çatmaq üçün gedirmiş. 
İbrahim nişanlı idi. Bütün arzularını, bütün istəklərini özü ilə apardı. Əvəzində bütöv Vətəni bizə bağışladı. Amma özü bu Vətəndə doyunca gəzə bilmədi. O, bütöv Azərbaycanın vətəndaşı olmasa da, Vətən daşı oldu. Biz övladımızla qürur duyuruq. Vətən sağ olsun!

Nəşr edilib : 09.02.2024 19:47