AZ EN RU

Ürəklərdə yaşayan qayğıkeş həkim, görkəmli ictimai-siyasi xadim: Əziz Əliyev

    “O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı”.
Ümummilli Lider Heydər Əliyev

 

    Qərbi Azərbaycanımızın layiqli yetirmələrindən biri olan görkəmli elm və dövlət xadimi Əziz Əliyev keşməkeşli, çətin və əzablı bir həyat yolu keçmişdir. Əziz Əliyev də müəyyən mənada, Ulu Öndər Heydər Əliyevin ömür yoluna bənzər bir tale yaşamış, bütün  ağrılı-acılı günləri öz xalqı ilə birgə olmuş, sevincini də, kədərini də onunla bölüşdürmüş, ona sədaqətlə xidmət etmişdir. 
    O, 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuş, ailəsi 1905-ci ildə İrəvan şəhərinə köçmüşdür. Əziz Əliyev erkən yaşlarından elmə, təhsilə olan hədsiz həvəsi ilə öz yaşıdlarından fərqlənirdi. Bu həvəsi nəzərə alaraq valideynləri onu dövrün ən mütərəqqi təhsil ocaqlarından sayılan rus-tatar məktəbinə, sonra isə gimnaziyaya qoyurlar. 
    1917-ci ildə gimnaziyanı qızıl medalla bitirən Əziz Əliyev təhsilini davam etdirmək  üçün tanınmış milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevə məktubla müraciət etmiş və ondan 300 manat məbləğində yardım almışdır. Bu vəsaitin hesabına o həmin il Peterburqa getmiş və müsabiqədən keçərək Rusiyanın ən mötəbər təhsil müəssisələrindən biri hesab olunan Hərbi Tibb Akademiyasına daxil olmuşdur. 1918-ci ildə atası vəfat etmişdir. İrəvana gələn Əziz Əliyev burada dəhşətli hadisələrin şahidi olur. Ermənilər azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı soyqırımı siyasətini həyata keçirməyə başlamışdılar. 
    Belə bir şəraitdə daşnakların qırğınından xilas olmaq üçün o, ailəsini İrəvan şəhərindən Naxçıvanın Şərur rayonuna, bir müddət sonra isə indiki Kəngərli rayonunun Şahtaxtı kəndinə köçürür. Qırğından salamat çıxan Şahtaxtı kəndinin sakinləri ilə birlikdə Əziz Əliyevin ailəsi də Cənubi Azərbaycanın Ərəblər kəndinə (indi Poldəşt rayonu adlanır) pənah gətirir. Burada ailə tamamilə müflisləşib var-yoxunu itirir, acı qaçqınlıq taleyini yaşamalı olur. 
    Baş verən bütün bu faciəli hadisələr Əziz Əliyevi Peterburqa qayıtmaq və təhsilini davam etdirmək imkanından məhrum edir. Elə həmin il Əziz Əliyevin anası, dərdlərə, möhnətlərə dözə bilməyən bəy qızı  Zəhra xanım 36-37 yaşında Ərəblər kəndində vəfat edir. 1921-ci ildə yenidən Şahtaxtı kəndinə qayıdan Əziz Əliyev 1923-cü ilin may ayınadək orada tibb işçisi, həkim köməkçisi kimi çalışmışdır. 1923-cü ildə Bakıya oxumağa göndərilən  Əziz Əliyevin həyatında yeni mərhələ başlayır. 
    1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirən Əziz Əliyev öz qabiliyyəti, işgüzarlığı ilə diqqəti cəlb edərək irəli çəkilir və 1929-cu ildə Azərbaycan Klinik İnstitutunun direktoru təyin olunur. 1939-cu ildə Əziz Əliyev xalq səhiyyə komissarı vəzifəsinə təyin olunmuş, 1941-ci il martın 5-də isə Azərbaycan KP MK-nın üçüncü katibi seçilmişdir. Bu vəzifədə də Ə.Əliyev  ümumittifaq miqyasında faşizmə qarşı müharibə şəraitində özünü bacarıqlı, təcrübəli, işgüzar bir partiya işçisi kimi tanıtmışdı. Sovet qoşunları İrana daxil olanda xalqla ünsiyyət qurmağı bacaran, əhali arasında böyük nüfuz qazanmış, səviyyəli, səriştəli, zəngin təcrübəsi olan siyasət adamına ehtiyac duyulurdu. O dövrdə Cənubdakı soydaşlarımızın özünüdərkində, milli şüurunun oyanışında polkovnik Ə.Əliyevin siyasi rəhbər  kimi xüsusi xidmətləri olmuşdur. Onun təşəbbüsü,  səyləri ilə Təbrizdə dünyəvi məktəb, xəstəxana açılır, “Gülüstan” parkında teatr, musiqi dərnəkləri təşkil olunur, Azərbaycan filmləri nümayiş etdirilir. 
    Bu dövrdə sovet hökumətinin yuxarı dairələrində etibarlı dayaqlara malik olan erməni daşnak ünsürləri İran, Türkiyə və Sovet İttifaqı arasında yaranmış böhranlı vəziyyətdən istifadə etmək istəyirdi. Onlar Qarsdan Təbrizədək olan torpaqları Sovet Ermənistanına qatıb “böyük Ermənistan” dövləti yaratmaq xülyasını gerçəkləşdirməyi qarşılarına məqsəd qoymuşdular. “Onların ilkin planlarına görə, sovet qoşunlarının yerləşdiyi İran ərazisi Ermənistanın təsir dairəsinə keçməli və Təbriz Ermənistanın idarəetmə orqanlarına tabe edilməli idi. Əziz Əliyev gündəlik fəaliyyətində öz əsas vəzifələrinin icrası ilə yanaşı, müxtəlifsəpkili mürəkkəb problemləri həll etməyə məcbur idi. O dövrün keşməkeşli, mürəkkəb siyasi hadisələrini, İranda böyük dövlətlərin mövqelərinin qarşıdurmasını məşhur ingilis yazıçısı Ceyms Oldric özünün “Diplomat” romanında dolğun əks etdirmişdir.
    Müharibənin ən qanlı-qadalı günlərində alman faşistləri Qafqaza çatmış və Bakıya can atırdılar. Neft Bakısına yol Dağıstandan keçirdi. Alman komandanlığı Mahaçqalanı Xəzər dənizində baş hərbi dəniz bazasına çevirmək istəyirdi. Dağıstan sərt cəbhəyanı şəraitdə yaşayırdı. Belə bir şəraitdə Əziz Əliyevi İrandan sonra daha çətin və daha ağır bir iş gözləyirdi. Belə ki, Müdafiə Şurasının xüsusi qərarı əsasında sovet ittifaqı rəhbərləri Dağıstan hökumətini gücləndirmək məqsədilə Əziz Əliyevi İran cəbhəsindən Dağıstan cəbhəsinə göndərir. Məhz bu qərar əsasında o, 1942-ci il sentyabr ayının 18-də Dağıstan Vilayət Partiya Komitəsinə birinci katib seçilir və Mahaçqala Müdafiə Komitəsinə sədr təyin edilir.
    Əziz Əliyev 1946-cı ildə Dağıstan MSSR-dən SSRİ Ali Sovetinin deputatı seçilmiş, 1948-ci ilin sonlarınadək Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışaraq özünü müdrik dövlət xadimi kimi göstərmişdir. 
    1949-1950-ci illərdə Əziz Əliyev Moskvada Sov.İKP Mərkəzi Komitəsində işləyirdi. O, 1950-ci ildə Bakıya dəvət olunur və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilir. Ancaq az keçmir ki, 1951-ci il iyun ayının 12-də Azərbaycan KP MK bürosunun Qərarı ilə Əziz Əliyevə şiddətli töhmət verilir, Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilir. Azərbaycan KP MK-nın birinci katibi M.Bağırov ona öz rəqibi kimi baxır, gözümçıxdıya salırdı. Hər dövrdə olduğu kimi, bu dəfə də Əziz Əliyevi haqsızlıqlar ruhdan salmır. 1953-cü ilin mart ayında Stalinin ölümündən sonra Azərbaycanın rəhbərliyi də dəyişildi. 1959-cu ildən Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində işləməyə başlayan Əziz Əliyev ömrünün axırına qədər öz fəaliyyətini bu elm ocağı ilə bağlayır. Bu gün institut Əziz Əliyevin adını şərəflə daşıyır. Əziz Əliyev 1962-ci il iyul ayının 27-də dünyasını dəyişir. Əziz Əliyevin mənalı həyatı və fəaliyyəti bu gün də xalqına xidmət edir. Onun dövlət quruculuğu, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, elmin təşkili, səhiyyənin inkişafı və başqa sahələrdəki çoxcəhətli fəaliyyəti, göstərdiyi xidmətlər tariximizi zənginləşdirən, gələcək nəsillərə örnək ola bilən, mayası xalqa sədaqət, cəmiyyətə xidmət, insanlara diqqət və qayğı ruhunda yoğrulmuş qiymətli bir həyat salnaməsidir. 
    Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra ölkə rəhbərliyi görkəmli elm və dövlət xadimi Əziz Əliyevin nəsillərə nümunə olan ömür yolunu yüksək qiymətləndirmiş, Ulu Öndər bu müdrik insanın anadan olmasının 100 illiyinin qeyd olunması haqqında 6 sentyabr 1996-cı il tarixdə Sərəncam imzalamış, 1997-ci il 27 aprel tarixdə Mahaçqala şəhərində Azərbaycan nümayəndə heyətinin də iştirakı ilə dövlət səviyyəsində Ə.Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Yubiley gecəsinin açılışında Ümummilli Lider  səmimi və yaddaqalan nitq söyləmişdir. 
    Görkəmli elm və dövlət xadimi Əziz Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Belə ki, dövlət başçısının müvafiq sərəncamları ilə Əziz Əliyevin anadan olmasının 110  və 120 illik yubiley tədbirləri keçirilmiş, bu böyük elm xadiminin nəsillərə nümunə olan elmi irsi, dövlətçilik fəaliy­yəti dərindən öyrənilmiş və təbliğ olunmuşdur.
    Son dərəcə çətin, eyni zamanda  şərəfli bir ömür yaşayan, keşməkeşli yollardan keçib zirvələrə yüksələn  Əziz Əliyev Azərbaycan dövlətçiliyində, Azərbaycan səhiyyəsində, tibb aləmində  əbədiyaşarlıq qazanmış şəxsiyyətdir. Onun parlaq ömür yolu gənclərimizə örnək, gələcəyimizə mayakdır.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

Nəşr edilib : 07.01.2024 22:09