AZ EN RU

“Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçilib

    Dekabrın 12-də Heydər Əliyev Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçilib.
    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilən interaktiv dərsdə Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycançılıq ideyası və xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətlər haqqında məlumat verilib. Bildirilib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaradılması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanılması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətləridir. 
    Bildirilib ki, zəngin dövlətçilik təcrübəsinə malik olan ümummilli lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Ulu öndərin müəllifi olduğu, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edildi. 
    Qeyd olunub ki, ümummilli liderin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Dahi rəhbər xarici ölkə­lərə səfərləri zamanı azərbaycanlılarla görüşlər keçirir, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləyirdi. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda Vətənlə – doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırırdı. 1997-ci ildə ümummilli lider Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.
    Sonra şagirdlərin diqqətinə çatdırılıb ki, milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları uzun illərboyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.
    Qeyd edək ki, dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.12.2022 19:35