AZ EN RU

Ürəklərdə əbədi yaşamaq hüququ...

    Bu il xalqımız müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Bu dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşına müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış böyük düha kimi həkk olunub.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətdir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. 
    Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə layiqli töhfələrdən biri də  Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı tanınmış jurnalist Muxtar Məmmədoğlunun Ümummilli Liderin xatirəsinə həsr etdiyi “O yaşayır, yaşayacaq ürəklərdə” kitabıdır. Kitab müəllifin “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam”, “Azadlığı istəmədik zərrə-zərrə” və “İllər, sizdə nəyim qaldı...” kitablarından sonra oxucularla beşinci görüşüdür.
    Bu yaxınlarda çapdan çıxan “O yaşayır, yaşayacaq ürəklərdə” kitabı, demək olar ki, jurnalistin yaradıcılığının kuliminasiya nöqtəsidir. Kitabın redaktoru “Şərq qapısı” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultan, ön sözün müəllifi isə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlidir. 
    Elman Cəfərli ön sözdə çox doğru olaraq yazır: “Kitab öz peşəsinə sədaqəti və məsuliyyəti ilə insanda müsbət enerji yaradan yalnız peşəkar qələm sahibinin məqalələrindən, aldığı müsahibələrdən, təşkil və moderatorluq etdiyi dəyirmi masalarda səslənən fikirlərdən ibarət bir əsər deyil, eyni zamanda həm Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasətdə və hakimiyyətdə olduğu XX əsrin ikinci yarısının, XXI əsrin ilk illərinin – yarıməsrlik tarixi dövrün, həm də Ulu Öndərdən sonra ölkəmizdə davam etdirilən dövlətçilik siyasətinin özünəməxsus bir salnaməsidir. Əlbəttə, təbii olaraq daha çox Azərbaycanın ayrılmaz dilbər guşəsi Naxçıvanla, o cümlədən müəllifin məsul katibi işlədiyi “Şərq qapısı” qəzeti ilə bağlı olan bu salnamə tarixi xronologiyadan çox, hadisələrin mahiyyəti üzrə obyektiv və əsaslandırılmış intellektual şərhi ilə diqqəti cəlb edir. Bu baxımdan öz ziyalılığını da əsərində yüksək səviyyədə əks etdirməyə nail olan Muxtar Məmmədoğlu dövlətə, xalqa, Vətənə sevginin, sədaqətin Heydər Əliyev nümunəsindən ən yüksək səviyyədə qidalandığını nümayiş etdirir”.
    Kitab ön söz, giriş və dörd bölmədən ibarətdir. Kitabın “Esselər” bölməsində müəllif özünün dahi lider haqqında, Onun siyasi irsinin təbliği, dövlətçilik konsepsiyasının davam etdirilməsi haqqında müxtəlif dövrlərdə qələmə aldığı yazılarını, düşüncələrini təqdim edir. Muxtar müəllim haqlı olaraq görkəmli dövlət xadiminin siyasi irsini “Hər birimiz üçün oxunmalı və öyrənilməli olan bir elm” adlandırır. Çünki Azərbaycan cəmi 32 illik müstəqilliyə malik olmasına baxmayaraq, sürətlə inkişaf edərək iqtisadiyyatı və hərbi qüdrəti ilə dünyanın güclü dövlətləri sırasına yüksəldi. Ulu Öndərimizin qurduğu Azərbaycan dövləti son 20 ildə Prezident cənab İlham Əliyev tərəfindən dinamik inkişaf yoluna çıxarıldı, ölkə­mizin mövqeləri dünyada daha da möhkəmləndirildi. İndi ölkəmiz beynəlxalq arenada söz sahibidir, Qafqaz regionunda heç bir iri layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Bəşərin fövqünə ucalmış fenomen dövlət xadimi kimi xalqın yaddaşında və Azərbaycan tarixində əbədi olaraq yaşayacaq Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə daxil olan, Onun xalqımıza miras qoyduğu hər bir ideya və əməl ayrı-ayrılıqda müstəqil Azərbaycan dövləti adlı nəhəng mirasın zərrələri, hissələridir. “Böyüklük, dahiliklə yoğrulmuş xarakter, şəxsiyyət həmişə böyük işlər görməklə formalaşıb. Bu böyüklük, dahilik hər şeydən əvvəl uca olan Azərbaycançılıq missiyasından yaranmışdı. Vətən adlı bir sevgidir Azərbaycançılıq – müəllifi isə dahi Heydər Əliyev. Bu dahi şəxsiyyət, bütövlükdə, Azərbaycançılıqdır”, – deyən Muxtar Məmmədoğlu Ulu Öndər Heydər Əliyev obrazını bir də milli ideologiya müstəvisində təqdim edir. Ulu Öndərlə bağlı bir çox məqamların, o cümlədən dahi liderin ömür-gün yoldaşı Zərifə xanım, adını daşıyan təhsil (Heydər Əliyev adına Hərbi Lisey, Heydər Əliyev adına tam orta məktəb) və mədəniyyət (Heydər Əliyev Muzeyi, Nehrəm kəndindəki Heydər Əliyev Parkı) müəssisələri, əbədiyyətə qovuşduğu gün və sair haqqında esselər kitabın mənəvi dəyərini daha da artırmış, müəllifin Ümummilli Liderə olan səmimi sevgisini bütövlüyü ilə ortaya çıxarmışdır. 
    Kitabın “Dəyirmi masa, müsahibələr və söhbətlər” bölməsində – “Müstəqil Azərbaycanın siyasi zəfərlər epopeyası”, “Heydər Əliyev mübarizliyi xalqımızı düşdüyü bəlalardan qurtardı”, “Bugünkü nəsil bilməlidir ki, yaşadığımız firavan həyatı bizə Ümummilli Liderimiz bəxş edib”, “Heydər Əliyev siyasətinin işığı Naxçıvanı nurlu sabahlara çıxarıb”, “Şərq qapısı” qəzeti də görkəmli dövlət xadiminin ideyalarından bəhrələnir” adı altında yer alan  məqalələrdə müəllif tanınmış ictimaiyyət nümayəndələri ilə dahi rəhbərin çoxcəhətli fəaliyyətinə işıq salır. Müəllif “Müstəqil Azərbaycanın siyasi zəfərlər epopeyası” başlıqlı məqaləsində yazır: “Heydər Əliyev İli” çərçivəsində muxtar respublikamızda keçirilən bir-birindən rəngarəng tədbirlər xalqımızın dahi oğluna və Ən Böyük Azərbaycanlıya dərin minnətdarlığın, ehtiram və məhəbbətin bariz ifadəsi kimi tariximizin yeni səhifəsini yazır. Biz də “Şərq qapısı” qəzeti olaraq həmişə mətbuata böyük dəyər vermiş və qayğı göstərmiş Ulu Öndərin mənalı həyat yolu və ictimai-siyasi fəaliyyətinin müxtəlif sahələri haqqında yazılar hazırlayaraq oxucularımıza təqdim edirik”.
    Muxtar Məmmədoğlu “Bu ünvanlar xalqımızın böyük oğlunun adını yaşadır” adı altında 3-cü bölmədə “Heydər Əliyev Muzeyində düşüncələr”, “Dahi insanın adını daşıyan lisey”, “Bu məktəbdə qazanılan uğurlar Ümummilli Liderimizə olan ehtiramın ifadəsidir”,  “Nehrəm kəndinin Heydər Parkı” adlı yazılarında dahi öndərin şərəflə adını daşıdığı təhsil ocaqlarının uğurlu nəticələrindən söhbət açır. Qədim Naxçıvan şəhərinin mərkəzində öz əzəməti ilə seçilən muzeyin Ulu Öndərin ictimai-siyasi fəaliyyətini öyrənmək üçün burada təşkil edilmiş guşələrinin hər biri tarixi salnamə təsiri bağışladığını qeyd edir. 
    Kitabın “Bu da bir ömürdü...” bölməsində müəllif “Başını uca tut, Azərbaycan!”, “Böyük ana haqqında düşüncələr” adlı yazılarında Ulu Öndər Heydər Əliyev və akademik, Azərbaycan səhiyyə tarixinə qızıl həriflərlə adı yazılan Zərifə xanım Əliyeva haqqında hər bir Azərbaycan vətəndaşının ürəyindən keçən xoş sözləri dilə gətirir və bu şəxsiyyətlərə əbədi minnətdar olunacağını ifadə edir. 
    Yəqin ki, oxucular Elman Cəfərlinin bu fikri ilə də qeydsiz-şərtsiz razılaşarlar ki, Muxtar Məmmədoğlunun sayca beşinci kitabı olan “O yaşayır, yaşayacaq ürəklərdə” müəllifin əvvəlki kitabları kimi, oxunaqlı və cəlbedicidir. Lakin bu kitab məhz Ümummilli Liderə həsr olunduğu, “Heydər Əliyev İli”ndə, Böyük Liderin 100 illik yubileyinin keçirildiyi 2023-cü ildə oxuculara təqdim edildiyi üçün daha dəyərlidir. 
    Müəllifin əsərdə görünən axtarıcılığı, zəhmətsevərliyi, əzmkarlıq və iradi keyfiyyəti bundan sonra da yeni-yeni yaradıcılıq uğurları qazanacağına hər bir oxucusunda ümid yaradır.

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə
 əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 13.07.2023 19:23