AZ EN RU

Universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb

    “Naxçıvan” Universiteti ilə İqdır Universiteti arasında Erasmus+ proqramı və akademik əməkdaşlığı əhatə edən ikili diplom proqramı layihəsi çərçivəsində müqavilə imzalanıb.
    “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə bu münasibətlə İqdır Universitetində olub.
    İmzalama mərasimindən əvvəl İqdır Universitetinin rektoru, professor Məhmət Hakkı Alma qonaqları salamlayaraq universiteti gəzdirib və onlara ali təhsil ocağının strukturu və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, “iki dövlət, bir millət” ideyası çərçivəsində qardaş Azərbaycanla əlaqələr günü-gündən dərinləşir. İqdır Universiteti də ali təhsil sahəsində əlaqələri inkişaf etdirmək üçün böyük səy göstərir. Bu kontekstdə “Naxçıvan” Universiteti ilə imzalanacaq əməkdaşlıq müqaviləsi çox önəmlidir. Rektor əminliyini bildirib ki, “Naxçıvan” Universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində mühüm layihələr həyata keçiriləcək.
    Sonra ikili diplom proqramı layihəsi çərçivəsində tərəflər arasında müqavilə imzalanıb.
    “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva sözügedən müqavilənin əhatə dairəsini və əhəmiyyətini qeyd edib. Rektor imzalanmış əməkdaşlıq müqaviləsi sayəsində gələcəkdə İqdır Universiteti ilə tələbə, akademik kadr mübadiləsi, elmi araşdırmalar kimi bir çox sahədə birgə layihələrin həyata keçiriləcəyini bildirib, göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.
    İmzalama mərasimi hədiyyələrin təqdim olunmasından və xoşməramlı diləklərdən sonra başa çatıb.
    Mərasimdən sonra duz mağaralarını və Duz Müalicə Mərkəzini ziyarət etmək üçün Tuzlucaya gəzinti təşkil edilib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 09.09.2022 21:05