AZ EN RU

Universitet əməkdaşı ECAR layihəsi çərçivəsində Polşada səfərdə olub

    Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 30 yanvar-3 fevral tarixlərdə Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri olub. Səfər çərçivəsində “Naxçıvan” Universitetini ali təhsil ocağının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil edib.
    Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.
    Təlimlərin ilk iki günü Kozminski Universitetində universitetin ümumi və dayanıqlı inkişaf, rəqəmsal tranformasiya strategiyaları, eyni zamanda əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib. Növbəti günlərdə Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse-prezidenti cənab Michal Zasada tərəfindən strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzularda, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb. Bildirilib ki, təlim proqramında iştirak edən Varşava Universitetinin əməkdaşı Şəhla Kazımova tərəfindən universitetdə Azərbaycan dilinin tədrisi, Azərbaycan mədəniyyətinin təbliği, elmi konfranslar və digər tədbirlər haqqında ətraflı təqdimat həyata keçirilib.
    Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü olub. Görüşdə Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumat verən səfir universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.
    Proqramın yekununda isə Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji İnkişaf Komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihədə həyata keçirilən fəaliyyətlərin icrası və qarşıda duran mühüm tapşırıqlar, həmçinin komitənin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb. 

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 07.02.2023 20:18