AZ EN RU

UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahıdakı abidələrin turizmin inkişafına təsiri

    Turizmin əsas hərəkətverici qüvvələrindən biri olan xalqların mədəni müxtəlifliyi və tarixi mirasa sahiblik müasir dövrdə ölkələrin malik olduğu tarixi-mədəni və təbii sərvətlərin daha yaxşı qorunaraq onların əsasında turizm gəlirlərinin artırılması ilə bərabər ölkənin tanıdılmasında da mühüm əhəmiyyətli məsələlərdəndir. Belə ki, hazırkı dövrdə dünya dövlətləri humanitar inkişafda turizmin oynadığı rolu yüksək qiymətləndirərək məhz turist mübadiləsi yolu ilə bir sıra çətin sosial-iqtisadi məsələləri həll etmək və eləcə də ölkələr arasındakı gərgin siyasi münasibətləri dialoq yolu ilə qaydaya salmaq üçün əldə olunmuş müsbət təcrübədən faydalanmaq istəyirlər. Bu mənada, UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısındakı miras nümunələrinə verilən dəyərə əsaslanmaqla tarixi-mədəni obyektlərin qorunması, bərpası və turizmə qazandırılması öz əhəmiyyətini qorumaqdadır.

    5 iyun 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi-memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə buradakı abidələrin UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün işlərin aparılması prioritet vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Burada əsas məqsəd sahib olduğumuz təbii və tarixi-mədəni sərvətlərimizin gələcək nəsillərin də istifadəsinə qazandırmaqla onların bu gün daha səmərəli turizm dövriyyəsinə cəlb olunması, iqtisadi aktivliyin artırılması və ölkəmizin daha yaxşı tanıdılmasıdır. 
    Bəs UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısı necə formalaşır? Ölkəmizə, o cümlədən Qarabağ ərazisində işğalçı erməni vandalları tərəfindən məhv edilmiş tarixi-mədəni abidələrimizə qarşı ikili standartları ilə  son illərdə də “seçilən” UNESCO, əslində, BMT nəzdində fəaliyyət göstərməklə dünya üzrə təhsil, elm, mədəniyyət və ümumilikdə, sosial-humanitar məsələlər üzrə öz missiyasını həyata keçirməyə çalışır. Bu mənada, hələ XX əsrin ortalarında, dəqiq desək, 1959-cu ildə keçmiş SSRİ-nin də öz kasıb əhalisinin boğazından kəsərək Misirdə nəhəng Asuan bəndinin tikintisinə kömək etdiyi zaman antik Nubiya krallığına aid olmuş qiymətli tarixi-mədəni abidələrin yox olması təhlükəsinə qarşı Misir və Sudan dövlətlərinin UNESCO-ya kömək   üçün müraciət etməsi ilə dünya mirasının qlobal səviyyədə qorunması üçün ilk addımlar atılmağa başlamışdır. Öz növbəsində, bu təşkilatın da kömək üçün beynəlxalq ictimaiyyətə müraciət etməsi ilə bu regionda, daha sonra isə bütün dünyada yox olmaq təhlükəsi keçirən və bütün bəşəriyyət üçün əhəmiyyətli miras dəyəri daşıyan maddi və mədəni obyektlərin qorunması məsələsi qabardılmış və nəhayət, 1978-ci ildə Ümumdünya İrs Siyahısı yaradılaraq planetdə mövcud olan qiymətli irs nümunələrinin mühafizəsinə başlanılmışdır. 
    Hazırda UNESCO-nun miras siyahısı dövri olaraq yenilənməklə hər il bir sıra tarixi-mədəni obyektlərin buraya əlavə olunması və eləcə də mövcud olanların müəyyən səbəblərdən bu siyahıdan çıxarılması ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Belə ki, 2023-cü ilin oktyabrına olan son məlumatlara əsasən dünyanın 168 ölkəsindən 1199 miras nümunəsi əsas siyahıda yer almaqdadır. Ölkələr timsalında baxdıqda burada bəzi dövlətlərə məxsus olan miras nümunələrinin hansı sayda olması, yaxud onların hansı dövrlərdə və ya hansı kriteriyalara görə bu siyahıya daxil edilməsi sual doğurur. Eyni sualı Şərq-Qərb mədəniyyətlərinin qovşağında yerləşən Azərbaycana qarşı UNESCO və onun kimi beynəlxalq təşkilatların göstərdiyi münasibətlər də doğurur. Belə ki, hazırda ölkəmizə aid 4 tarixi-mədəni və bir təbiət abidəsi daimi miras siyahısında olduğu halda 2019-cu ilədək bu yalnız   İçərişəhər və Şirvanşahlar sarayı (2000-ci il) ilə  Qobustan qaya təsvirləri (2007-ci il) timsalında, sadəcə, iki obyektlə məhdudlaşırdı. Sonrakı illərdə, 2019-cu ildə Şəki Xan sarayının, 2023-cü ildə isə Xınalıq kəndi və Köç yolu, habelə Hirkan meşələrinin təbiət abidəsi kimi bu siyahıya salınması  bu istiqamətdə dövlətimiz tərəfindən atılan qəti addımların nəticəsində mümkün olmuşdur. Halbuki Qərbi Azərbaycana yiyələnmiş haylar buradakı tarixi Alban kilsələrini öz adına çıxmaqla qalmayıb, onları uydurma erməni mədəniyyəti nümunələri adı altında hələ 1996-cı ildə bu siyahıya salmağa nail olmuşdular. Bu azmış kimi ermənilərin Güneydə, ta Arazın o biri sahilində bir kilsəni bu siyahıya salması, əslində, dünyanın hansı gözlə bu məsələyə baxdığını bir daha sübut edir. Bu və beynəlxalq miqyasdakı digər belə haqsızlıqlar UNESCO-nun dünya mirası siyahısına düşməyin də nə qədər çətin problem olduğunu göstərir. 
    Bəs dünya mirası siyahısına düşmək ölkələrə, onların iqtisadiyyatına, beynəlxalq nüfuzuna və eləcə də turizmin inkişafına necə təsir edir? İlk olaraq onu qeyd edək ki, bu siyahıya düşmək üçün abidə ümumbəşəri əhəmiyyət kəsb etməklə təkcə sahib olduğu ölkədə deyil, onun hüdudlarından da kənarda dəyər ifadə etməli, analoqları ilə müqayisədə seçilən üstünlüklərə malik olmalıdır. İnsanın yaradıcılıq dühasının nəticəsi olan əsərlər, dini-inanc və adət-ənənə nümunələri, yox olmuş sivilizasiyaların izlərini daşıyan məkanlar, unikal landşaft nümunələri, şəhərsalma, yaxud arxitektura kompleksləri, bənzərsiz gözəlliyə malik təbiət guşələri, nadir biomüxtəliflik nümunələrinin sıx məskunlaşdığı ərazilər, qədim yaşayış məskənləri, ekoloji, bioloji və geoloji təkamül proseslərinin baş verdiyi ərazilər UNESCO tərəfindən müəyyən olunmuş kriteriyalara cavab verdiyi halda bu siyahıda yer almaqla öz ölkəsinin görməli yeri kimi turizm marağını da cəlb edir. Ümumilikdə isə turizm marağından başqa UNESCO-nun dünya mirası siyahısına daxil olunmuş abidələrin sahibi olan dövlətlərin bu sahədə məsuliyyətlərinin artırılması, ölkələrin imicinin yüksəlməsi və eləcə də onların mühafizəsinin təşkili üçün maliyyə dəstəyinin artırılması da bu sahədə əsas hədəflərdəndir. 
    Dünya mirası siyahısının məzmunu, oraya düşmək üçün keçilən prosedurların kifayət qədər sərt olması siyahıda yer tuta biləcək abidələr qarşısında ciddi tələblər qoyur. Yuxarıda da qeyd olunan UNESCO-nun tələbləri ilə yanaşı, həmin abidələrin unikallığı və daşıdığı ümumbəşəri dəyərlərlə yanaşı, onların qorunma vəziyyəti və dünyada tanınma səviyyəsi də mühüm şərtlərdən biridir. Başqa sözlə, miras dəyəri daşıya biləcək abidəyə sahib olmaqla yanaşı, ölkələr onların, sözün əsl mənasında, dünya mirasına necə qazandıra bildikləri barədə də özləri özlərinə hesabat verməlidirlər. 
    Azərbaycan özünün sahib olduğu həm təbii, həm tarixi-mədəni sərvətlərlə bu siyahıda cəmi 5 deyil, ən azı 20-25 belə abidə  ilə təmsil oluna bilər. Şübhəsiz, müstəqilliyimizin ilk illərində ölkəmizin məruz qaldığı işğal və ikili standartlar bu sahəyə də öz mənfi təsirini göstərmişdir. Lakin bununla yanaşı, ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməsi nəticəsində artıq təbii və tarixi-mədəni sərvətlərimizin də dünya mirasına qazandırılması yolunda ciddi nailiyyətlər əldə olunmuşdur. Ölkəmizin ayrılmaz tərkib hissəsi, qədim mədəniyyət mərkəzi olan Naxçıvanda da xeyli sayda belə təbii və tarixi-mədəni yerlər, məkanlar və abidələr vardır. Bunların tanınması, tanıdılması, qorunması və ən azından UNESCO-nun müvəqqəti siyahısına daxil edilməsi üçün ciddi işlər görülməlidir. Naxçıvandakı türbələrin və Ordubad şəhərinin qədim hissəsinin artıq müvəqqəti siyahıda olduğunu nəzərə alsaq, bunun real olmayacağını düşünənlərə də tutarlı cavab vermək mümkündür. Lakin bunun yetərli olmadığını, Naxçıvanda daha çox abidənin UNESCO-nun müvəqqəti siyahısına və ən azı bir abidənin UNESCO-nun daimi siyahısına daxil edilməsinin vacibliyini xüsusilə qeyd etmək lazımdır. Şübhəsiz, Naxçıvana səfər edən əcnəbi turistlərin Azərbaycanın Maçu-Piçusu adlandırdıqları Əlincə qalada, yaxud Qarabağlar, Gülüstan və Yusif ibn Küseyir turbələrində aparlımış “avrotəmir” yerinə əgər elmi əsaslarla bərpa işləri aparılsaydı, bu rəqəm 1-2 deyil, daha çox olardı. Nəyə görə Naxçıvanqalaya ekskursiyaya gəlmiş turistlərə təqdim etmək üçün bir parça qədim divar qalığı qalmasın?! Yaxud görəsən, belə qədim divar qalıqları bizim dırnaqarası memarların fikrincə, artıq lazım deyilsə, onda Əlincənin Şahtaxtıdakı toxunulmamış həmin orijinal qala divarlarına niyə əl gəzdirilmədi? Yoxsa həmin dövrdə Naxçıvan memarlarının “başbiləni” olmuş Asəf müəllim oraya dırmana bilmədiyi üçün onlar yaddan çıxdı? Naxçıvan türbələri arasında UNESCO-nun daimi siyahısına daxil edilə biləcək ən real namizəd olan XII əsr Şərq memarlığının incisi sayılan Möminə xatın türbəsi də özünün möhtəşəm duruşu və zərif naxışları ilə belə yamaqçılara meydan oxusa da, onun ətrafına da bu  cür “quruculuqdan” pay düşüb. Belə ki, türbənin dörd yanına döşənmiş kələ-kötür dağ daşlarının, yaxud onun şəhər tərəfdən önünü tamamilə kəsən və il ərzində heç 15 nəfərin də istifadə etmədiyi istifadəsiz piyada üst keçidinin nəyə lazım olması sabah təkcə UNESCO ekspertlərinin deyil, eləcə də sadə turistlərin də verə biləcəyi ən sərt suallardandır. Axı tarixi abidə köhnə hospital binası deyil ki, yamaq vurub tədris obyekti kimi təhvil verəsən. Bəlkə,  memarlarımızın fikrincə, bu üst keçid UNESCO-nun siyahısına salınmalıdır? Misalları daha çox çəkmək olar. Ancaq şübhəsiz, bu yollarla Azərbaycan dövlətinin havaya sovrulmuş milyonlarla manat vəsaiti həmin bu abidələrimizin daha yaxşı qorunması, daha çox reklam və tanıtım işlərinin aparılması üçün xərclənə bilərdi. 
    UNESCO-nun dünya mirası siyahısında təmsil olunmaq çətin olmaqla bərabər həm də fəxrli və turizmin inkişafı üçün əhəmiyyətli məsələdir. Bu baxımdan ölkələr beynəlxalq tələblərə əməl etməklə, eyni zamanda dünya miqyasında müsbət imic qazanmaq, daha çox seçilən destinasyia kimi tanınmaq istəyirlər. UNESCO kimi beynəlxalq təşkilatın tələbləri isə bu mənada, çox sadə və hər kəs üçün açıqdır. Ümumbəşəri dəyəri olan və uzun illər boyunca qorunaraq dünya mirasına çevrilmə imkanı olan istənilən təbiət abidəsi və maddi-mədəniyyət nümunəsi mümkün olduqca zədələnməməli, orijinal görkəmi saxlanılmaqla ona və ətrafına heç bir əlavələr edilməməlidir. Bu isə, əslində, bizim üçün çox da çətin hesab edilməməli bir vəzifə olmalıydı. 

- Əli CABBAROV
 

Nəşr edilib : 04.11.2023 09:45