AZ EN RU

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri olub

    İyunun 14-də muxtar respublikanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə çıxış edənlər təhsilə göstərilən dövlət qayğısından danışaraq bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikamızda təhsil infrastrukturu yaxşılaşdırılıb, təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılıb. 
    Qeyd olunub ki, ümumtəhsil məktəblərində tətbiq edilən müasir təlim metodları, o cümlədən  STEAM təhsil metodu şagirdlərin gələcəyin xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yenilikçi və təşəbbüskar, şəxsiyyət kimi formalaşmasına şərait yaradıbdır. 
    Diqqətə çatdırılıb ki, cari tədris ilində ümumi orta təhsil bazasından  4187 şagird, tam orta təhsil bazasından isə 2990 məzun məktəbi bitirir. Bu tədris ilində ümumtəhsil məktəblərini bitirən 2990 məzundan 2848-i, yəni məzunların 95,3 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün sənəd verib. 
    Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada təkcə ümumtəhsil məktəblərində yox, eyni zamanda peşə, orta ixtisas, ali təhsil müəssisələrində də gənclərin hərtərəfli biliklərə yiyələnməsi üçün müasir tədris şəraiti yaradılıb. 
    Çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
    Məktəblərin məzunları müəllimlərə minnətdarlıq edərək hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər.
    “Son zəng” tədbirlərində şagirdlərin hazırladığı bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.06.2022 21:09