AZ EN RU

“Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib

    Muxtar respublikanın ümumtəhsil məktəblərində elan olunan “Mütaliə aylığı” çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması üçün bir sıra tədbirlər keçirilib. Bu tədbirlərin davamı olaraq aprelin 14-də də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans olub. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində məktəb kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş, bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün 2140 ədəd elektron tədris vəsaiti ilə təmin edilib. 

    Bildirilib ki, təkcə 2020-2021-ci tədris ilində muxtar respublika məzunlarından 13-ü ali məktəblərin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasına qəbul olub. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 216 kitabxanada 84 kitabxana müdiri, 136 kitabxanaçı çalışır ki, onlardan da 49-u işə qəbul müsabiqələrində yüksək nəticə göstərərək işlə təmin edilib. 
    Qeyd olunub ki, bu gün keçirilən konfransın əsas məqsədi ümumtəhsil məktəblərinin kitabxanalarında şagirdlər arasında mütaliə vərdişlərinin aşılanması, təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, kitabxanalarda yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkilindən ibarətdir. 
    Tədbirdə Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov, Sədərək Rayon Təhsil Şöbəsinin metodik kabinet müdiri Firuz Ağayev, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin kitabxana müdiri Nəcibə Hüseynova, Culfa şəhər 2 nömrəli tam orta məktəbin  kitabxana müdiri Elza Hüseynli  mövzu ilə bağlı çıxış ediblər. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.04.2022 19:37