AZ EN RU

Ümummilli Liderin yüzillik yubileyinə həsr olunmuş ustad dərsi keçilib

    Naxçıvan Musiqi Kollecində Ümummilli Liderin 100 illik yubileyi münasibətilə kollecin Aktyor sənəti və bədii yaradıcılıq, Xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələr üçün “Dahi şəxsiyyət Heydər Əliyev və Naxçıvan teatr mədəniyyəti” adlı ustad dərsi keçilib. Sonra Ulu Öndərin Naxçıvan teatr mədəniyyətinə yüksək qayğısından bəhs edən videoçarx nümayış olunub. Tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına verdiyi tarixi töhfələrindən danışıb. Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin hər bir sahəsində olduğu kimi, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı və inkişaf yoluna qədəm qoydu. Bu gün diyarımızda mövcud olan incəsənətin, o cümlədən milli-mənəvi dəyərlərin elə bir sahəsi yoxdur ki, Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında bu dahi şəxsiyyətin dəyərli ideyalarına söykənir. 
    Məhəbbət Babayeva tədbir iştirakçılarına Naxçıvan teatrının tarixi barədə məlumat verərək bildirib ki, Naxçıvanda teatr sənəti, hələ qədim dövrlərdən meydan teatrı və şəbeh tamaşaları formalarında mövcud olmuşdur. 1886-cı il avqustun 12-də mütərəqqi ziyalılardan Hacı Nəcəf Zeynalovun Zaviyə məhəlləsindəki evində M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının oynanılması ilə Naxçıvan teatrının təməli qoyulmuşdur. Müxtəlif illərdə teatrın səhnəsində dram əsərləri ilə yanaşı, musiqili teatr əsərləri, opera və musiqili komediyaları uğurla səhnələşdirilmişdir. Bu gün öz dövrünün böyük maarif fədailərinin səyləri nəticəsində bünövrəsi atılan Naxçıvan teatrı böyük sənət ənənələri yaradaraq bir neçə incəsənət ocağının da fəaliyyətinə təkan verib. 
    Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev ustad dərsi zamanı Ulu Öndərin ölkəmizin incəsənətimizə göstərdiyi xidmətlərdən danışıb. Qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyindən sonra bir çox sahələr inkişaf yoluna qədəm qoydu, mədəniyyətimiz, tariximiz, milli-mənəvi dəyərlərimiz, musiqimiz sovet əsarətinin cəngindən çıxaraq, sözün əsl mənasında, azadlığa qovuşdu. Dahi rəhbərin atdığı böyük addımlar nəticəsində xalqımız öz milli kimliyinə sahib çıxa bildi, böyük təzyiqlərə, çətinliklərə baxmayaraq, tarixi ədalət bərpa olundu. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər həm də Azərbaycan teatrının inkişafı və tərəqqisi üçün böyük səylə çalışdı, ölkəmizdə, eləcə də muxtar diyarımızda nümunəvi, mütərəqqi ideyalara malik incəsənət mühiti formalaşdı.
    Səməd Canbaxşiyev Naxçıvan teatrının 150 illik incəsənət fəaliyyətinə toxunub, bu ədəbi sənət ocağının tarixi inkişaf yolu haqqında məlumat verib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş etməsindən danışıb. 
    Ustad dərsi zamanı kollecin müəllimləri, sənətşünas alimlər Naxçıvan teatrının tarixi, milli-mənəvi dəyərlərimizin aşılanması, həmçinin Ümummilli Liderimiz tərəfindən Naxçıvan teatrı olmaqla ölkəmizin teatr mədəniyyətinə göstərilən diqqət və qayğıdan danışıblar. 

 Məcid RƏŞADƏTOĞLU
 

Nəşr edilib : 03.03.2023 19:53