AZ EN RU

Ümummilli Liderin yubileyinə həsr olunan dəyərli monoqrafiya

    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müəllifi olduğu, yenicə işıq üzü görən “Heydər Əliyev siyasəti: tarix və müasirlik” adlı monoqrafiya Azərbaycan tarixində, ölkəmizin hərtərəfli inkişafında, dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətləri olan dahi şəxsiyyətin 100 illik yubileyinə ithaf olunub. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə geniş oxucu kütləsinə xitab edən nəşrdə 30 ildən artıq bir dövrdə əbədiyaşar ideyaları və müdrik siyasəti ilə Azərbaycanın uğurlarının memarı olan dahi şəxsiyyətin böyüklüyündən, fenomen keyfiyyətlərindən söhbət açılır. 

    Ulu Öndərin dövlətçilik təlimi və onun tərkib hissələrinin önə çəkildiyi kitabı mütaliə etdikdə dəyərli nəşrin ilk səhifəsində yer alan, dahi şəxsiyyətin hər bir azərbaycanlıya əsl həyat örnəyi, amalı aşılayan fikirlərinin dərindən dərkinə varılır: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
    Giriş hissəsində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə Prezidentinin Sərəncamının yerləşdirildiyi monoqrafiya ön söz və VI fəsildən ibarətdir. “Heydər Əliyev şəxsiyyəti və siyasəti” adlanan birinci fəsildə müəllif xalqımızın tarixində həmişəlik qalan, onu dünyada tanıdan görkəmli dövlət xadimini “öyrənilməmiş dünyaya” bənzədir, Azərbaycan dövlətinin memarı, dünya miqyaslı siyasətçi kimi mütərəqqi siyasi fəaliyyətindəki Türk dünyası məsələlərindən danışır, türk xalqının iki dahi şəxsiyyəti – Mustafa Kamal Atatürk və Heydər Əliyevin tarixi missiyalarındakı oxşarlıqları geniş təhlil süzgəcindən keçirərək faktlara söykənən nümunələrlə, sadə dillə izahlı şəkildə oxucularda dolğun, aydın fikir formalaşdırır. Bu fəsildə dahi azərbaycanlı haqqında Y.Hovari, R.Reyqan, B.Kilinton kimi dünya siyasətinin bir sıra nüfuzlu şəxslərinin söylədiyi hikmətli sözlər, aforizmlər yer alır. “Son yüzillikdə Heydər Əliyev gücündə ağıllı dövlət başçısı Azərbaycanda olmamışdır”, “Heydər Əliyev... iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında, kompüter insandır...”, “O nəinki Azərbaycanı və Amerikanı, bütün dünyanı idarə edə bilən dövlət xadimidir” kimi ifadələr Ulu Öndərin dünya siyasi mərtəbəsindəki ali yerini, məqamını göstərir. Bu fikirlər həm də hər bir azərbaycanlıya böyük qürur hissi bəxş etməklə görkəmli dövlət xadiminin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ideyasını xatırladır. Monoqrafiyanın ilk fəslində 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən dahi şəxsiyyətin 14 il respublikanı idarə etməsindən, həmin illərdə Azərbaycanda kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə sahələrinin yenidən qurulma prosesindən, SSRİ-nin ən nüfuzlu ali məktəblərinə hər il 800-dən artıq azərbaycanlı gənci göndərərək apardığı milli zabit kadr siyasətindən bəhs olunur. Həmçinin “Ulu Öndər siyasətinin gücü nədə idi?” sualına cavab axtarılır. Qeyd olunur ki, Onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü, obyektivliyi və hər cəhətdən ölçülüb-biçilməsi ilə ətrafdakıları heyrətləndirmiş, dahi şəxsiyyətə siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri dahi şəxsiyyət Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırmışlar.
    I fəsildə XX əsrin 80-ci illərinin əvvəllərində Ulu Öndərin öz şəxsiyyəti ilə türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər gətirib çıxarmasından, buna görə dünyanın onu “Kremldə ucalan türk bayrağı” təqdimatı ilə tanımasından, Türk dövlət başçılarının zirvə toplantılarının əhəmiyyətindən də söz açılır. Burada, eyni zamanda dünya siyasi mənzərəsini dəyişən “Əsrin müqaviləsi”, “Böyük İpək Yolu”, TRASEKA, TASİS proqramları kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Türksoy-un, Türk Yazarlar Birliyinin yaradılmasında, eləcə də Azərbaycanın müstəqil türk dövləti kimi dünyada tanıdılmasında, Türk dünyasına məxsus dəyərli maddi-mənəvi irslərin təbliğində, yubileylərin, görüşlərin keçirilməsində, onlarla taleyüklü məsələnin irəli sürülməsində, müzakirəsində, həllində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğu vurğulanır. Həmin fəsildə türk xalqının iki dahi şəxsiyyəti – Mustafa Kamal Atatürk və Heydər Əliyevin ayrı-ayrı dövrlərdə xalqını, ölkəsini nicat yoluna çıxarmalarının oxşar cəhətləri izah edilir, Türkiyə Cümhuriyyətinin Atatürkün səngərdəki qəhrəmanlığının və müdrikliyinin, Azərbaycan dövlətinin isə Heydər Əliyev müdrikliyinin və qəhrəmanlığının nəticəsi kimi meydana gəldiyi qənaətinə varılır.
    Monoqrafiyanın “Heydər Əliyevin Azərbaycana qayıdışı. Naxçıvanın milli-azadlıq hərəkatının mərkəzinə çevrilməsi. Müstəqilliyə doğru ilk dönüş” sərlövhəli ikinci fəslində 20 Yanvar hadisələri zamanı bütün həyati təhlükələrə, təxribatlara, təzyiqlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəliyinə gedərək faciəni qəti şəkildə pisləməsindən, 1990-cı il iyul ayında Azərbaycana qayıdışından, Naxçıvanın milli azadlıq hərəkatının mərkəzinə çevrilməsindən, ölkəmizin müstəqilliyə doğru böyük dönüşündən bəhs edilir. Həmçinin bu fəsildə Ulu Öndərin adı ilə bağlı olan Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi önəm daşıyan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ali Məclis adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilməsi, həmçinin 1991-ci il 3 sentyabr tarixdə Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsi barədə, “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında”, “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında”, “31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması haqqında” və dövlətçiliyin hüquqi bazasını təşkil edən digər qərarlar şərh olunaraq onlar müstəqilliyə doğru böyük dönüş kimi xarakterizə edilir. Həmçinin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 5 fevral və 7 mart tarixli iclasları, Ulu Öndər Heydər Əliyevin qətiyyətlilik, cəsarətlilik rəmzinə çevrilən faktlarla zəngin tarixi çıxışları şərh olunur.
    “Heydər Əliyevin dövlətçilik təlimi” adlı üçüncü fəsildə Heydər Əliyevin dövlətçilik təliminin tərkib hissəsi kimi Azərbaycanda həyata keçirilən elm və təhsil siyasətindən, elm, təhsil sahəsində yüksəkixtisaslı kadrların, intellektli gənclərin yetişməsi üçün yaradılan şəraitdən söhbət açılır, Ulu Öndərin ziyalılarla görüşdə səsləndirdiyi fikirlərə geniş yer verilir, elmin inkişafı sahəsində irəli sürdüyü müddəalar qeyd olunur. Bu hissədə AMEA-da islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi idarə və xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi, Naxçıvan Bölməsinin yaradılması, təhsil sisteminin dünya təshil sisteminə inteqrasiyası, təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, ali təhsil ocaqlarına muxtariyyət statusunun verilməsi istiqamətində Azərbaycan elminin böyük hamisi kimi dahi şəxsiyyət tərəfindən atılan mütərəqqi addımlar, onların nəticələri, eyni zamanda ümumi, peşə, ali təhsil sahəsində verilən qərarların, imzalanan sərəncamların ölkəmizə qazandırdığı nailiyyətlər geniş təhlil süzgəcindən keçirilir. Azərbaycan mədəniyyətinin himayədarı kimi Ulu Öndərin milli mədəniyyətin bütün sahələrində yüksəlişə, inkişafa nail olmasından, bu sahədə xalqı, Vətəni qarşısında misilsiz tarixi xidmətlərindən, ölkəmizin ictimai-siyasi, iqtisadi və milli-mənəvi inkişafındakı mühüm rolundan danışılır. Həmçinin bu fəsildə gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasından, dövlət gənclər siyasətinin işlənib hazırlanaraq həyata keçirilməsi prosesində Ümummilli Liderin danılmaz əməyindən bəhs edilir, gənclərlə bağlı imzalanan sərəncamlar, qəbul olunan Dövlət proqramları, reallaşdırılan layihələrin mahiyyəti açılır. Eyni zamanda xalqımızın və dövlətimizin milli maraqlarında mühüm yer tutan ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda dahi şəxsiyyət tərəfindən uğurla aparılan siyasətə, strategiyaya, eyni zamanda Böyük Qələbəmizi şərtləndirən qətiyyətli mübarizə yoluna nəzər salınır. 
    Kitabın “Heydər Əliyev: tarix və tarixi günlər” adlı dördüncü fəslində “Xalq gərək daim öz kökünü xatırlasın”, –  deyən Ümummilli Liderin milli tarix konsepsiyasından, tarixi şəxsiyyətlərin, hadisələrin yubileylərinin qeyd olunması, əlamətdar günlərin təsis edilməsi barədə imzalanan tarixi sənədlərin əhəmiyyəti üzə çıxarılır, Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolu qiymətləndirilir. Milli həmrəyliyin banisi kimi Ulu Öndərin dünya azərbaycanlıları arasında birlik, həmrəylik yaradılması üçün həyata keçirdiyi işlərdən, Dünya Azərbaycanlılarının I Qurultayından, həmrəylik və birlik günün təsis edilməsindən bəhs olunur, 15 İyun – Milli Qurtuluş Günü taleyimizə yazılan tarixi bir gün kimi dəyərləndirilir. 30 ilə yaxın zaman kəsiyində ölkəmizin həyatında baş verən köklü dəyişikliklərin, Azərbaycanın müstəqil bir dövlət kimi möhkəmlənməsində, dünyaya açılmasında, dövlət quruculuğu yolunda tutarlı addımların atılmasında 15 iyunun önəmi izah olunur. Bu fəsildə xalqımızın başına gətirilən 20 Yanvar hadisələrinə gedən yola nəzər salınır, faciənin səbəbləri, nəticələri, dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı il 20 Yanvar soyqırımı ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqdakı çıxışı verilir, uzaqgörən siyasətçinin vaxtında həmin hadisəyə siyasi-hüquqi qiymət verməsinin önəmindən söhbət açılır, bu addımın böyük qətiyyət, inam rəmzi kimi xalqımızın azadlığa, müstəqilliyə gedən yoluna işıq saçdığı vurğulanır.
    Monoqrafiyanın “Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası” adlı V fəslində Ulu Öndər Heydər Əliyevin dünyaya göz açdığı, canı qədər sevdiyi Naxçıvanın inkişafı üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, verdiyi qərarlardan, imzaladığı sərəncam və fərmanlardan bəhs olunur, dahi şəxsiyyətin xüsusi diqqəti sayəsində burada bütün sahələrin o cümlədən elmin inkişafından danışılır. Həmçinin AXC-Müsavat hakimiyyətinin Naxçıvana dair siyasətinin iflasa uğraması prosesindən, həmin vaxt baş verən siyasi hadisələrdən, cəbhəçilərin qanunsuz əməllərindən, çevriliş cəhdlərindən və Naxçıvanın xilaskarı kimi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən həmin cəhdlərin, əməllərin qarşısının alınmasından, qədim diyarın insanlarını aclıqdan, səfalətdən, muxtar respublikanı işğaldan qurtararaq nicat yoluna çıxarmasından ətraflı söhbət açılır. Bu fəsildə dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyini, tarixini, elmini, mədəniyyətini dünyada tanıdan Naxçıvan diyarının görkəmli yetirmələrinə yüksək qiymət verməsindən, yubileylərinin qeyd olunması, irslərinin öyrənilməsi, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması üçün gördüyü tədbirlərdən bəhs olunur. 
    “Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır” adlı VI fəsildə isə Azərbaycanın dayanıqlı inkişafının əsasında dayanan, ölkəmizin qüdrətlənməsində, böyük uğurlar əldə etməsində Ulu Öndər Heydər Əliyev ideyalarının uzaqgörənliyindən, fenomenliyindən, dahi şəxsiyyətin əsasını qoyduğu siyasətin, işləyib hazırladığı inkişaf konsepsiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 1990-cı illərin ağrılı-acılı, həsrətli günlərindən fəxarət dolu Böyük Qələbə məqamına uzanan yoldan danışılır...
    Ümumilikdə, yekun fikir olaraq onu demək olar ki, “Heydər Əliyev İli”nə dəyərli elmi əsər, nəşr töhfələrindən sayılan “Heydər Əliyev siyasəti: tarix və müasirlik” adlı monoqrafiyada akademik İsmayıl Hacıyev yüksək analitik təhlil və düşüncə qabiliyyəti sayəsində özünəməxsus, fərqli aspektlərdən yanaşaraq Azərbaycanın müasir dövlətçilik tarixində baş verən hadisələri, Ümummilli Liderimizin böyük, qüdrətli, yenilməz Azərbaycanı yaratması prosesini fundamental şəkildə geniş oxucu kütləsinə çatdırır. Ən əsası isə monoqrafiyanı nəzərdən keçirdikdən sonra bir aforizmin həqiqətini bir daha dərindən dərk edirsən: Tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır!

 Nail ƏSGƏROV

Nəşr edilib : 13.04.2023 17:05