AZ EN RU

Ümummilli liderin yadigarı olan Babək rayonu yenilənir, abadlaşır

    Muxtar respublikanın davamlı inkişafı diyarımızda ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla həyata keçirildiyini göstərir. Naxçıvanın yüksək iqtisadi potensialı dəyərləndirilərək burada genişmiqyaslı quruculuq işləri aparılır, Dövlət proqramları və infrastruktur layihələri uğurla həyata keçirilir. Müstəqillik illərindən başlanan inkişaf, yaradılan möhtəşəm infrastruktur təkcə Naxçıvan şəhərində deyil, həmçinin muxtar respublikanın rayon mərkəzlərində də müşahidə olunur. 

    İnkişaf o zaman tam təmin olunur ki, o, davamlı xarakter alsın, təkcə şəhər mərkəzi ilə kifayətlənməyib bütün yaşayış məntəqələrini əhatə etsin. Qurulub-yaradılanlar qorunsun və daim yeniliklər tətbiq olunsun. Elə buna görədir ki, Naxçıvanın hər il görkəmi dəyişir, inkişafın, tərəqqinin nişanları şəhərin hər küçəsində, prospektində müşahidə olunur. Muxtar respublikanın uğurlu inkişaf siyasətinin əsas nümunələrindən biri kimi Babək rayonu xüsusi diqqətəlayiqdir. Sovet hakimiyyətinin mövcud olduğu illərdə ümummilli liderin uzaqgörənliyinin, vətəndaş və siyasi mövqeyinin nəticəsi kimi yaradılan Babək rayonu daim inkişaf edir, yenilənir. Bu gün istər Babək şəhəri, istərsə də rayonun qəsəbə və kəndləri müasir görkəmi ilə seçilir. Son illər rayonda tikilən yeni inzibati və yaşayış binaları, çəkilən yollar, həmçinin istehsal və xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatı və sənayenin inkişafı rayonda ümumi dirçəlişə, məskunlaşmanın daha da artmasına imkan verib. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində muxtar respublikanı ağuşuna alan abadlıq-quruculuq işləri Babək şəhərində də davamlı xarakter daşıyır. Məlumat üçün bildirək ki, rayon mərkəzi şəhər statusu aldıqdan sonra həyata keçirilən yenidənqurma işlərinin əhatə dairəsi genişlənib. Artıq rayonun mərkəzi hesab olunan Babək şəhərində bir neçə aydır, abadlıq-quruculuq işləri aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən şəhərin Hüseyn Cavid, Qəzənfər Əkbərov, Molla Pənah Vaqif, “Azadlıq” küçələrində, Heydər Əliyev prospektində irimiqyaslı yenidənqurma işləri davam etdirilir. Artıq Hüseyn Cavid və Qəzənfər Əkbərov küçələrində, ümumilikdə, 57 küçə qapısı yenisi ilə əvəzlənib. Bundan başqa, təmir-tikinti işləri çərçivəsində adıçəkilən prospekt və küçələrdə hörgü-suvaq işləri aparılıb, yol kənarlarına bardür daşlar düzülüb, uçuq həyət divarları bərpa olunaraq ümumi mənzərəni tamamlayıb. Şəhərdə yeraltı elektrik və rabitə xətləri quraşdırılıb, məhəllədaxili yollar abadlaşdırılıb. 
    Babək şəhər sakini Rəşad Əliyev bildirir ki, mən rayonda doğulub boya-başa çatmışam. Muxtar respublikamızın bu bölgəsi də digər yaşayış məntəqələrimiz kimi böyük inkişaf yolu keçib. Qarış-qarış abadlaşan, keçmişin dağınıqlığından qurtulan rayonumuz gözümüzün önündə müasir görkəminə qovuşub. Bilirsiniz, Babək 90-cı illərə qədər də qismən inkişaf yolu keçmişdir. Lakin ölkəmizdə baş verən böhran gənc rayonun da inkişafını ləngitdi. Xüsusilə 90-cı illərdə qurulub-yaradılan nə varsa, hamısı dağıdıldı. Rayonun sərhəd kəndləri döyüş bölgəsinə çevrildi. Bir tərəfdən blokada şəraiti, digər tərəfdən də müharibə o vaxta qədər qurulub-yaradılan hər şeyi məhv etdi. Şükürlər olsun ki, dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra davamlı inkişaf dövrü başladı. Yeni yollar çəkildi, idarə və təşkilatlar üçün binalar tikildi, yeni təhsil ocaqları, musiqi və mədəniyyət evləri, kitabxanalar rayon sakinlərinin istifadəsinə verildi. Əsaslı yenidənqurma işlərindən sonra insanların rahat yaşayışı və məşğulluğu təmin edildi. İndi Babək şəhəri öz füsunkar gözəlliyi ilə Naxçıvan şəhərindən geri qalmır. Təkcə şəhər mərkəzi yox, elə kəndlərimizdə də bu gözəlliyin, abadlığın şahidi ola bilərsiniz. Bütün bunlar dövlətimizin insan amilinə verdiyi yüksək qiymətin göstəricisidir. Bir vətəndaş kimi, bizim həm vəzifəmiz, həm də borcumuzdur ki, yaradılan şəraiti qiymətləndirək, min bir zəhmətlə ərsəyə gətirilənləri qoruyaq. Son aylarda Babək şəhərinin küçə və məhəllələrində aparılan abadlıq-quruculuq işləri şəhərimizin ümumi görünüşünü gözəlləşdirməklə yanaşı, həm də bizi əlavə maddi qayğılardan azad edir. Rayon sakini kimi mən də öhdəmə düşən məsuliyyəti dərk edir, bütün yaradılanlar üçün dövlətimizə minnətdarlığımı bildirirəm. 
    Məlumat üçün qeyd edək ki, bu ilin mart ayından etibarən Babək şəhərinin Heydər Əliyev prospektində rayonun məktəbdənkənar təhsil müəssisələri üçün yeni bina da tikilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən müasir layihə əsasında tikilən bina üç mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində Texniki-Yaradıcılıq Mərkəzi, sərgi salonu, STEAM otağı, ikinci mərtəbəsində Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, müəllimlər otağı, xalçaçılıq, toxuculuq və bədii tikmə, rəsm-vitraj sinifləri, qum sənəti otağı, arxiv, üçüncü mərtəbədə isə rəqs və gimnastika zalı, cihazların saxlanılması otağı və digər siniflər fəaliyyət göstərəcək. Hazırda binanın fasad işləri yekunlaşıb, daxili boyama işlərinə başlanılıb. 
    Babək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Fəridə Vəlizadə deyir ki, hazırda mərkəzimizdə xalçaçılıq, metal üzərində bədii döymə, keçəişləmə sənəti, rəsm, rəqs, vokal kursları, qum sənəti, mental arifmetika və başqa şöbə və kurslarımız fəaliyyət göstərir. Mərkəzimizin yerləşdiyi bina köhnə tikili olsa da, fəaliyyətimizə ara vermədən davam edirik. Rayonumuzda olduqca istedadlı və bacarıqlı uşaqlarımız var. Uşaqlar qədim sənət sahələri ilə yanaşı, yeni sənət növlərinə, xüsusilə mental arifmetikaya üstünlük verirlər. Təcrübəli müəllimlərimiz çalışırlar ki, uşaq və gənclərimizin bütün bacarıq və istedadlarını üzə çıxarsın, onların gələcək fəaliyyətlərini müəyyən etsinlər. Əminik ki, yeni binada daha şaxəli və məhsuldar fəaliyyət göstərəcəyik. Müasir şəraitdə müəssisədə şagirdlərimiz müxtəlif incəsənət sahələri ilə məşğul olmaq imkanı qazanacaqlar. Bunun üçün bütün qüvvəmizlə çalışır, gələcəkdə təşkil ediləcək sərgilər üçün yeni sənət nümunələri hazırlayırıq. Əminliklə deyə bilərəm ki, quruculuq işləri yekunlaşandan sonra sıralarımıza yeni şagirdlər, gənc istedadlar qoşulacaqlar. 
    Qurulub-yaradılanlar müstəqilliyin, inkişafın Babək rayonundakı daha bir təntənəsidir. Ümumi mənzərəyə nəzər saldıqda deyə bilərik ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyevin yüksəlişə, intibaha, müasirliyə əsaslanan siyasi xətti uğurla davam etdirilir.

Lalə ALLAHVERDİYEVA

Nəşr edilib : 20.12.2022 19:19