AZ EN RU

Ümummilli Liderin strategiyasını işləyib hazırladığı Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır

    Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən Ümummilli Lider Heydər Əliyev olub. Həm SSRİ, həm də müstəqillik dövründə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının inkişafına xidmətdə keçib. Azərbaycan məhz görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə olunub. Bu gün dahi rəhbərin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salanda şərəflə yaşanan ömrün 35 ilə yaxın bir dövrünü Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, bəşərilik zirvələrini fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən Ulu Öndər həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm memarı, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub.

    Ümummilli Liderin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi xalqın öz dahi liderinə qovuşmasının, onun ətrafında sıx birləşməsinin təminatçısına çevrildi. Hələ gələcək möhtəşəm nailiyyətlərin ilk addımları atılan həmin dövrdə Azərbaycanın bütün sahələrində doğma xalqımızda milli dirçəlişə, özünüdərkə inamın, ölkə başçısına olan böyük ehtiramın yaranmasının möhkəm təməlləri qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında qeyd edilir: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir”.
    Ümummilli Lider keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla dəf edir, aradan qaldırırdı. Görkəmli dövlət xadimi gecəli-gündüzlü istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni-yeni layihələr hazırlayır və dərhal da onların həyata keçirilmələrinə şərait yaradırdı. 
    Ulu Öndər XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi səhiyyə sisteminin də yüksəlişini təmin edərək bu sahənin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyədə, o cümlədən tibb elmi və tibb təhsili sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Ulu Öndər respublikamızın səhiyyə sisteminin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Ümummilli Liderin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmamış, əksinə, daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edir və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, bu sahədəki problemlərin müzakirəsini aparır, onların həlli yollarını peşəkarcasına göstərirdi.
     Ulu Öndər Heydər Əliyev bu sahədə fəaliyyət göstərən digər aparıcı mütəxəssislər ilə sıx əlaqələr saxlayır, onların diqqətini Azərbaycana cəlb edir, bununla da Azərbaycan səhiyyəsinin inkişafına güclü təkan verilməsinə möhkəm zəmin yaradırdı. Xalqımızın böyük oğlu 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışında çıxış edərkən Azərbaycan səhiyyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi saysız-hesabsız amillərə toxunaraq deyirdi: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm… Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm Ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet   İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
    Müstəqil Azərbaycanın qurucusu və yaradıcısı olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən ictimai və iqtisadi-siyasi, milli-ənənəvi və mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi öz xoşməramlı avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq, yeni dinamik inkişaf mərhələsinə qədəm qoyması məhz dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla ilk təməl daşlarını qoyduğu uzaqgörən siyasətin, dərin islahatlar strategiyasının nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ulu Öndər xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb. Ümummilli Lider qlobal proseslər fonunda tam fərqli – xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirib. 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərib.
    Tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Ulu Öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səhiyyə sistemində də layiqincə davam etdirir. Ötən müddətdə bu vacib sahənin inkişafı, onun maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infra­strukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibb xidmətinin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açmışdır. Ölkə başçısının da dediyi kimi: “Səhiyyə xidməti ən yüksək səviyyədə olmalıdır. Bu bizim sosial siyasətimizin əsas istiqamətidir. Çünki insanların sağlamlığı üçün bütün işlər görülməlidir. Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Hər bir yaşayış məntəqəsində, hər bir rayonda tibbi xidmət yüksək dünya səviyyəsində olmalıdır”.
    Son illər Azərbaycanda bütün sahələrin dinamik inkişafını hər birimiz öz həyatımızda görürük. Bu inkişafın təməlində dayanan başlıca amillərdən biri də səhiyyə ilə bağlı qəbul olunmuş mühüm Dövlət proqramlarıdır. Həmin proqramlar əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması, icbari tibbi sığortanın tətbiqi sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. 
    Səhiyyədə qazanılan uğurları bu gün muxtar respublikamızda da görmək olar. Bəhs edilən sahənin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Naxçıvanda dinamik xarakter alan genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. Diyarımızda dövlət başçısının qayğısı ilə yüzlərlə səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialının sosial siyasətin icrasına, əhalinin sağlamlığına yönəldiyinin parlaq göstəricisidir.
    Son zamanlarda muxtar respublika səhiyyəsində aparılan islahatlar əhalinin xüsusi məmnunluqla qarşıladığı yeniliklərlə diqqət çəkir. Düşünülmüş və əhalinin sağlamlığı naminə ən yüksək tibbi xidmətin təmini məqsədilə seçilərək təyin edilmiş tibbi kadrlardan, muxtar respublika əhalisinin ən çox ehtiyacı olan tibb müəssisələrinin yaradılmasına kimi hər bir qərar xəstəliklərin və ölüm sayının azaldılmasına, əhali üçün tibbi təminatın əlçatanlığına hesablanmış qərarlardır. 
    Muxtar respublikanın bütün bölgələrində inşa olunan, hər cür tibbi avadanlıqlarla təchiz edilən səhiyyə obyektləri bir gerçəkliyi vurğulayır: dövlətimizin əsas amalı insan sağlamlığıdır. Bu gün nəinki Naxçıvan şəhərində, eləcə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində yüksək tibbi şərait yaradılıb, günün bütün saatlarında xəstələri abad yollarla, müasir tibbi avadanlıqlarla təchiz edilmiş təcili yardım maşınları ilə lazımi səhiyyə ocağına çatdırmaq imkanına nail olunub. Əgər bu gün xəstələr pulsuz dərmanlarla təmin olunursa, sağlam gələcəyimiz naminə təhsil müəssisələrində profilaktik tədbirlər həyata keçirilirsə, ana və körpələrin vaxtlı-vaxtında müayinəsi aparılırsa, müxtəlif ixtisaslı həkim briqadaları bütün yaşayış məntəqələrində insanları tibbi yoxlamaya cəlb edilirsə, bu, sağlamlığa göstərilən qayğının ən böyük nümunəsidir. 
      Bu gün səhiyyə sahəsində bir çox istiqamətlər üzrə islahatlar aparılır, genişmiqyaslı işlər görülür. Səhiyyə sahəsində dövlətlə vətəndaş arasında maraqlar balansının, hər bir pasiyentə münasibətdə müasir yanaşmanın təmin edilməsi, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olunması, tibbi xidmətlər sahəsində bir sıra proseslərin sadələşdirilməsi, çevikliyin təmin edilməsi, şikayətlərə operativ baxılması, müvafiq istiqamətdə yönləndirilməsi kimi xidmətləri vətəndaşlar üçün əlçatan edən addımların atılması müvafiq sahənin tənzimlənməsinə yönəlik tədbirlərin həyata keçirilməsində mühüm rola malikdir. 
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş qaydaları da həkimlərin və tibb işçilərinin fəaliyyətində stimul yaradacaq. Başlıca məqsəd nazirliyin tabeliyindəki tibbi sığorta əsasında fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan işçilərin uyğun əməkhaqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında onların əməyinin ödəniş sisteminin tənzimlənməsidir.
    Hazırda Azərbaycanda dünyada kardiologiya və kardiocərrahiyyə sahəsində icra edilən bütün diaqnostik və müalicəvi prosedurlar həyata keçirilir. Bunu dünyanın tibb cəmiyyəti də təsdiqləyir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə­mizdə kardiologiya və kardiocərrahiyyə sahəsində görülən işlər azərbaycanlı mütəxəssislər tərəfindən icra edilir. Bu, Azərbaycanda kardiologiyanın uğurlu inkişafından xəbər verir.
    Ölkəmizdə səhiyyə sahəsinin maddi-texniki bazası çox yüksək səviyyədə yaradılıb. İndi Azərbaycanda ən mürəkkəb əməliyyatlar aparılır, səhiyyə sistemimizin həm maddi-texniki təminatı, həm də keyfiyyəti böyük dərəcədə artır. Beynəlxalq qurumlar, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə görülən işlərə yüksək qiymət vermişdir. Statistik göstəricilərdə də bu özünü göstərir, insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır. Bu, səhiyyə sisteminin əsas göstəricilərindən biridir. Çünki sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir.
    Naxçıvanın bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. Muxtar respublikamızda kardiologiya və kardio­vaskulyar cərrahiyyədə yeniliklər mövzusunda  bu gün fəaliyyətə başlayan beynəlxalq konfrans da bu sahənin inkişafına mühüm töhfə olacaqdır. Təbii ki, konfransda mövzuların müxtəlifliyi kardiologiya sahəsinin aktual problemlərinin həlli yolunda yüksək səviyyədə müzakirələrin aparılmasına imkan verəcəkdir. 
    Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.
    Müasir Azərbaycan səhiyyəsinin dinamik inkişafının memarı olan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də yeni uğurlara vüsət verib. Əminliklə demək olar ki, görkəmli dövlət xadiminin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.

Ləman İBRAHİMOVA
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik 
hüquqi şəxsin Müşahidə Şurasının sədri

Nəşr edilib : 27.09.2023 20:35