AZ EN RU

Ümummilli Liderin milli qurtuluş və müstəqillik arzularını özündə yaşadan muzey

 

    Qarşısında dayanmışam Naxçıvana gələn dünyanın aparıcı ölkələrinin rəsmi şəxslərinin, beynəlxalq nümayəndələrin, turistlərin ilk üz tutduğu ünvanın. Bura 100 yaşlı muxtariyyətin 25 illik dəyərli dövlətçilik mənbəsi, mədəniyyət ocağı Heydər Əliyev Muzeyidir. 25 yaşını muxtar respublika statusu ilə qeyd edən muzey. Daxil oluram dahi şəxsiyyətin adını qürurla, fəxrlə daşıyan mədəniyyət müəssisəsinə. Ekspozisiyanın ayrı-ayrı guşələrində, stendlərdə sərgilənən bir-birindən dəyərli, qiymətli eksponatların ziyasında vərəqlənir qayəsi vətənpərvərlik, Vətənə, xalqa, dövlətçiliyə xidmət olan müdrikliklə zəngin ömrün səhifələri. Əvvəllər heç bir yerdə rastıma çıxmayan, yalnız burada gördüyüm tarixi fotolar, sənədlər, şəxsi, xatirə əşyaları, 1990-1993-cü illərdə dövlətçiliyimizin bərpası istiqamətində qəbul olunan tarixi qərarların mətbu işığına çevrilən “Şərq qapısı” qəzetinin nömrələri...

Şərqin qapısında mütərəqqi addımlar, 
dövrün salnaməsi – “Şərq qapısı” 

    1999-cu il mayın 10-da 420 eksponatla fəaliyyətə başlayan, bu gün fondunda 5444 eksponatı qoruyub saxlayan muzeyin ekskursiyasına çıxıram. Gözlərim önündə əbədiyaşar liderin dəyərli həyat yolundan, siyasi fəaliyyətindən, mütərəqqi ideyalarının gerçəkləşməsindən, “Müasir, qüdrətli Azərbaycan” adlı şah əsəri yaratmasından bəhs edən tarixi faktlara söykənən sənədli film canlanır. Ölkəmizə ikinci rəhbərliyi dövründə regionlara səfəri zamanı zəhmətkeşlərlə görüşünü əks etdirən fotolar dahi şəxsiyyətin sadə, səmimi, insani keyfiyyətlərindən danışır. Ümummilli Liderin həyatının, siyasi fəaliyyətinin Naxçıvan dövründən bəhs edir eksponatlar. Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsi barədə mühüm qərarlar, hadisələri geniş oxucu kütləsinə çatdıran “Şərq qapısı” qəzetinin nömrələri görkəmli dövlət xadiminin uzaqgörənliyindən, fenomenliyindən, dövlətin, millətin gələcəyini öz canından üstün tutmasından dolğun şəkildə söhbət açır mənə. Diqqətimə hakim kəsilir həmin dövrdə cəsarət rəmzinə, dəyərli salnaməyə çevrilən mətbuat orqanı. Düşünürəm: Ulu Öndərin 1991-1993-cü illərdə Ali Məclisin Sədri işlədiyi müddətdə insanların rifahı, dövlətin qüdrətlənməsi, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı naminə həyata keçirdiyi qabaqcıl, misilsiz işləri necə də müfəssəl şəkildə çatdırır oxucularına. Ölkəmizin ərazi bütövlüyü uğrunda övladları əsir düşmüş, girov götürülmüş valideynlərin Ümummilli Liderə ünvanladığı məktublar, teleqramlar çıxır qarşıma. Sakinlərin Vətəninə, xalqına könüldən bağlanan vətənpərvər, fenomen şəxsə olan inamının, ümidinin böyüklüyündən, sonsuzluğundan xəbər verir bu tarixi məqamlar. Divardan asılan, rəssamı Şahəddin Mahmudov olan “Yüksəlişə doğru həyat yolu” adlanan xalçanın seyrindəyəm. Anası İzzət xanımın da əks olunduğu, Ulu Öndərin gəncliyindən prezidentliyədək keçdiyi həyat yolu ilmələrin sehrində öz ecazkarlığı ilə heyran edir məni.
    

Gəncliyə örnək tələbəlik illəri, əmək fəaliyyəti 

    Stendlərdə dahi şəxsiyyətin 1936-1939-cu illərdə Naxçıvanda Pedaqoji Texnikumda təhsil aldığı illərə aid attestat, 1938-ci ildə müvəffəqiyyətə və nümunəvi əxlaqına görə verilən tərifnamə, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olarkən təqdim etdiyi qiymət cədvəli, həmin ali təhsil ocağını bitirməsinə dair diplomu görürəm. 1949-1950-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq şəhərində) Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbini bitirməsi haqqında şəhadətnamə, məktəbdən verilən xidməti xasiyyətnamə, müxtəlif fotolar Ulu Öndərin 1944-cü ilin mayından 1969-cu ilin iyulun 14-nə qədər dövlət təhlükəsizliyi orqanlarındakı xidməti dövrünə səyahət etdirir məni. SSRİ kimi dünya miqyaslı, nəhəng dövlətdə azərbaycanlı olaraq tutduğu yüksək mövqedən, leytenantdan general-mayor rütbəsinədək keçdiyi çətin, məsuliyyətli, şərəfli yoldan danışır.

Xalqa, dövlətçiliyə xidmət, mədəniyyətə, 
ədəbiyyata bağlılıq nümunəsi

    Muzeyin bir-birindən bənzərsiz guşələrində sərgilənən sənədlər, fotolar, eksponatlar məni getdikcə daha dərin düşüncələrə qərq edir, dahi öndərin nəsillərə örnək, nümunə sayılan həyat yolu, mütərəqqi ideyalarla zəngin siyasi fəaliyyəti barədə təəssüratlarım daha da müfəssəlləşir. Əbədiyaşar liderin çoxşaxəli həyat yolunun, siyasi fəaliyyətinin dərinliyinə vardıqca söylədiyi “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamının reallığı daha bariz şəkildə əks olunur yaddaşımda. Ekspozisiyanın digər bir bölməsi yenidən sovetlər dövrünə aparır məni. Ümummilli Liderin 36 orden və medalla təltif olunduğunu, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyü üçün sağlığında doğulduğu Naxçıvan şəhərində bürünc büstü qoyulduğunu öyrənirəm. Müstəqillik illərinə qayıdıram. Əbədiyaşar insanın bu dövrdə Naxçıvan Dövlət, Bakı Dövlət, Türkiyənin Hacəttəpə universitetləri də olmaqla, ümumilikdə, 25 universitetin fəxri doktoru adına layiq görüldüyü barədə məlumatlarla tanış oluram. Ekspozisiyanın ayrı-ayrı guşələrində nümayiş olunan kürsülük, qələmdan, xidməti telefon, stolüstü, sütunlu saatlar, çıraq, kostyum, palto, şlyapa, iş otağının fotoları Ümummilli Liderin Naxçıvanda Ali Məclisin Sədri kimi çalışdığı dövrün əyani güzgüsü olmaqla dahi şəxsiyyətin xalqın xoşbəxt gələcəyi, aydın sabahları naminə keçirdiyi yuxusuz gecələri, çəkdiyi əziyyətləri gözlər önünə sərir.
    Önündəyəm müəllifi professor Kamil Əliyev olan, ümumilikdə, üzərinə 1 milyon 500 mindən artıq ilmənin vurulduğu xalçanın. Tamaşa edirəm sənətkar Akif Həsənov tərəfindən bütöv formada cəviz ağacından yonulan dekorativ-bədii nümunəyə də. Bu sənət əsərləri, eləcə də həyatının ayrı-ayrı dönəmlərində ailə üzvləri ilə birgə çəkilən rəsmlər, hazırlanan yaradıcılıq nümunələri dahi şəxsiyyətə, ailəsinə sonsuz sevgi, qürur, fəxr, minnətdarlıq hisslərini ifadə edir. Texnikumda oxuduğu müddətdə məktəb tamaşalarının birində Səməd Vurğunun “Vaqif” dramındakı Vaqif rolunda çıxışı zamanı çəkilən foto, 1942-ci il aprelin 27-də çəkdiyi rəsm əsəri bu dahi insanın yaradıcı dünyasından, kiçik yaşdan incəsənətə məhəbbətindən xəbər verir.
    Muzeyin kitabxanasındayam, 589 adda 1257-dən çox siyasi ədəbiyyatın yer aldığı kitabxanada. Burada qorunub saxlanılan “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildlikləri və digər kitablar görkəmli dövlət xadiminin Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasının inkişafı, qüdrətlənməsi üçün gördüyü qabaqcıl işlərdən, həyata keçirdiyi layihələrdən, konsepsiyalardan tam mahiyyətilə dolğun şəkildə bəhs edir. “Mənim anam”, “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitablarında, albomlarda yer alan ailə üzləri, övladları, nəvələri ilə çəkilən səmimi fotolar bu müdrik ömrün mənalı həyat yollarına aparır hər kəsi, nümunə, örnək aşılayır ailələrə, gənc nəslə...
    Hər bir azərbaycanlı üçün hörmət, ehtiram ocağı sayılan, nadir eksponatlarla zəngin muzeyə ekskursiyam bitir. Ekspozisiya zalının tən ortasında Ümummilli Lider Heydər Əliyevin ömrünün, həyatının əsas amalına, ideya qaynağına çevrilən “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” dəyərli kəlamını oxuyaraq ömrünün 25-ci baharını yaşayan mədəniyyət ocağından ayrılıram: – Nə qədər ki güclü, qüdrətli Azərbaycan, qədirbilən millətimiz vardır, Ulu Öndər ideyaları da daim var olacaq, yaşayacaq, ölkəmizi, xalqımızı daha inamlı, əminli sabahlara aparacaq...

Nail ƏSGƏROV

Nəşr edilib : 18.02.2024 12:15