AZ EN RU

“Ümummilli liderin keçdiyi ömür yolu” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərin davamı olaraq 28 mart tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında “Ümummilli Liderin keçdiyi ömür yolu” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri Piri Nağıyev Ulu Öndərin ömür yolunun, bioqrafiyasının tariximizin şərəf salnaməsi olduğunu bildirib, xalqın xilası, vətənin  inkişafı və azadlığı yolunda atdığı  addımlardan bəhs edib. Dahi rəhbərin “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” fikrini iştirakçıların diqqətinə çatdıran P.Nağıyev vurğulayıb ki, Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edilib, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol müdrik liderin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlanıb, bilavasitə onun liderliyi ilə Yeni Azərbaycan Partiyası yaradılıb, milli birlik və dünya azərbaycanlılarının həmrəylik ideyaları Naxçıvanda atılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Ulu öndərin anadan olmasının 100 illiyi ölkəmizdə böyük coşqu ilə qeyd edilir, həyat və fəaliyyətinin müxtəlif dövrlərinə işıq tutan tədbirlər keçirilir, xatirəsi dərin ehtiramla yad edilir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev İli” ərzində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbir Ordubad Rayon Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədovun “Ulu Öndərin ömür yolu vətənə xalqa xidmət nümunəsidir”,  Ordubad Rayon Mədəniyyət İdarəsinin məsləhətçisi İlahi Mirzəyevin “Heydər Əliyevin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin öyrənilməsi zəngin dəyərlərimizdəndir”, Ordubad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sevinc Quliyevanın “Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir” mövzusunda çıxışları ilə davam edib.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” filmi nümayiş olunub.   

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.03.2023 17:45