AZ EN RU

Ümummilli Liderin ideyalarını yaşadan təhsil ocağı

    Muxtar respublikamızda hər sahədə olduğu kimi, təhsil sahəsində də Ulu Öndər Heydər Əliyev ideyaları yaşadılır. Bu gün onun siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, təhsil sahəsində lazım olan bütün şərait yaradılıb. Muxtar diyarımızın bütün təhsil müəssisələrində müasir infrastrukturun qurulması yeni texnologiyaların tətbiqi, bunun əyani sübutudur. Görülən işlər təhsilin müasir inkişafına və savadlı kadrların hazırlanmasına imkan verib.

    Ötən günlərdə Naxçıvan şəhərindəki yüksək təhsil sisteminə malik, hər tədris ilində uğurları, nailiyyətləri ilə seçilən və Ulu Öndərin adını daşıyan tam orta məktəbdə təhsil müəssisəsinin direktoru Elmira Həsənova ilə həmsöhbət olduq. O dedi ki, məktəbimiz üçün 2004-cü ildə müasir üslubda 4 mərtəbəli bina inşa olunub. Təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib. Məktəbdə 60 sinif otağı, 5 elektron lövhəli sinif, kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və idman zalı vardır. Təlimin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbdə STEAM tədris mərkəzi yaradılıb və bütün zəruri avadanlıqlarla təmin olunub. Mərkəzdə innovativ texnologiyalardan istifadə və tətbiqetmə bacarıqlarının şagirdlərdə formalaşdırılmasına, onların irəli sürdüyü ideyaların reallaşmasına dəstək göstərilir.
     Elmira müəllim bildirdi ki, ötən illər ərzində məktəb inkişaf istiqaməti olaraq muxtar respublikanın qabaqcıl ümumtəhsil məktəbləri arasında özünə layiqli yer tutub. 2021-2022-ci tədris ilində məktəb üzrə ali və orta ixtisas təhsili müəssisələrinə daxil olmaq üçün imtahan verən məzunlardan 56-sı ali, 2-si isə xüsusitəyinatlı ali məktəblərin tələbəsi adını qazanıb. Həmin məzunlarımızdan 8-i 500-700 intervalında bal toplayıb. Onlardan biri “Gümüş” nişanla məktəbi başa vurub, 3 nəfər fərqlənmə attestatına layiq görülüb. Məktəbimizin doqquzillik bazadan 3 nəfər məzunu Heydər Əliyev adına Hərbi Liseyə, 3 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. İki şagird isə respublika fənn olimpiadalarında ikinci və üçüncü yerə layiq görülüb. 2021-2022-ci tədris ili ərzində məktəbin şagirdləri keçirilən fənn müsabiqələrində, məntiq və beynəlxalq riyaziyyat olimpiadalarında uğurla çıxış edib, Kenquri Beynəlxalq riyaziyyat müsabiqəsində 1 şagirdimiz 1-ci yerə, 2 şagirdimiz 2-ci yerə, 1 şagirdimiz 3-cü yerə, Beynəlxalq Amerika olimpiadasında 1 şagirdimiz 1-ci yerə, 4 şagirdimiz 3-cü yerə, Sasmo Beynəlxalq riyaziyyat olimpiadasında 6 şagirdimiz 3-cü yerə layiq görülüb, medallarla və sertifikatlarla təltif ediliblər  Bu tədris ilində Amo Beynəlxalq Riyaziyyat olimpiadasında 3 şagirdimiz qızıl, 1 şagirdimiz gümüş, 4 şagirdimiz bürünc medallara layiq görülüb. Eyni zamanda məktəbimizin şagirdləri “Sabahın tədqiqatçıları” layihəsində də fəallıq göstəriblər.             Məktəbin direktoru qeyd etdi ki, təhsil ocağında tədrisin səviyyəsini daha da yüksəltmək məqsədilə məktəbin nizamnaməsində dəyişikliklər olunub, bir sıra yeniliklər nəzərdə tutulub. Bu yeniliklərdən biri yeni tədris ilindən məktəbin I sinfinə müsahibə yolu ilə şagird qəbuludur. Belə ki, 2022-2023-cü tədris ilində ilk dəfə məktəbin I sinfinə Təhsil Nazirliyi tərəfindən yaradılan qəbul komissiyasının müsahibə yolu ilə seçdiyi xüsusi istedadı ilə fərqlənən uşaqlar qəbul edilib. 
    Heydər Əliyev adına tam orta məktəbin “Tərəqqi” medalı ilə təltif olunmuş ibtidai sinif müəllimi Lətifə Zeynalova bu ilin ölkəmizdə “Heydər Əliyev İli” olması ilə bağlı öz təəssüratlarını bölüşərək dedi ki, Ümummilli Liderimiz tarix yaradan dahi şəxsiyyətlərdəndir. Görkəmli siyasi xadim Heydər Əliyev öz xalqını sevən, ölkəsini zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, onun müstəqilliyini möhkəmləndirmiş qüdrətli şəxsiyyətdir.
     Lətifə müəllim bildirdi ki, Ümummilli Liderin ideallarının yaşadıldığı Heydər Əliyev adına tam orta məktəbdə müəllim əməyi də daim yüksək qiymətləndirilir. Yaradılan hərtərəfli şəraitdən bəhrələnən pedaqoji kollektiv  dövlətçiliyimizə sadiq ruhda gənc və savadlı kadr yetişməsinə öz töhfəsini verməyə çalışır. 
    Digər müsahibimiz Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Elnarə Məmmədova bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılır. Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illərdə müəllimlərlə bağlı həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirir. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində sistemli tədbirlər həyata keçirilir. İstedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində  respublika və beynəlxalq səviyyəli olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə artır. Fəaliyyət göstərdiyim Heydər Əliyev adına tam orta məktəbin şagirdləri də keçirilən olimpiadalarda yüksək nəticələr göstəriblər. 
    Əminliklə demək olar ki, Ulu Öndər ideyaları üzərində müasir dövrün çağırışlarına uyğun həyata keçirilən təhsilin inkişafı üzrə Dövlət strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabət qabiliyyətinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir. Muxtar respublikada fəaliyyət göstərən təhsil ocaqları, o cümlədən Heydər Əliyev adına tam orta məktəb də əldə olunan uğurlarda, nailiyyətlərdə böyük pay sahibi olacaq.

Bülbül QULİYEVA
Məqalə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Dahilik zirvəsi” esse müsabiqəsinə təqdim edilir

Nəşr edilib : 01.05.2023 19:34