AZ EN RU

Ümummilli Liderin 101 illiyi ilə bağlı “Sehrli Ordubad” foto sərgisi açılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ordubad rayonunda “Sehrli Ordubad” adlı foto sərgi açılıb.
“Şərq qapısı” xəbər verir ki, peşəkar fotoqraf Aydın Mehdiyev tərəfindən ərsəyə gətirilən sərgi Ordubad rayon Mədəniyyət sarayının foyesində baş tutub. Sərgidə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları,  idarə, müəssisə və təşkilatların məsul şəxsləri ilə yanaşı Azərbaycan Fotoqrafları Birliyinin sədri  Amira Süleyman da iştirak edib. 
İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sərginin əhəmiyyətini vurğulayıb, incəsənətə və rəssamlığa böyük önəm verən Heydər Əliyev dühasının “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonuna, onun təbiətinə və digər özəlliklərinə olan xüsusi münasibətini diqqətə çatdırıb. 
Azərbaycan Fotoqrafları Birliyinin sədri  Amira Süleyman Ordubad rayonu və təşkil olunan sərgi haqqında öz şəxsi təəssüratlarını, müsbət fikirlərini bölüşüb. Tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. 
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. Təqdim edilən materiallar böyük maraqla qarşılanıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.05.2024 18:07