AZ EN RU

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyi ziyarət olunub

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivləri “Heydər Əliyev İli” ilə əlaqədar Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Əvvəlcə kollektiv Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül qoyaraq Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Kollektivə dahi şəxsiyyətin dövlət idarəçiliyindəki misilsiz xidmətləri, dahi rəhbərin adını daşıyan muzeyin yaradılması barədə ətraflı məlumat verilərək bildirilib ki, 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzey Ümummilli Liderin sağlığında yaradılan ilk muzeydir və hazırda muzey fondunda 5 mindən çox eksponat mühafizə olunur.

Qeyd edilib ki, zəngin ekspozisiya zalında görkəmli dövlət xadiminin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, kitab, qəzet, jurnallar və digər dəyərli eksponatlar sərgilənir. Azərbaycanın dahi şəxsiyyətinin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, muxtar respublikaya rəhbərlik etdiyi illər və müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü zəngin materiallarla nümayiş etdirilir.

Xidmətin əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olub, dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

Naxçıvan Muxtar Respublikasının

Daşınmaz Əmlak və Torpaq Məsələləri

 üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 03.04.2023 15:26