AZ EN RU

Ümummilli Liderimizin miras qoyduğu qüdrətli Azərbaycan Ordusu son illərdə böyük uğurlar əldə edib

    Bir xalqın, bir dövlətin varlığını təsdiq edən amillərdən biri də ordudur. Bu ordunun əsasını xalqın yetişdirdiyi igid, qeyrətli, vətənpərvər övladlar təşkil edir. O övladlar ki Vətən, torpaq yolunda canlarından keçməyə hər an hazırdırlar.  Xalqımız həmişə belə vətənpərvər övladları ilə fəxr edib və edəcəkdir. Ümummilli Liderimiz Heydər Əliyev demişdir: ‘‘Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır... Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir’’. Bu birliyi tarixboyu torpaqlarımızı yadellilərdən qoruyan qeyrətli igid oğul və qızlarımızın şücaətində görmüşdük. Lakin 44 günlük şanlı Vətən müharibəsində bu birlik “Dəmir yumruq” olub düşmənin başını əzdi, illərlə həsrətini çəkdiyimiz torpaqlarımız qüdrətli ordumuzun gücü, cəsarəti hesabına düşmən tapdağından azad edildi. Qürurla xatırladığımız o günlərə keçməzdən əvvəl gəlin ordumuzun formalaşma, inkişaf tarixinə qısaca nəzər salaq. 

Milli Ordu quruculuğuna Naxçıvandan başlanılıb

Ümummilli Liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikaya rəhbərliyi dövründə bir çox sahələr, eləcə də hərbi sahədə böyük işlər görüldü. İşğal təhlükəsi ilə üz-üzə qalan Naxçıvanda ordu quruculuğu sahəsində qəbul edilən qərarlar nəticəsində muxtar respublikanın etibarlı müdafiəsi təmin edildi, müstəqil Azərbaycanın ilk ordu hissələrinin yaradılmasına başlanıldı. Belə ki, dahi lider 1992-ci ilin sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqadanı yaratdı və həmin il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda çıxış edərək dedi: “Biz 70 il ərzində hər il keçmiş sovetlər ittifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün Milli Ordusunu yaradıb”.

Yüksəkixtisaslı hərbi kadrlar yetişdirildi

Ulu Öndərin təşəbbüsü ilə1971-ci il iyulun 28-də Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış Hərbi Məktəbin yaradılması bu sahədə intibahın başlanğıcı oldu. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə yetişən yüksək­ixtisaslı hərbi kadrlar müstəqil Azərbaycan Ordusunda xidmət edən zabit heyətinin böyük əksəriyyətini təşkil etdi. Ulu Öndər Heydər Əliyev 2002-ci il iyunun 17-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşü zamanı dedi: “Biz bu işi başlayanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi. Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət mütəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır”. Bəli, uzaqgörən şəxsiyyətin dediyi kimi də oldu. Bu gün müstəqil Azərbaycan dövləti güclü, yenilməz Milli Orduya sahibdir. 
    Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri müstəqil Azərbaycanın Prezidenti, Ulu Öndərimizin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkə başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Heydər Əliyev adına Hərbi Lisey mötəbər hərbi təhsil müəssisəsi kimi gələcəyin zabitlərini yetişdirir və bu liseyin məzunları Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edirlər. Ordu quruculuğu sahəsində atılan mühüm addımlardan biri də ölkə başçısının 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması oldu. Bu ordu müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olundu. Göstərilən yüksək dövlət qayğısı hesabına Əlahiddə Ümumqoşun Ordunun peşəkar zabitləri 2018-ci ilin may ayında Şərur rayonunun 26 ildən artıq erməni hərbi birləşmələrinin nəzarətində olan Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəklikləri düşmən tapdağından azad etdilər. 
    Dövlət qayğısı ilə ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilib, əsgəri-məişət-yaşayış kompleksləri tikilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. Ötən il ölkə başçısının 5 mart tarixli Fərmanı ilə Müdafiə Nazirliyinin tabeliyində Milli Müdafiə Universiteti, Hərbi Elmi-Tədqiqat İnstitutu və Hərbi İdarəetmə İnstitutunun yaradılması  hərbi mütəxəssislərin, təcrübəli hərbi kadrların və gənc zabitlərin hazırlanmasında mühüm rol oynayacaq, Azərbaycan Ordusunun daha da güclənməsinə mühüm təkan olacaq. 

Ulu Öndərin yaratdığı Azərbaycan Ordusu xalqımıza
 böyük Zəfəri bəxş etdi 

Hələ 1994-cü il yanvarın 24-də Ümummilli Lider Heydər Əliyev cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xeyir-dua verərkən demişdi: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır”. Ötən illər ərzində Azərbaycan Ordusu qəhrəmanlığını və gücünü dəfələrlə bütün dünyaya nümayiş etdirdi. 2016-cı il Aprel döyüşləri, 2018-ci ilin may ayındakı Günnüt qələbəsi ordumuzun yenilməzliyini bir daha göstərdi. Lakin bütün bunlar  düşmənə dərs olmadı. 2020-ci il sentyabrın 27-si Ermənistan Silahlı Qüvvələrinin sərhəddə təxribat törətməsi, mülki əhalinin yaşadığı şəhər və kəndləri atəşə tutması Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatı ilə nəticələndi. Beləliklə, tarixə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsi xalqımıza böyük Zəfəri bəxş etdi. Dövlət başçısının “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı bütün azərbaycanlıların birlik, Qələbə nidasına çevrildi. Torpaqlarımız Prezidentimizin düşünülmüş siyasəti, ordumuzun rəşadəti, fədakarlığı, canı-qanı bahasına işğaldan azad edildi. Zəfərimizin möhürü  isə noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə vuruldu.  Tarixi faktlara nəzər salsaq, görərik ki, 1992-ci il mayın 8-də Şuşanın itirilməsi hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti ölkəni idarəolunmaz vəziyyətə, xaosa düçar etmələri, vətəndaşları tamamilə müdafiəsiz buraxmaları ucbatından baş vermiş, Şuşa faktiki olaraq ermənilərə bağışlanmışdı. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəmələrindən olan Rəhim Qazıyev demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Lakin nəinki başına güllə çaxmış, əksinə, Şuşanı satan birinci o olmuşdu. Şuşa “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”, – deyən Ümummilli Lider Heydər Əliyevin qurduğu və Ali Baş Komandan cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi qüdrətli ordumuzun qəhrəmanlığı, şücaəti hesabına 44 günlük müharibədə əldə edilən möhtəşəm Zəfərin  simvoluna çevrildi. Şuşanın Baş planının hazırlanması, qısa müddətdə aparılan bərpa-quruculuq işləri onun Türk dünyasının mədəniyyət paytaxtı kimi nüfuzunu artırıb.  Bu gün üçrəngli bayrağımızın qürurla dalğalandığı Şuşa beynəlxalq, mötəbər tədbirlərə,  “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı kimi mədəni tədbirlərə ev sahibliyi edir.
    Qeyd etmək yerinə düşər ki, şanlı Vətən müharibəsində Naxçıvan hərbçiləri böyük rəşadət göstərdilər. Ali Baş Komandan cənab İlham Əliyev naxçıvanlıların cəsarətini  belə qiymətləndirmişdir: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizdə sentyabrın 27-si Anım Günü, 8 noyabr tarixi isə Zəfər Günü kimi qürurla qeyd edilir.     

Rəşadətli Ordumuz dünyanın ən güclü ordusudur

Rəşadətli Ordumuz dünyanın ən güclü ordusu olduğunu dəfələrlə sübut edib. Həyata keçirilən hərbi əməliyyatlar ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını bir daha təsdiqləyir. Belə ki, ötən il Ermənistanın təxribatlarına cavab olaraq “Fərrux” əməliyyatı, “Qisas” antiterror əməliyyatı ordumuzun uğurları ilə nəticələndi. Bu il də üçtərəfli bəyanatın prinsiplərini dəfələrlə pozaraq təxribatlar törədən Ermənistana ordumuz tərəfindən layiqli cavab verilib. Qeyd edək ki, qarşı tərəf bu günə qədər dövlətimiz tərəfindən irəli sürülən sülh təklifindən yayınmaq üçün əlindən gələni edir.
    Ötən il avqustun 26-da Laçın şəhərinin Zabux və Sus kəndlərinin  azad edilməsi, bu il mart ayının sonunda yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi, aprel ayında Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi və  orada Azərbaycanın üçrəngli bayrağının qaldırılması dövlətimizin, yenilməz, cəsur Azərbaycan Ordusunun növbəti mühüm nailiyyətidir.  Bu gün Laçın şəhərində genişmiqyaslı quruculuq işləri aparılır və bu ondan xəbər verir ki, bu il laçınlılar öz doğma torpaqlarına qayıdacaqlar.  Bu mənada, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hədəflərə çatmağa xidmət edən vacib sənədlərdir. İşğaldan azad edilmiş ərazilərdə hərbi obyektlərin yenidən inşası və əsaslı təmiri, orada xidmət edən hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətindəki tədbirlər davam etdirilir.
    Ötən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıması əldə edilən Zəfərin mühüm göstəricilərindən idi. Yaxşı olar ki, bu gün Ermənistan rəhbərliyi və digər rəsmi şəxsləri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən açıqlamalar vermək yerinə sülh üçün çalışsınlar.

Hərbi əməkdaşlıqlar qarşılıqlı etimad üzərində qurulub

Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə ölkəmiz müdafiə sənayesi sahəsində günü-gündən inkişaf edir. Mühüm əməkdaşlıqlar nəticəsində hərbi arsenala müasir texnika və silahlar alınır, ölkəmizdə istehsal olunan hərbi təyinatlı məhsullar ordumuzun potensialının möhkəmləndirilməsinə xidmət edir. Orduda əlaqələr  “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası” əsas götürülərək yaradılır. Hərbi əməkdaşlıq zamanı Azərbaycan Respublikasının milli maraqları əsas götürülür. Hər il hərbi əməkdaşlıq çərçivəsində bir sıra mühüm görüşlər keçirilir və bu məqsədlə xarici ölkələrə səfərlər olunur. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım, ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini də özündə əks etdirir.  Ölkəmizin hərbi sahədə ən mühüm tərəfdaşı olan qardaş Türkiyə Respublikası ilə keçirilən “Qardaş yumruğu”, “Bir millət, iki dövlət, tək ordu”, “Anadolu Qartalı – 2023” və digər hərbi təlimlər qardaşlığın, əsl dostluğun mahiyyətini dünyaya bəyan etməklə həm də gələcək hərbi uğurlarımızdan xəbər verir. Eyni zamanda Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin təmini sahəsində hər iki ölkənin birgə səyləri dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, NATO hərbi təşkilatı ilə imzalanmış müvafiq proqramlar çərçivəsində hərbi qulluqçularımız ölkədən kənarda keçirilən kurs, təlim-məşq toplanışlarında uğurla iştirak edirlər. Onu xüsusilə vurğulamalıyıq ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi döyüş təcrübəsi bu gün dünyanın hərbi güc  mərkəzləri tərəfindən öyrənilir, tətbiq edilir.
    Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyi bu günlərdə Onun xalqımıza miras qoyduğu güclü, əzəmətli, müzəffər Azərbaycan Ordusu havada, quruda, suda Vətənimizin keşiyində məğrur dayanıb. Şanlı Zəfər tarixini yazan ordumuzla  fəxr edir, qürur duyuruq, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 09.05.2023 00:16