AZ EN RU

Ümummilli Liderimizin ideyaları, amalları Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır

    Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu görkəmli siyasi xadim Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Ümummilli Liderimiz xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

    Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan görkəmli dövlət xadimi Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə həmişə öz xalqının yanında olmuşdur. Azərbaycanın həqiqi müstəqilliyi, intibahı məhz dahi rəhbərin çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, – deyib şərəfli bir missiyanı üzərinə götürən Ulu Öndərin öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ümummilli Liderimiz həmişə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənir, arxalanırdı. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə, həqiqətən də, qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf yoluna çıxdı.
    Azərbaycanın müasir tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti Heydər Əliyevin mənalı həyat yolu və fəaliyyəti tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbidir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Ulu Öndər Heydər Əliyev şəxsiyyətindən qaynaqlanır. Ümummilli Liderimiz Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi.
     “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən Ulu Öndərimiz şərəfli ömür yolunun 35 ilini Azərbaycanın nicatına həsr etmiş, xalqı azadlığa qovuşdurmaqla onun qəlbində özünə möhtəşəm abidə ucaltmış, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik tarixini yaratmışdır. Ona görə də çox düzgün olaraq 1969-cu ilin 14 iyulunda görkəmli dövlət xadiminin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamında deyilir: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir”. 
    Ulu Yaradan dahi şəxsiyyət Heydər Əliyevə bütün fiziki və mənəvi keyfiyyətləri səxavətlə vermişdi. Digər tərəfdən, Ulu Öndərin öz bilik və bacarığını, zəngin təcrübəsini tətbiq etmək üçün geniş meydan vardı. Əlbəttə, bu meydana girmək, özünü sübut etmək, layiq olduğun mərtəbəyə yüksəlmək üçün gərgin zəhmətə qatlaşmaq, gecə-gündüz yorulmaq bilmədən çalışıb-çarpışmaq tələb olunurdu. Dahi rəhbər bütün bu vəzifələrin öhdəsindən daim ləyaqətlə gəldi. Azərbaycanın qərinədən artıq bir dövrünü əhatə edən tarixi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş bilavasitə görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol öz başlanğıcını, əslində, 1969-cu ildən – məhz bu dahi şəxsiyyətin hakimiyyətə gəlişindən götürmüşdü. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda xalq təsərrüfatının bütün sahələri inkişaf yoluna qədəm qoydu. Sənayedə, kənd təsərrüfatında, mədəniyyət, səhiyyə, incəsənət və digər sahələrdə də intibah dövrü başlandı. Bu, əlbəttə, görkəmli dövlət xadiminin şəxsiyyəti, fəaliyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi. Azərbaycan məhz Ümummilli Liderin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində öncül yerə keçdi. Elə həmin illərdə Azərbaycanda böyükhəcmli abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan neçə-neçə binalar tikilib istifadəyə verilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyətimizə, tariximizə, səhiyyə sahələrinə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Azərbaycanın ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün ev-muzeyləri yaradılmışdır. 
    Ümummilli Liderin Azərbaycanın əsl dövlət müstəqilliyi qazandığı dövrdə siyasət meydanında olması, buna qədər isə təkcə xalqın məhəbbətini deyil, həm də etimad və etibarını qazanması taleyin qisməti idi. “Mən həyatımın yerdə qalan hissəsini də doğma xalqıma bağışlayıram”, – deyən Ulu Öndər bütün ömrünü xalqının xoşbəxtlik və səadətinə həsr etmişdir. Adıçəkilən Sərəncamda deyilir: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömürboyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
    Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan dahi rəhbərimiz özünün zəkası ilə bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Xalqımızın böyük oğlu Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıdan, onu sevərək hifz edən, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirən qüdrətli bir şəxsiyyətdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qurtarmışdır.
    1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Naxçıvan Ulu Öndərin də dediyi kimi, “taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Azərbaycanın əsas əraziləri ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən sonra iqtisadi və siyasi böhran içində boğulan, adamların son ümidi olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvan düşdüyü vəziyyətə SSRİ-nin tərkibindən çıxması barədə qərarı ilə etirazını bildirəndən sonra ovaxtkı hakimiyyətin qəzəbinə düçar olmuşdu. 
    Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qətiyyətli addımların atılmasına gətirib çıxartdı. 
    Böyük və mənalı ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən işlər müstəqil dövlətimizin qurulmasına yönəldilmiş strategiyanın tərkib hissəsi idi. Ulu Öndərin 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublikamızı işğal təhlükəsindən qorumuşdur. 1990-cı ilin noyabr ayında görkəmli dövlət xadiminin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Hələ Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə nəinki Azərbaycanın, Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdır. 
    Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən Ümummilli Lider özünə Naxçıvan boyda abidə ucaltdı. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev Naxçıvana üz tutdu və bu da hesab edirəm ki, tarixi zərurət idi. Çünki o vaxt Naxçıvan da təhlükə altında idi. Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar. Tam əminliklə deyə bilərəm ki, əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı, bəlkə Naxçıvan da işğal oluna bilərdi. O, Naxçıvanı qorudu, naxçıvanlılar da onu qorudular”. 
    Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin etmişdir. Ümummilli Liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. 
    Xalqımız əmindir ki, Ümummilli Liderimizin siyasi kursu möhkəm əllərdədir. Ölkə rəhbəri nəinki regionda, bütövlükdə, dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, onunla birlikdə Heydər Əliyev kursunu da yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır, böyük uğurlara imza atır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan daha da inkişaf edərək lider dövlətə çevrilmişdir. Bu inkişaf ölkə həyatının bütün sahələrini və regionları əhatə edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da sürətli inkişaf yolundadır. Bütün bunlar görkəmli dövlət xadiminin yoluna, siyasi və nəzəri irsinə sədaqətin nəticəsidir. Ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi: “Heydər Əliyev yaşayır. Azərbaycan xalqının qəlbində yaşayır. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.

İlhamə MUSTAFAYEVA
Naxçıvan Dövlət Universitetinin Təməl tibb fənləri kafedrasının müdiri, 
tibb üzrə fəlsəfə doktoru

Nəşr edilib : 29.03.2023 18:57