AZ EN RU

Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının tükənməz, yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir

2023-cü il “Heydər Əliyev İli”dir 

    Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edərkən bir daha xalqımızın böyük oğlunun mənalı ömür yolunu, müstəqil və müasir Azərbaycanın quruculuğu sahəsindəki fədakar əməyini göz önünə gətiririk. Azərbaycanın ağır günlərində onun xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev olmasaydı, bu gün müstəqil və qüdrətli Azərbaycan da olmayacaqdı. Azərbaycan müstəqil dövlət kimi mövcudluğuna və müasir dünyanın siyasi arenasında tutduğu mövqeyə görə qurucu və xilaskar lider Heydər Əliyevə borcludur. Ulu Öndər “Mən gələcək nəsillərə çox qüdrətli, güclü, inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm”, – deyərək gecəli-gündüzlü zəhməti və müdrik siyasəti ilə güclü, qüdrətli və inkişaf etmiş Azərbaycan yaradaraq xalqımızın bugünkü və gələcək nəsillərinə ərməğan etdi. Ümummilli Liderimizin xalqımıza əmanəti olan müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir.
    Bu gün hər bir azərbaycanlı qəlbən sevinir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncam imzalayıb. Bu Sərəncam xalqımızın taleyində xüsusi yeri və rolu olan qüdrətli rəhbərə ümumxalq ehtiramını dövlət səviyyəsində ifadə edən mühüm tarixi-siyasi sənəddir. Dövlət başçısının Sərəncamında öz əksini tapmış aşağıdakı fikirlər Ümummilli Lider Heydər Əliyev dühasına, bütövlükdə, Azərbaycan xalqının yüksək ehtiramını və böyük qiymətini bildirən ürək sözləri kimi səslənir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
    1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan dahi insan Heydər Əliyev nəsillərə nümunə olan şərəfli ömür yolu keçmiş, daim xalqımızın rifahı naminə, Azərbaycan naminə çalışmışdır. Ulu Öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən O, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi ki: “Azərbaycan mənim qibləgahımdır”. Yaxud: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikirlər bir dahi ömrünün manifestidir. O manifestin hansı səhifəsini çevirsək, orada Azərbaycan naminə sonsuz fədakarlıqlar görəcəyik. Məhz buna görə iyirminci əsr siyasi tariximizdə Ulu Öndər Heydər Əliyev qədər həyatını Azərbaycana həsr edən, Azərbaycançılıq uğrunda, dövlətimizin və xalqımızın müstəqilliyi uğrunda bu qədər fədakarlıqlar göstərən və hətta öz canından belə keçməyə hazır olan ikinci bir şəxsiyyət, ikinci bir dövlət xadimi yoxdur. 
    Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik konsepsiyasını yaratmışdır. Ona görə də 1969-cu ilin 14 iyulunda görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, inkişaf və tərəqqi yolunun başlanğıcı kimi qiymətləndirilir. 
    1969-cu ildə respublika rəhbərliyinə gələn Ümummilli Liderimiz sosial-iqtisadi böhran keçirən, iqtisadi cəhətdən geridə qalan Azərbaycanı qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmişdir. 1969-1982-ci illər Azərbaycan tarixinə yüksəliş, tərəqqi və inkişaf dövrü kimi daxil olmuşdur. Həmin dövrün ən böyük uğuru isə milli şüurun oyanması istiqamətində həyata keçirilən tədbirlərdir. Çünki bunsuz sosial-iqtisadi inkişafa nail olmaq, müstəqilliyə zəmin hazırlamaq mümkün deyildi. Keçmiş Sovetlər Birliyi məkanında, sovet ideologiyasının kifayət qədər güclü olduğu bir dövrdə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız və yalnız Ulu Öndərimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı cəsarətli bir dövlət xadimi, böyük iradə sahibi olan siyasi lider reallaşdıra bilərdi. Həmin dövrdə tarixi yaddaşın bərpası ilə yanaşı, ölkəmizin iqtisadi, sosial-siyasi və mədəni həyatında da inqilabi dəyişikliklər baş vermiş, 14 il ərzində Azərbaycan geridə qalmış regiondan mərkəzi hakimiyyətin dotasiyası olmadan öz-özünü maliyyələşdirən lider respublikaya çevrilmişdi. Şübhəsiz ki, bunlar gələcək müstəqillik dövrünə hazırlıq xarakteri daşıyırdı və bütün bunlar həyata keçirilməsəydi, ölkəmiz müstəqil dövlətçilik şəraitində özünü qoruyub-saxlaya və inkişaf edə bilməzdi.
    Ümummilli Liderimiz Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. 
    Azərbaycanın xilası görkəmli dövlət xadimi  Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə Azərbaycançılıq uğrunda xidmətlərini davam etdirmiş, həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmişdi. Bu kəskin bəyanatdan sonra Ümummilli Liderimizin Moskvada yaşaması mümkün olmadı. O, 1990-cı il iyulun 20-də Bakıya gəldi. Lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra iyulun 22-də doğma Naxçıvana qayıtdı, buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Adıçəkilən Sərəncamda da deyilir: “Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir”.
    1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, yerləşdiyi bölgədə lider ölkəyə çevrilən yeni Azərbaycan dövlətinin yaradılmasına səbəb olmuşdur.
    Ümummilli Liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən ölkə rəhbəri nəinki regionda, bütövlükdə, dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, onunla birlikdə Heydər Əliyev kursunu da yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır, böyük uğurlara imza atır. 
    Ulu Öndərimiz Azərbaycan xalqının qəlbində DAHİ İNSAN, XİLASKAR RƏHBƏR kimi yaşayır və yaşayacaqdır. Xalqın qəlbində, yaddaşında, tarixində və taleyində Onu əbədiləşdirən isə Heydər Əliyevin cəsarəti, prinsipiallığı və çətinliklərdən çıxış yolu tapmaq kimi fitri istedadı olmuşdur. Əsl siyasi liderlər öz cəsarəti, prinsipial qərarları, ən çətin şəraitdə çıxış yolu tapmaq məharəti ilə seçilən fitri istedada malik insanlardır. Ümummilli Lider  Heydər Əliyev prinsipial qərarları ilə Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirən dövlət başçısına, cəsarəti ilə bu Vətəni qorumağa cavabdeh olan Silahlı Qüvvələrə, ən çətin şəraitdə çıxış yolunu tapmaq məharəti ilə, bütövlükdə, Azərbaycan xalqına nümunə göstərmişdir. Bu yol Ulu Öndər Heydər Əliyevin yoludur və Azərbaycanın müstəqilliyi qədər əbədidir, dönməzdir. Sərəncamda da deyildiyi kimi: “Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir”. 
    Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən Heydər Əliyev quruculuq xətti ölkəmizi əsl intibaha qovuşdurmuşdur. Ümummilli Liderimiz deyirdi: “Mən istəyirəm ki, mənim Azərbaycan dövləti haqqında, Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün biz hamımız Ümummilli Liderimizin bu arzu və planlarının yerinə yetirilməsinin şahidləriyik. Ötən dövr ərzində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər, iqtisadiyyatın daha da gücləndirilməsi, sosial infrastruktur sahəsində həyata keçirilən böyük quruculuq tədbirləri Ulu Öndərimizin yubileyinə layiqli töhfədir. Ölkəmizin iqtisadi qüdrəti ona görə ilbəil artır, xalqımızın rifah halı ona görə ilbəil yaxşılaşır ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, davam və inkişaf etdirilir.    
    Bu gün Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları qürur və sevinc hissləri keçirirlər. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın müddətdə mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha ortaya qoydu. 
    Bu gün ölkəmizin sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın  Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” imzaladığı Sərəncamında da deyildiyi kimi: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömürboyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

İlhamə MUSTAFAYEVA
Naxçıvan Dövlət Universitetinin Təməl tibb fənləri kaderasının müdiri,
 tibb üzrə fəlsəfə doktoru

Nəşr edilib : 17.01.2023 18:52