AZ EN RU

Ümummilli Liderə rəssamlığı sevdirən, zəngin memarlıq və dövlətçilik ənənələrini özündə yaşadan abidə

    “...Bu abidənin qiyməti yoxdur. Möminə xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da, böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Bu sözləri xalqımızın Ümummilli Lideri Heydər Əliyev milli memarlığımızın möhtəşəm abidəsi, XII əsrdə görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı Möminə xatın türbəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı deyib.

    Ulu Öndəri tanıyanlar deyir ki, o görkəmli siyasət və dövlət xadimi, sadə və səmimi insan olmaqla bərabər, həm də böyük incəsənət adamı idi. Rəsm çəkməyi xoşlayır, musiqinin sirlərini dərindən bilirdi. Bu da təsadüfi deyildi. O, tarixi-memarlıq abidələri ilə zəngin olan Naxçıvanda doğulmuşdu. Bu xüsusiyyət dahi lideri əlinə fırça almağa, bu qədimlik və gözəllik nümunələrini tabloya köçürməyə sövq edirdi. Ümummilli Liderin çəkdiyi rəsmlər sırasında məşhur Möminə xatın türbəsi də var idi. O özü bu barədə abidəni ziyarəti zamanı demişdi: “Yadımdadır, mən burada yaşayan zaman, gənc vaxtımda, məktəbdə oxuyanda gəlib bunun ətrafında gəzirdim. Məktəbdə oxuyanda çoxlu rəsm çəkirdim, buna həvəsim vardı, rəssam olmaq istəyirdim. Onda memarın nə olduğunu heç başa düşmürdüm. Ancaq rəsm çəkdiyimə görə axtarır, gözəl yerləri çəkirdim. Məsələn, Haçadağı, Naxçıvanın başqa yerlərini çəkirdim. Möminə xatın türbəsini bir neçə variantda çəkmişəm. Çox təəssüf edirəm, mən Bakıya, oradan Leninqrada, Moskvaya gedəndən sonra buradakı kitablarım, çəkdiyim şəkillər hamısı dağıldı. Təəssüf edirəm. Akvarellə çəkilmiş çox gözəl şəkillərim vardı...”
     Ümummilli Liderin bu səfərindən sonra onun göstərişi ilə abidə əsaslı şəkildə bərpa olunub, bu addım xalqımızın zəngin tarixinə, mədəniyyətinə, tarixi köklərinə qayıdışında, onu dərk etməsində mühüm rol oynayıb. Bu əzəmətli memarlıq abidəsi, tariximizi təsdiq edən bir abidə kimi Atabəylər dövlətinin və Azərbaycanın XII əsrdəki dövlətçilik tarixinin tədqiqinə, öyrənilməsinə geniş imkanlar açıb. Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkсə Naxçıvanı əhatə etməyib, bütün Şərq aləminə onun memarlıq üslubu yayılıb, böyük əsərlər yaradılıb. 
    Möminə xatın türbəsi Atabəylər Memarlıq Kompleksi abidələri sırasına daxildir.  Naxçıvan şəhərinin mərkəzində yüksələn bu abidə orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Bu bənzərsiz sənət nümunəsində memar Əcəminin ustalığı və müdrikliyi aydınca öz əksini tapıb. Diqqəti ilk baxışdan özünə cəlb edən, XII əsr Azərbaycan mədəniyyətini özündə layiqincə yaşadan abidənin baş kitabəsində yazılıb: “...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Məhəmməd Cahan Pəhləvan Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz ...dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu Möminə xatının xatirəsinə tikməyi əmr etdi!”
    Abidə XII əsrdə Azərbaycanda hakimiyyətdə olan Atəbəylər (Eldənizlər) dövlətinin diplomat qadınlarından sayılan Möminə xatının şərəfinə tikilib və onun adını daşıyır. Möminə Xatının məzarı üzərində əzəmətli məqbərəni onun yoldaşı Atabəy Şəmsəddin Eldəniz tikdirir. 1175-ci ildə özülü qoyulan məqbərənin inşası Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. Tarixi mənbələrdə göstərilir ki, abidə 1186-cı ildə tikilib. Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan abidə anaya, qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Çox zərif və yüksək bədii təfəkkür məhsulu olan abidənin üzərindəki naxışlarda belə qadın ucalığı, qadın möhtəşəmliyi və zərafəti duyulur. Möminə xatın türbəsi təkcə Azərbaycan memarlığının deyil, ümumən, İslam memarlığında ən uca və incə kompozisiyası ilə seçilən uzunömürlü türbələrdən biri hesab edilir. Bu abidədə təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirilib. Məhz buna görə də memar Əcəmi öz çağında haqlı olaraq “mühəndislər başçısı” adına layiq bilinib.
    Abidənin baştağında  kufi xətlə yazılan “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” misraları isə onu göstərir ki, mədəniyyətimizdə Möminə xatın kimi heç vaxt köhnəlməyən, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələr  insanların yaddaşında və tarixdə həmişə qalacaq.
    Şərq memarlığı üçün bir məktəb rolunu oynayan Əcəmi yaradıcılığının təsiri ilə inşa edilən Culfadakı Gülüstan türbəsi (XIII əsr), XIV əsrdə tikilən Qarabağlar, həmçinin türk mühəndisi memar Sinanın İstanbulda memarı olduğu türbələr bu gün də bütün dünyanı heyrətləndirir. Vüqarlı, dəyanətli, əzəmətli Möminə xatın türbəsi Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri kimi xalqımızın zəngin tarixini, mədəniyyətini, milli dəyərlərini özündə yaşadır. 

    Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda tarixi-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bərpa layihələrinin hazırlanması, tarixi eksponatların qorunması, arxeoloji araşdırmalar aparılması, tarixi-memarlıq abidələrinin UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması öz əksini tapır. Bu sıraya Möminə xatın türbəsi, eləcə də digər tarix-mədəniyyət abidələrimiz daxildir. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 01.09.2023 18:29