AZ EN RU

Ümummilli Liderə həsr olunan dəyirmi masa təşkil edilib

    Naxçıvan Şəhər İcra Hakimiyyətində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində böyük qürur və fərəh hissləri ilə qeyd olunmaqdadır. Bu münasibətlə keçirilən hər bir tədbir görkəmli dövlət xadiminin siyasi fəaliyyətinin və ideyalarının öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından olduqca önəmlidir. Bu baxımdan “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda keçirilən bugünkü tədbir də Ulu Öndərin xalqımız qarşısındakı müstəsna xidmətlərinin, onun bizə bəxş etdiyi müstəqil Azərbaycanın inkişaf yolunun öyrənilməsində mühüm əhəmiyyətə malikdir. İcra başçısı vurğulayıb ki, məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan sənayenin inkişaf etdiyi, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə dünyada tanınan diyara çevrilib.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən qısa vaxt sonra ölkəmizdə inkişaf və tərəqqi özünü göstərməyə başladı. Ulu Öndərin respublikamızın problemlərini dərindən bilməsi, onların həlli yollarını müəyyənləşdirməsi, ən başlıcası isə bütün xalqı vahid məqsəd ətrafında birləşdirməsi gələcək uğurlar və inkişaf üçün əsas oldu. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevirdi. Aqrar sahəsindəki uğurlar, xüsusilə üzümçülük və pambıqçılıq rekord səviyyədə inkişaf etdirildi. Respublikamız iqtisadi artım sürətinə görə orta ittifaq səviyyəsini üstələdi. Bu dövrdə orta və ali məktəblərin şəbəkəsi genişləndirildi, yüksəkixtisaslı kadr hazırlığına diqqət artırıldı, azərbaycanlı gənclər keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı, gənclərin hərbi ixtisaslara yiyələnməsi təmin edildi. Mədəniyyətin inkişafına diqqət artırıldı, elm və mədəniyyət xadimlərinə yüksək fəxri adlar verildi. 
    Sonra akademik İsmayıl Hacıyev müəllifi olduğu “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyanı və “İrs” jurnalının nəşrləri seriyasından Naxçıvanın tarixi abidələrinə həsr olunmuş “Daş keşikçilər” adlı kitabını Naxçıvan Şəhər İcra Hakimiyyətinə hədiyyə edib. 
    Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərlı çıxış edərək bildirib ki, Ulu Öndərin hər iki rəhbərlik dövrü məhz ölkəmizin qurtuluşu missiyası ilə başlanıb, sonrakı mərhələdə isə onun sürətli sosial-iqtisadi inkişafına və mədəni intibahına həsr olunub. Bu mənada, Azərbaycanın 1969-2003-cü illəri əhatə edən bir qərinəlik dövlətçilik tarixi Heydər Əliyev şəxsiyyəti ilə, onun milli qurtuluş fəlsəfəsi, quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. 
    Yekunda Ulu Öndərin həyatı və fəaliyyəti ilə bağlı qısametrajlı filmi nümayiş olunub.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 13.07.2023 19:22