AZ EN RU

Ümummilli Lider ölkəmizdə demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin yaradıcısıdır

    Hər bir xalqın müstəqilliyi üçün obyektiv zəminin formalaşması müəyyən mənada dahi şəxsiyyətin varlığı ilə bağlıdır. Siyasi baxışlarından asılı olmayaraq, əksər elm xadimləri etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə böyük tarix ötən əsrin ikinci yarısında – Ümummilli Lider Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdən başlamışdır. Ulu Öndərin respublikaya rəhbərlik dövrü çağdaş tariximizə mədəni və iqtisadi cəhətdən yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə kömək etmiş, Azərbaycanda bütün sahələr üzrə intibaha əsaslı zəmin yaratmışdır.

    XX əsr Azərbaycan tarixinin dahi, fenomen şəxsiyyəti kimi Ulu Öndər Heydər Əliyev şərəfli ömür yolunun 40 ilə yaxın bir dövrünü xalqının rifahına həsr etmiş, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını qoymuş, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində silinməz izlər buraxmışdır. Bu da təsadüfi deyildir ki, Ulu Öndərin 100 illik yubileyi hazırda respublikamızda və onun hüdudlarından kənarda ehtiramla qeyd olunur.
    Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra qanunvericilik bazasının formalaşdırılması, hüquqi islahatların həyata keçirilməsi, demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin yaradılması sahəsində görkəmli dövlət xadiminin rolu əvəzedilməzdir. O, demokratiya, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində, siyasi, iqtisadi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mütərəqqi və qətiyyətli addımlar atmışdır.
    Ulu Öndər tərəfindən aparılan köklü məhkəmə-hüquq islahatları çox dəyərli konsepsiyaya söykənir, bu konsepsiya inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsinə, ümumbəşəri demokratik prinsiplərə, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələrinə dayanır. Bu hüquqi islahatlar azad cəmiyyətin formalaşmasına, hüquqi, demokratik dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaratmışdır.
    Ümummilli Liderin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu çox dəyərli ənənələrdən biri də məhz xalq arasına çıxmaq, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaq idi. Bu yolla o, mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmiş olurdu. Dahi şəxsiyyət insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerində öyrənib, bununla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirirdi. Hakimiyyət məmurları və sadə xalq kütlələri arasındakı münasibətlərdə hər cür sərhədə, bürokratik əngəllərə qarşı çıxmışdır.
    Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması oldu, o, daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verirdi. Bu ideologiya hazırda da davam etdirilir.
    Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı yeni islahatların aparılmasına səbəb oldu. Bütün sahələrlə yanaşı, Hüquq-Mühafizə və Məhkəmə orqanları da yenidən quruldu. 1995-ci ildə ümumxalq səsverməsi-referendum yolu ilə ilk milli Konstitusiyası qəbul olundu. Həmin Konstitusiya ilə yeni məhkəmələr yaradıldı. Konstitusiya məhkəməsi Ali Məhkəmə, Apelyasiya məhkəmələri, Ağır cinayətlərə dair məhkəmələr, Hərbi məhkəmələr, İnzibati-İqtisad (sonradan İnzibati və Kommersiya məhkəməsi yaradılıb) məhkəməsi, şəhər və rayon məhkəmələri (həmin zamanadək xalq məhkəmələri idi) yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndinə əsasən göstərilən məhkəmələr hakimiyyətin bir qoludur.
    Dövlət quruculuğunun və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində Ümummilli Liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuş, ilk milli Konstitusiyanın qəbulu tariximizdə mühüm tarixi hadisədir. Bununla bərabər dövlətin və cəmiyyətin ardıcıl inkişafının təmin olunmasında demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə cavab verən yeni qanunlar da qəbul edildi. Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verildi. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edildi.
    Məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı əsas ideyalar Konstitusiyada bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan ədalətli sistem yaratmaq mümkün deyil. Buna görə ölkədə köklü islahatlara ehtiyac var idi. Bu səbəbdən məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə dayanan “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul edildi. Bu qanun sayəsində bir sıra yeniliklər, qaydalar qəbul olundu və vahid məhkəmə sistemi yarandı. Bununla da ölkəmizdə məhkəmə quruluşunun mahiyyətcə yeni modeli bərqərar edildi.
    Bu qanuna əsasən respublikada hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın inkişaf etmiş dövlətlərinin mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırıldı. Bu qanuna əsasən hazırda ölkəmizdə birinci instansiya, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinə, onun dəqiq və düzgün təmin olunmasının artırılmasına xidmət edir. Belə ki, işlərə birinci instansiya qaydasında baxılır, bundan sonra qanunla nəzərdə tutulan hallarda apelyasiya qaydasında, daha sonra isə kassasiya qaydasında yenidən baxıla bilər. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin, qərəzli, subyektiv, ədalətsiz şəkildə baxılması hallarının tez bir zamanda aşkar edilib, onların yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərə düzgün və obyektiv baxılmasına şərait yaradır.
    İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü isə yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər oldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu, 1998-ci il fevralın 10-da isə, ümumiyyətlə, ləğv edildi. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşdü. Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ümummilli Lider Heydər Əliyevin gələcək nəsillərə misilsiz töhfəsidir. Ulu Öndər qeyd edirdi: “Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirildi, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirildi.
    Əhalinin ədalət mühakiməsinə çatımlığının təmin olunması, onların əlavə vaxt itkisindən, xərclərdən azad edilməsi, qanunçuluğun möhkəmlənməsi məqsədilə respublika üzrə mövcud olan vahid Apelyasiya Məhkəməsi ləğv olunaraq regional apelyasiya məhkəmələri yaradıldı. Bu hal məhkəməyə müraciət edən vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Məlumdur ki, cəmiyyətdə hakimin ədalətli qərarının insanların mənəvi dünyasına, dövlətçiliyə inamının formalaşmasına böyük təsiri vardır. Dahi rəhbərimizin müdrik kəlamında deyildiyi kimi, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Ona görə də məhkəmə yaradıldığı gündən öz ərazi yurisdiksiyası daxilində verilən apelyasiya şikayətlərinə baxılarkən qanunun tələblərinə üstünlük verərək ədalət mühakiməsini obyektiv və ədalətli şəkildə həyata keçirməklə vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına xidmət göstərir.
    Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.
    Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Həyata keçirilən islahatlar qanunların və digər normativ-hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb.
    Hüquqi islahatların həyata keçirilməsi məqsədilə Prezidentin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə hüquqi islahatlar komissiyası, 1 dekabr 1998-ci il tarixli Fərmanla isə hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla dövlət başçısı yanında Məhkəmə-Hüquq Şurası yaradıldı.
    Həyata keçirilən çoxşaxəli islahatların məntiqi nəticəsi kimi Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına tam hüquqlu üzv qəbul edildi və bu tarixi hadisə respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb oldu və onun inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
    Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış və məhkəmə hakimiyyətinin müstəqilliyinə hüquqi zəmin yaradır. Bu sahədə qəbul olunmuş qanunlar isə yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Həyata keçirilən islahatlar nəticəsində prokurorun məhkəmədə tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində tətbiq edilməyə başlanıldı.
    Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik sahəsində islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçımızın qətiyyətli siyasi səriştə və iradəsi, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi, onun Azərbaycan inkişafı naminə məqsədlərini böyük məharətlə həyata keçirməsi hər birimizin qəlbini qürur hissi ilə doldurur.
    Hazırda ölkə rəhbərinin ideyası və təşəbbüsü ilə 2004-cü ildən başlayaraq məhkəmə sistemi daha da müasirləşdirilərək Avropa standartlarına uyğunlaşdırılır. Buna görə də qanunvericilik sahəsində islahatlar keçirilərək onun təkmilləşdirilməsi işləri görülür. Bu baxımdan ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanuna əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmışdır, belə ki, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuşdur. Hakimlərin intizam məsuliyyəti məsələləri Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid edilmişdir. Hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum – Hakimlərin Seçki Komitəsi yaradılmışdır.
    Məhkəmə hüquq islahatlarının məntiqi davamı kimi Prezident cənab İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı isə respublikamızın məhkəmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi və müasirləşməsi sahəsində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Bu fərman reallıqdan doğan zərurət olmaqla məhkəmə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etdi. Bu fərman hakimlərin peşə səviyyəsinin artırılması, hakim vəzifələrinə namizədlərin müasir tələblərə cavab verən hazırlığının təmin edilməsi üçün tədbirlər görməsi, ədalət mühakiməsinin həyata keçirilməsinin yüksək mənəvi və mədəni meyarlarının müəyyən edilməsi məqsədilə Hakimlərin Etik Davranış Kodeksinin hazırlanması və təsdiq edilməsi, hakimlərin fəaliyyətində sui-istifadə, korrupsiya halları və digər qanun pozuntuları ilə bağlı müraciətlərin təxirəsalınmadan araşdırılması və müvafiq əsaslar olduğu halda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün ciddi tədbirlər görməsi barədə müvafiq göstərişlər də nəzərdə tuturdu.
    Məhkəmə sisteminin müasirləşdirilməsi, vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən “Elektron məhkəmə” informasiya sistemi yaradılmışdır. Bununla bağlı Prezident cənab İlham Əliyev 2014-cü il fevralın 13-də müvafiq Sərəncam imzalamışdır. İnformasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin şəffaflığının artırılmasına, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.
    Bu gün ömrünü bütünlüklə xalqının rifahına və dövlətinin gələcək inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövləti möhkəm təməllər üzərində dinamik tərəqqi yolu keçir, qüdrətlənir və inkişaf edir.
    Məhkəmə-hüquq sistemində inkişafın yüksək səviyyədə həyata keçirilməsi məqsədilə hər bir hakim öz üzərinə düşən məsuliyyəti dərk edərək qəbul etdiyi qərarlarda ədalət, qanunçuluq və qərəzsizlik prinsipinin tələblərinə dönmədən əməl etməlidir.
    Keçirilən islahatlar nəticəsində Azərbaycanda məhkəmə sisteminin fəaliyyəti daha da müasirləşəcək, ədalət mühakiməsi daha çevik həyata keçiriləcək, əhaliyə yüksək səviyyədə hüquqi yardım göstəriləcəkdir.

 Polad HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri 

Nəşr edilib : 08.05.2023 22:19