AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş tədbirlər olub

    Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Tədbirlər Planına uyğun olaraq cari il ərzində millət vəkilləri ilə uşaqlarla görüşün keçirilməsi nəzərdə tutulub. 2023-cü il 13 mart  tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək Şəhər 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyevanın “Liderliyə gedən yol” mövzusunda uşaqlarla görüşü keçirilib.
    Görüşü giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq tədbirin mahiyyətindən ətraflı bəhs edib.
    Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə, eləcə də muxtar respublikada yüksək səviyyədə qeyd edilir.          Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi tarix Azərbaycanın inkişaf yoludur, müstəqilliyinin möhkəmlənməsi tarixidir. Ümummilli Lider həmişə uşaqlara xüsusi diqqət yetirib, fəaliyyəti dövründə səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsini genişləndirərək uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərib. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Uşaqların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər görülür, müvafiq sahə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir, Dövlət proqramları qəbul olunur, beynəlxalq sənədlər ratifikasiya edilir. 
    Sədr müavini onu da qeyd edib ki, uşaqlar da onlar üçün yaradılan hərtərəfli şəraitdən yararlanmalı, mükəmməl təhsilə yiyələnmələri, bilikli, intellektual gənclər kimi gələcəkdə dövlətimiz, xalqımız üçün layiqli, vətənpərvər şəxsiyyət kimi formalaşıb ölkənin adını daim yüksəklərə qaldırmalıdırlar.
    Sonda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva “Liderliyə gedən yol” mövzusunda uşaqların şəxsi karyera və inkişafla bağlı fikir və təkliflərini dinləyib. Diskussiya şəklində keçirilən tədbirdə uşaqların gələcək planları, onları maraqlandıran digər məsələlərə dair sualları millət vəkili tərəfindən ətraflı cavablandırılıb.  

***

    Naxçıvan Musiqi Kollecində ingilis dilində Ümummilli Lider “Heydər Əliyev – qəhrəman və milli əfsanə” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə dahi siyasi xadimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən videoçarx nümayiş olunub. Kollecin Ümumtəhsil və humanitar fənlər şöbəsinin müəllimi Alidə İbrahimova iştirakçıları salamlayıb, onlara tədbir barədə məlumat verib.
    Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva  Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına verdiyi tarixi töhfələrindən bəhs edib. Diqqətə çatdırılıb ki, Ulu Öndərin Azərbaycana rəhbərliyindən sonra mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı və inkişaf yoluna qədəm qoydu. Bu gün diyarımızda mövcud olan incəsənətin, o cümlədən milli-mənəvi və bəşəri dəyərlərin elə bir sahəsi yoxdur ki, görkəmli dövlət xadiminin diqqət və qayğısını hiss etməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnib. 
   Diqqətə çatdırılıb ki, dahi rəhbərin atdığı böyük addımlar nəticəsində xalqımız öz milli kimliyinə sahib çıxa bildi, böyük təzyiqlərə, ağır sınaqlara baxmayaraq, tarixi ədalət bərpa olundu. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər həm də Azərbaycan teatrının inkişafı və tərəqqisi üçün böyük səylə çalışdı, ölkəmizdə, eləcə də muxtar diyarımızda nümunəvi, mütərəqqi ideyalara malik incəsənət mühiti formalaşdı.
    Daha sonra tələbələr tərəfindən ingilis dilində Ümummilli Lider Heydər Əliyevin həyatı, uzaqgörən siyasəti, milli-mənəvi dəyərlərimizə qayğısı və Azərbaycan musiqisinə verdiyi töhfələrlə bağlı məlumatlar qeyd olunub. Sonda dahi rəhbərin dilindən “Azərbaycan” şeirindən bir parça səsləndirilib, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” tarixi fikri səsləndirilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.03.2023 23:37