AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin təhsil siyasəti: gələcəyə ünvanlanan mükəmməl strategiya

    Azərbaycan Respublikasının siyasi, sosial-iqtisadi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, fəaliyyəti, dərinməzmunlu ideyaları, tapşırıq və tövsiyələri, zəngin irsi özünü göstərməsin. Şübhə yoxdur ki, bu gün ölkəmizin əldə etdiyi bütün uğurları nəzərdən keçirsək, onların məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsindən qaynaqlandığının bir daha şahidi olarıq. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər mürəkkəb proseslər, taleyüklü məsələlər və problemlərlə müşayiət olunsa da, bu gün həmin tarixi mərhələlərdə dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı, vətəndaş mövqeyinin formalaşdırılması, sosial-iqtisadi çətinliklərin həlli istiqamətində yürütdüyü çoxşaxəli siyasət misilsizdir və xalqımızın gələcəyi naminə daim öyrənilməlidir. Odur ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlərin, sosial-iqtisadi inkişafının, o cümlədən torpaqlarımızın işğaldan azad olunmasının təməlində məhz Ümummilli Liderin təhsil siyasətinin də dayandığını söyləsək, yanılmarıq. Sirr deyildir ki, ölkənin dinamik inkişafı, onun beynəlxalq arenada yerinin və rolunun möhkəmləndirilməsi, peşəkar kadr potensialının formalaşması, milli təhlükəsizlik maraqlarının təminatı, hər birimizdə  vətənpərvərlik hissinin və vətəndaşlıq mövqeyinin formalaşması və gücləndirilməsi təhsilin keyfiyyətindən də çox asılıdır. 

    Sovet hakimiyyəti illərində SSRİ-nin milli siyasətinin əsas məqsədlərindən biri etnik respublikalarda milli-mədəni dəyərlərin aşılanması, xalqların öz tarixi keçmişlərindən uzaqlaşması, ənənələrin unudulması “sovet mədəniyyəti”, “sovet adamı” kimi amorf stereotiplərin cəmiyyətin şüuruna və ictimai həyata yeridilməsi olmuşdur. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin yürütdüyü təhsil siyasəti hələ sovet rejimi dövründə Azərbaycanda rəsmi ideologiyaya qarşı reaksiyanın və müqavimətin formalaşmasında unikal imkanlar yaratmışdı. 
    Dahi şəxsiyyət Azərbaycanda hakimiyyətdə olduğu ilk dövrlərdən təhsilin inkişafına, məktəb tikintisinə, təhsil müəssisələrinin zəruri dərs avadanlıqları ilə təmin olunmasına xüsusi diqqət ayırırdı. Eyni zamanda qarşıda duran mühüm vəzifələrdən biri respublikanın ucqar yaşayış məntəqələrində də təhsilin keyfiyyətini paytaxt məktəblərinin səviyyəsinə yüksəltmək və müəllimlərin iş şəraitini günün tələbləri səviyyəsinə qaldırmaq olmuşdu. Belə ki, 1972-1973-cü illərdə qəbul edilmiş  “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlara uyğun olaraq Azərbaycanda keyfiyyətli orta təhsil şəbəkəsinin genişləndirilməsi istiqamətində fəal quruculuq işlərinə start verilmişdi. Eyni zamanda Ulu Öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə ölkənin bütün regionlarında uğurla həyata keçirilən təhsil islahatları təkcə bu sahənin deyil, bütövlükdə, Azərbaycanın intellektual bazasının sürətli inkişafına, milli kadr potensialının daha da gücləndirilməsinə geniş imkanlar yaratmışdır. 
   “Təhsil millətin gələcəyidir və təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, – deyən Ulu Öndər vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyinin xalqa bəxş etdiyi ən böyük nemətlərdən biri yeni təhsil sisteminin tarixi irsə, milli-mənəvi-əxlaqi dəyərlərə və dövlətçilik ənənələrinə uyğun şəkildə qurulmasıdır. Məqsəd yeni təhsil sisteminin, ilk növbədə, dövlətimizin gələcək inkişafını nəzərə almaqla onun Azərbaycanın prinsiplərinə, dövrün tələblərinə uyğun formalaşdırılmasıdır. Bu işdə təhsil sahəsində çalışan bütün mütəxəssislərin, rəhbər işçilərin və müəllimlərin üzərinə olduqca böyük və məsuliyyətli vəzifələr düşür. Ümummilli Lider yeni dərsliklərin hazırlanmasına və innovativ dərs proqramlarının tərtibinə də ciddi diqqət ayrılmasını tövsiyə edirdi. 
    Görkəmli dövlət xadiminin ölkə­mizdə təhsilin inkişafına böyük qayğısının ifadəsi idi ki, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə bu rəqəm 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi. Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı. Həmin illərdə Azərbaycanda əlavə olaraq beş ali təhsil ocağı da yaradılmış və nəticədə, burada yüksək ixtisas alan tələbələrin sayı 100 min nəfərə çatdırılmış və təhsilin keyfiyyəti günün tələbləri səviyyəsinə qaldırılmışdı. O da xüsusi vurğulanmalıdır ki, 60-cı illərin sonunda ölkənin 12 ali məktəbində 105 fakültə, 450 kafedra olduğu halda, 80-ci illərin əvvəllərində 21 ali məktəbdə, təqribən, 150 ixtisas üzrə 136 fakültə və 530 kafedra fəaliyyət göstərirdi. 
     Məhz ötən əsrin 70-80-ci illərində aparılan innovativ islahatların və genişmiqyaslı quruculuq işlərinin nəticəsində həmin dövrdə müxtəlif ixtisaslara yiyələnmək üçün xarici ölkələrdən Azərbaycana tələbə axını başlanmışdır. Paralel olaraq Ümummilli Liderin təşəbbüsü və qayğısı sayəsində 1970-ci ildən etibarən hər il, təqribən, 800-900 gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilirdi. 
   Ümummilli Liderin “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır” fikri xalqımızın dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə səslənsə də, göründüyü kimi, bu məqsəd hələ sovet dövründə onun əsas amalı olmuş və bu məsələni, xüsusilə müəllimlərə qayğını, onların sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlamışdı. Onun çoxillik zəngin dövlətçilik təcrübəsinin qənaətinə görə, təhsil sistemi yalnız bilikli, yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi ilə kifayətlənməməli, ilk növbədə, yeniyetmələrin, gənclərin təfəkküründə, ictimai şüurda həqiqi vətəndaşlıq mövqeyinin formalaşdırılmasında fəal iştirak etməlidir. Belə ki, Azərbaycanın milli ideologiyasını cəmiyyət içərisində effektiv və geniş təbliğ etmək üçün məktəblərdə Azərbaycan tarixinin tədrisinə, xalqımızın keçdiyi çətin və şərəfli yolun yaddaşlarda möhkəmləndirilməsinə çox ciddi fikir vermək lazımdır. Gənc nəsil xalqımızın tarixi keçmişini, ibrət dərslərini daim öyrənməli və bu gün qarşısında duran məsul vəzifələri yaxşı bilməlidir. Bütün bunları nəzərə alan Ümummilli Lider Heydər Əliyev üzünü ölkənin təhsil sistemi rəhbərlərinə, müəllimlərə tutaraq deyirdi: “Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun”.
    Dövlətçiliyin möhkəmləndirilməsində, ölkənin siyasi-iqtisadi və sosial inkişafının, müdafiə qabiliyyətinin, intellektual potensialının inkişafında təhsilin əhəmiyyətini yüksək dəyərləndirən Ümummilli Lider müstəqillik illərində təhsilin inkişafına diqqətini daha da artırmış, bu sahədə problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil sisteminin qurulması üçün mühüm tədbirlər həyata keçirmişdir. Misal üçün, aparılmış islahatlar nəticəsində ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi. Bundan başqa, müstəqillik illərində də Ümummilli Lider ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul etmiş, 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, onlara universitet statusu verilmişdir. 1997-ci ildə bakalavriat təhsilini başa vuran məzunlar ilk dəfə olaraq magistratura səviyyəsində təhsilə başlamışdılar. 
    Xatırlatmaq lazımdır ki, Azərbaycan müəllimlərinin 1998-ci ildə keçirilmiş növbəti – XI Qurultayında Heydər Əliyev öz çıxışında təhsil sisteminin uğurlarına, perspektivlərinə və çətinliklərinə toxunaraq məktəb tikintisinə diqqətin artırılmasının əhəmiyyətini də vurğulamış və bu barədə imkanlı iş adamlarına çağırış etmişdi. Həmin çağırışdan sonra bu sahəyə diqqət artmış, dövlət təşkilatlarının vəsaitləri, beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının inşasına başlanılmışdır. Elə həmin il görkəmli dövlət xadiminin müvafiq Sərəncamı ilə təhsil sahəsində islahatlar proqramı hazırlanmış və təsdiq edilmişdir. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. 2002-ci il oktyabrın 4-də isə ölkə başçısı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” imzaladığı Sərəncamda bu amillərin təhsil sisteminin inkişafında vacibliyini vurğulamışdır.
    Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil ənənəsi və təhsil islahatları, bu gün də onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkə­lərdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin “2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizin gələcəyi üçün olduqca əhəmiyyətlidir. 
    Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz təhsilə göstərilən yüksək diqqət və qayğı sayəsində Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı yeni mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər sahələr kimi, təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Milli təhsilimizin inkişafı istiqamətində atılan bu addımlar gələcəyimizə daha nikbin baxmağa imkan verir.
 

Jalə HACIYEVA
Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin direktoru

Nəşr edilib : 21.09.2023 18:56