AZ EN RU

“Ümummilli Lider Heydər Əliyevin siyasi mirası – Yeni Azərbaycan Partiyası” mövzusunda konfrans keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü yubiley ildönümü və yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının keçirdiyi konfranda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Ümummilli Lider Heydər Əliyevin siyasi irsində varislik: Milli Qurtuluşu Zəfərlə tamamlayan lider” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycanda siyasi sistemin formalaşmasında mühüm rol oynamış, milli dövlətçiliyimizi ciddi təhlükə və sınaqlardan çıxarmaq üçün yaradılan Yeni Aazərbaycan Partiyası Ümummilli Liderin siyasi zamanı öz vaxtında və yerində hiss etmək kimi real həyat təcrübəsinə əsaslanan fenomenal intuisiyasının nəticəsi idi. Qarşıda dayanan ümummilli vəzifələrin həlli məqsədilə Naxçıvan şəhərində təsis edilən partiyanın obyektiv tarixi zərurət olduğu qısa zamanda təsdiqləndi. 2003-cü il oktyabrın 1-də xalqa müraciətində dahi lider üzünü xalqına tutaraq Azərbaycan dövlətçiliyinin yeganə inkişaf yolunu göstərirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalqımız düz 20 il əvvəl onun layiqli siyasi varisi İlham Əliyevi özünə Prezident seçməklə, bu günkü Azərbaycana – ölkə ərazisinin işğaldan tamamilə azad olunduğu, bütün ərazilərimizdə üçrəngli Dövlət Bayrağımızın dalğalandığı, 100 illik tarixi saxtakarlığa və 30 illik işğala son qoyularaq öz ərazisi üzərində konstitusiya quruluşunun tam bərpa olunduğu qüdrətli Azərbaycan dövlətinə səs verdi.

Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev, Naxçıvan Müəllimlər İnstitutu Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, YAP ərazi təşkilatının sədri Şəbnəm Əliyeva, YAP Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev çıxış ediblər. Bildirilib ki, Ümummilli liderimizin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” fikri ötən müddətdə öz tarixi həqiqiliyini təsdiq edib. Bir cümlə ilə ifadə etsək, Heydər Əliyevin siyasi quruculuq missiyasının təntənəsi müasir Azərbaycan dövlətidir.

Konfransın sonunda “Əbədiyyətin ilk əsri. Heydər Əliyev – 100” filmi nümayiş olunub. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Nəşr edilib : 21.11.2023 17:50