AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafındakı misilsiz xidmətləri unudulmazdır

    Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyəti dövründə səhiyyəmiz öz intibah dövrünü yaşadığından, görkəmli dövlət xadiminin bu sahədə olan xidmətlərinin tədqiqi və təhlili xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan səhiyyəsi XX əsrin sonları və XXI əsrin əvvəllərində – 30 ildən çox bir dövrdə dahi şəxsiyyətin himayəsində olmuş və onun rəhbərliyi altında inkişaf etmişdir. Azərbaycan səhiyyəsinin inkişafında və xalqımızın sağlamlıq səviyyəsinin yüksəldilməsində misilsiz xidmətləri olan Ulu Öndər milli səhiyyəmizin əsrlərə bərabər  inkişaf və tərəqqisinə rəvac vermişdir. 
    Azərbaycana rəhbər seçildiyi 1969-cu ilin iyulunda dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə səhiyyə qanunvericiliyinin əsasları barədə qərar qəbul edildi və strateji proqram xarakterli bu qərar milli səhiyyəmizin tərəqqisi yolunda həyata keçirilən müxtəlif tədbirlərin başlanğıcı oldu. Ulu Öndərin hakimiyyətə gəldiyi ilk  dövrdən rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və tibb bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı. Sağlamlıq haqqında Azərbaycan SSR Qanununun qəbul edilməsi isə bu sahədə görülən işlərin məntiqi davamı idi. Tam əminliklə demək olar ki, Əbədiyaşar Liderimizin uzun illərə hesablanmış strategiyasının uğurlu tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyirdi.
    Əsasları o dövrdə qoyulan “Sağlamlığımızın qeydinə sağlam ikən qalmaq” prinsipinin reallaşdırılması üçün yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud olanların abadlaşdırılması və profillərinin genişləndirilməsi, xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir tibbi avadanlıq, aparat və cihazlarla təchiz edilməsi, profilaktik təbabətin tələbatına uyğun şəkildə əhalinin kütləvi dispanserizasiyası, sanatoriya və kurortlar şəbəkəsinin genişləndirilməsi günün vacib məsələləri kimi qarşıya qoyuldu.     Dünya təbabətinin yeni nailiyyətlərinin respublikamıza gətirilməsi və xarici mütəxəssislərin diqqətini ölkəmizə cəlb etmək üçün təbabətin müxtəlif sahələrinə həsr olunmuş beynəlxalq simpozium, konfrans, konqres və qurultaylar keçirilmiş, hər il yüzlərlə gənc mütəxəssis keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almağa başlamış, məşhur klinikalarda doktoranturaya göndərilmişdir. 
    1974-cü ildə Naxçıvan MSSR-in 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gəlmiş dahi siyasətçi Heydər Əliyev Naxçıvan Tibb Məktəbində də olmuş, məktəbin kollektivi ilə görüşmüş, burada tədrisin səviyyəsi, dərslərin keyfiyyəti, əyani vasitələrin təchizi ilə maraqlanmış və kollektiv qarşısında çıxışında Naxçıvan Tibb Məktəbinin Naxçıvanda, eləcə də Azərbaycanda orta ixtisaslı tibb kadrlarının hazırlanmasında müstəsna rolunu xüsusi olaraq qeyd etmişdir. 
    Görkəmli dövlət xadimi 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra respublikamızın səhiyyəsinə diqqəti daha da artırmış və o öz xatirələrində yazdığı kimi “...SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm.... Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycan səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
    Ulu Öndərin bu diqqət və qayğısı sayəsində muxtar respublikamızda əhalinin sağlamlığının qorunmasının yaxşılaşdırılması məqsədilə Naxçıvan şəhərində 500 çarpayılıq respublika xəstəxanası, doğum evi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm, onkoloji mərkəzləri, Səhiyyə Nazirliyinin inzibati binası və qanköçürmə mərkəzi, uşaq evi və uşaq istirahət mərkəzi istifadəyə verilmiş, Duzdağ Fizioterapiya Xəstəxanası genişləndirilmiş, rayon mərkəzlərində və kəndlərdə xəstəxana binaları, sanitar-epidemioloji mərkəzlər, feldşer-mama məntəqələri və çoxsaylı əczaxanalar tikilib istifadəyə verilmişdir. Həmçinin təcili tibbi yardım mərkəzi yaradılmış və bütün rayon mərkəzlərində təcili tibbi yardım stansiyaları təşkil edilmişdir. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, həkimlərin peşəkarlığını artırmaq məqsədilə onların mütəmadi olaraq Bakı, Moskva, Leninqrad, Kiyev, Xarkov, Kazan, Minsk, Alma-Ata və sair şəhərlərdə ixtisaslaşma kurslarına göndərilmələri təmin edilmişdir. 
    1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə respublika Ali Sovetinin 7-ci sessiyasında səhiyyə üzrə qanunvericiliyin əsasları haqqında qərar qəbul edilmiş və beləliklə, səhiyyənin inkişaf sürəti prinsipcə kökündən dəyişmiş və respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü dərhal və aydın şəkildə göstərmişdir. 
    1985-ci ildə muxtar respublika və şəhər xəstəxanası, 1720 çarpayılıq dispanserlər, 680 çarpayılıq kənd sahə xəstəxanaları, doğum evi, şəhər poliklinikası, 13 kənd həkim ambulatoriyası, 141 feldşer-mama məntəqəsi, 30 çarpayılıq uşaq evi, 50 çarpayılıq uşaq istirahət mərkəzi, 7 sanitar-epidemioloji mərkəz, qanköçürmə mərkəzi, 2 təcili tibbi yardım mərkəzi, məhkəmə-tibbi ekspertizası və sanitar maarif evi fəaliyyət göstərirdi. Bu tibb təşkilatlarında 637 həkim və 1959 orta tibb işçisi çalışırdı. Əhalinin hər 10 min nəfərinə 25 həkim, 78,5 orta tibb işçisi düşürdü. Keçirilən tədbirlər nəticəsində əhali arasında bir sıra yoluxucu xəstəliklər – malyariya, traxoma, difteriya, poliomielit və başqa xəstəliklər tamamilə aradan qaldırılmış və ya çox aşağı səviyyəyə düşmüşdü.
    Naxçıvan MSSR-in 60 illik yubileyi münasibətilə muxtar respublikada tibb işçilərinin əməyi yüksək qiymətləndirilmişdir. Belə ki, həkim-cərrah Mehdi Bağırova “SSRİ Xalq həkimi”, 36  nəfərə isə “Əməkdar həkim” fəxri adları verilmiş, 125 tibb işçisi “Səhiyyə əlaçısı” döş nişanları ilə təltif olunmuş, 196 nəfər tibb işçisi isə müxtəlif mükafatlara layiq  görülmüşdür.
    Müstəqilliyimizin ilk illəri məlum hadisələr səbəbindən, əlbəttə ki, səhiyyə sahəsinin də geriləməsi ilə müşahidə olunmuşdur. Xalqımızın 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində müstəqillik uğrunda apardığı mübarizə, SSRİ-nin dağılması və bununla bağlı iqtisadi tənəzzül səhiyyəmiz üçün də izsiz ötüşmədi. Bir tərəfdən də müharibə, Ermənistanın etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı               1 milyon qaçqın və məcburi köçkün ordusunun olması yenicə müstəqillik qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş bir ölkədə səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi. 
    1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər səhiyyə sistemində də öz bəhrələrini verdi. Həmin illər Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal axtarışlarla əlamətdar idi. “Hər şey praktik səhiyyə üçün” ideyası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət xəttinin əsasını  təşkil edirdi.  Həmin dövrdə muxtar respublika ərazisinə ermənilərin hücumu zamanı yaralananlara tibbi xidmət göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil edilmişdir. Yaralılara tibbi xidmət göstərilməsi məqsədilə Sədərək Rayon Mərkəzi Xəstəxanası kənddən kənara – təbii mühafizə olunan yerə köçürülərək yaralıların qəbulu məntəqəsinə çevrilmişdir. Fövqəladə vəziyyət rejimində işləyən rayonun həkimləri və Naxçıvan şəhərindən mütəmadi olaraq göndərilən həkim briqadaları yaralılara ixtisaslı tibbi xidmət göstərmiş və bu müddətdə əks-epidemik tədbirlərə ciddi nəzarət etmişlər. Aparılan tədbirlər nəticəsində müvəqqəti olaraq çadırlarda və vaqonlarda yaşayanlar arasında yoluxucu xəstəliklər baş verməmişdir. Ulu Öndərin Ərzurum xəstəxanalarında müalicə olunan yaralılara baş çəkməsi əsgərlərimizin ruh yüksəkliyinin, qələbə əzminin daha da artmasında mühüm əhəmiyyət kəsb etmişdir. O tarixi günlərdə səhiyyə işçilərimiz də müsəlləh əsgər kimi daim qaynar nöqtələrdə, səngərlərdə olub, yaralılara tibbi xidmət göstərmişlər.
    1993-cü il iyun ayının 15-də Ümummilli Liderin xalqımızın, millətimizin istək və arzusu ilə hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi səciyyələndirilib və bundan sonra dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdəki bütün tibb müəssisələrində, çoxsaylı xəstəxana və poliklinikalarda yeni islahatlar əsasında yaxşılığa doğru ciddi dəyişikliklər baş verib.
    Xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq naminə əvəzsiz xidmətləri ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da quruculuq salnaməsinə qızıl hərflərlə həkk olunub. Bütövlükdə, 1969-1999-cu illərdə muxtar diyarımızda 1156 yerlik xəstəxana, növbədə 1045 nəfər qəbul edə biləcək poliklinika və ambulatoriyalar tikilib ki, bu da Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş genişmiqyaslı quruculuq və inkişaf konsepsiyasının əyani göstəricisidir. 
    1993-2003-cü illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və digər qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün Milli proqramlar işlənib hazırlandı.
    Son illərin möhtəşəm quruculuq ünvanlarından olan müasir səhiyyə bu gün bölgəmizdə əhalinin sağlamlığı keşiyində durur. Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, yemək borusunun plastikası, süni oynaq köçürülməsi, diş implantasiyası, açıq ürək, göz və digər bu kimi mürəkkəb əməliyyatların həyata keçirilməsi səhiyyə xidmətinin səviyyəsini xarakterizə edən əsas uğurlardır.
    Səhiyyədə kadr hazırlığından danışarkən Naxçıvan Tibb Kollecinin fəaliyyəti də qeyd olunmalıdır. 2018-ci ildə müasir tədrisin tələblərinə uyğun qurulan kollecdə 8 ixtisas üzrə 700-dən artıq tələbə təhsil alır. Bu da səhiyyə müəssisələrinin orta tibb işçilərinə olan tələbatını ödəyir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü və Ümummilli Liderimizin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi böyük yol keçmiş, muxtar respublikada ixtisaslı həkim kadrlarının hazırlığının əsasını qoymuşdur. Ötən 20 ildə fakültədə tələbələrin tədrisi üçün lazımi şərait yaradılmış, universitet xəstəxanası istifadəyə verilmiş, muxtar respublikanın səhiyyə müəssisələri bu fakültənin tədris bazasına çevrilmişdir.  
    Əgər yarandığı dövrdə fakültədə yalnız Pediatriya ixtisası üzrə həkim hazır­lanırdısa, bu gün müalicə işi, tibbi profilaktika, tibb, ictimai səhiyyə, psixologiya, hərbi tibb, əczaçılıq və stomatologiya ixtisasları üzrə həkim, eləcə də 33 ixtisas üzrə rezident hazır­lığı həyata keçirilir. Hazırda fakültədə 4 kafedra, 8 kabinə və 5 laboratoriya, mulyaj-simulyasiya kabinəsi və zəngin kitabxana yaradılmış, 4 mindən çox kitab və tibbi tədris vəsaiti tələbələrin istifadəsinə verilmişdir. 
    Fəaliyyət göstərdiyi dövrdə Tibb fakültəsini 1000-dən çox məzun bitirmişdir. Ötən dövrdə fakültəni bitirmiş məzunlardan bir nəfəri muxtar respublika səhiyyə nazirinin, bir nəfəri baş həkimin müavini, beş nəfəri tibb üzrə fəlsəfə doktoru, yeddi nəfəri baş həkim, on nəfərdən çoxu şöbə müdiri və yüzlərlə praktik həkim kimi bu gün öz müəllimləri ilə çiyin-çiyinə respublikamızda, eləcə də ölkəmizin hüdudlarından kənarda və dünyanın bir çox ölkələrinin səhiyyə müəssisələrində fəaliyyət göstərirlər.
    Naxçıvan Dövlət Universitetinin 25 tələbə ilə fəaliyyətə başlayan Tibb fakültəsində hazırda 1552 tələbə təhsil alır ki, bunlardan 1120-si xarici vətəndaşdır. Bu müddətdə universitetdə də təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə universitetin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması qürurverici nailiyyətdir. 2022-ci ildə Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forum həkimlərin qarşılıqlı təcrübə mübadiləsi aparmalarına böyük imkan yaratmışdır. Bundan əlavə, yeni tərəfdaşlıqlar muxtar respublikada ali təhsilli tibbi kadr hazırlığı, səhiyyənin yüksəkixtisaslı yerli mütəxəssislər ilə təminatı, Naxçıvan Dövlət Universitetində bu sahədə tədrisin keyfiyyətinin yüksəldilməsi, dünya tibb elminin yeniliklərinin mənimsənilməsi və tətbiqi baxımından da öz töhfəsini verdi
    Muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Müasir Azərbaycan səhiyyəsinin dinamik inkişafının memarı olan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə, eləcə də muxtar respublikamızda sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də yeni uğurlara vüsət verib. Əminliklə demək olar ki, görkəmli dövlət xadiminin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi və nailiyyətlər gözləyir. Tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Ümummilli Liderin müəyyənləşdirdiyi strateji siyasət kursunu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səhiyyə sistemində də layiqincə davam etdirir. Ötən müddətdə bu vacib sahənin inkişafı, onun maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait­lərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibb xidmətinin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açmışdır. Möhtərəm Prezidentimizin dediyi kimi: “Səhiyyə xidməti ən yüksək səviyyədə olmalıdır. Bu bizim sosial siyasətimizin əsas istiqamətidir. Çünki insanların sağlamlığı üçün bütün işlər görülməlidir. Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Hər bir yaşayış məntəqəsində, hər bir rayonda tibbi xidmət yüksək dünya səviyyəsində olmalıdır”. Çünki bu günümüz kimi, gələcəyimiz də yalnız insanların sağlamlığı və sağlam düşüncələri üzərində qurulacaqdır”.

İsa Abdullayev
Naxçıvan Dövlət Universitetinin 
Tibb fakültəsinin professoru, 
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi

Nəşr edilib : 08.04.2023 00:24