AZ EN RU

Ümummilli lider Heydər Əliyevin milli qurtuluş fəlsəfəsi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev elə bir siyasi dühadır ki, müsir tariximizin yarım əsrlik son dövründə bütün dünyada “Azərbaycan” adı bir toponim və etnonim olaraq məhz ulu öndərin adı ilə assosiasiya olunub. Bu baxımdan elə biz özümüz də “Müstəqil Azərbaycan Respublikası” dedikdə, gözümüzün önündə bütün varlığı ilə xalqına və Vətəninə böyük məhəbbətlə bağlanmış ümummilli lider Heydər Əliyevin nümunəsi canlanır. Xalqımızın bu böyük rəhbərin adı ilə bağlı olan möhtəşəm tarixlərdən birini, 15 iyun – Milli Qurtuluş Gününü növbəti dəfə məhz onun azadlıq ideallarının işığında, müstəqil və müzəffər dövlətin vətəndaşlıq qüruru və fərəhi ilə ilə qeyd edir.

Ümumiyyətlə, əgər ulu öndər Heydər Əliyevin bütün həyatını, hər iki – həm sovet hakimiyyəti, həm də müstəqillik dövründəki siyasi və dövlətçilik fəaliyyətini əgər tək bir cümlə ilə ifadə etmək lazım olarsa, onu məhz bu cür ifadə etmək mümkündür: Xalqının, dövlətinin və Vətəninin əbədi qurtuluşuna həsr edilmiş ömür salnaməsi!

Tarixən bir-birinə daban-dabana zidd iki fərqli sosial-siyasi sistemdə Azərbaycanın rəhbəri kimi Heydər Əliyevin hər iki rəhbərlik dövrü məhz ölkəmizin qurtuluşu missiyası ilə başlanmış, sonrakı mərhələdə isə onun sürətli sosial-iqtisadi inkişafına və mədəni intibahına həsr olunmuşdur. Bu mənada Azərbaycanın 1969-2003-cü illəri əhatə edən bir qərinəlik dovlətçilik və özündən sonrakı bütün siyasi tarixi Heydər Əliyev şəxsiyyəti ilə, onun milli qurtuluş fəlsəfəsi, quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Onun siyasətçi  ömrünün unikal xüsusiyyəti bundan ibarətdir ki, ölkəmiz, ona özünün imperiya maraqlarından baxan keçmiş Sovetlər Birliyinin tərkibində ikən, onu durğunluqdan və böhran bataqlığından qurtararaq, müstəqil Azərbaycanın dövlətinin yaranması üçün mühüm amil kəsb edən sosial-iqtisadi potensialı yaratdı. 1970-1985-ci illər respublikamızda baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın milli mənlik şüurunun, maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr daxil olmuşdur.

Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Əgər o dövrdə Heydər Əliyev qətiyyəti olmasaydı, bu, son anda  milli dövlətçilik ənənələrimizin qorunub-saxlanılmasında ən güclü silahımız olan dilimizin ölməsinə, millət kimi varlığımızın itirilməsinə və müstəqillik ərəfəsində daha böyük milli faciələrimizə aparıb çıxaracaqdı.

Əsrin sonunda, 1993-cü ildə isə onu yenidən çoxtərəfli böhrandan və vətəndaş müharibəsindən xilas edən Ümummilli Lider Azərbaycan Respublikasının qurucusu zirvəsinə yüksəldi. Onun siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, demokratik, hüquqi norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin öncül istiqamətləri müəyyənləşdirilmiş, uğurlu xarici siyasət konsepsiyasının əsası qoyulmuş, dayanıqlı daxili sabitlik bərqərar olmuş, müstəqillik, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi milli və ümumbəşəri dəyərlərlərin sintezindən ibarət Azərbaycançılıq ideologiyasının əsası qoyulmuşdur.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən, müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Ümummilli lider Heydər Əliyev milli dövlətçilik haqqında demişdir: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun”.

Dövlətçilik ideologiyası insanların bir vətəndaş kimi formalaşdırılmasını, vətənə sevgi hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.

Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Xalqımızın hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanır və gələcəkdə də faydalanacaqdır.

Bu baxımdan, hələ 2003-cü il oktyabrın 31-də ilk dəfə Azərbaycan Respublikasının Prezidenti kimi and içərkən cənab İlham Əliyev deyirdi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır”.

Ötən illərin təcrübəsi göstərir ki, verilən bütün vədlər yerinə yetirilmiş, ölkəmizin siyasi-hüquqi və sosial-iqtisadi inkişafı istiqamətində çox işlər görülmüşdür. Ölkədaxili ictimai-siyasi sabitlik sarsılmaz şəkildə təmin edilmiş, Azərbaycanın yerləşdiyi coğrafi regionun bütün mürəkkəbliyinə, ölkəmizdəki sabit vəziyyətdən məmnun qalmayan xarici qüvvələrin məkrli planlarına, mənfur qonşularla uzun sürən müharibə vəziyyətinə baxmayaraq və yekunda ölkımizin ərazi bütövlüyü təmin olunaraq, Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biri statusunu qorumuşdur.

Ümummilli lider Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsinin və onun sonrakı təcrübi tarixinin məhz bu sadaladığımız cəhətləri ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında mühüm əsasları təşkil etmişdir. Tamamilə qanunauyğundur ki, artıq Milli Qurtuluşun yaratdığı möhkəm zəmin üzərində son 19 ildə də Azərbaycan Prezident İlham Əliyev müstəqil milli dövlətçilik siyasətini uğurla davam etdirir, onu siyasi zamanın inkişafına uyğun yaradıcı təkamül nümunələri ilə zənginləşdirir. Bu illər ərzində ölkəmizdə ÜDM-in, strateji valyuta ehtiyatlarının, sahibkarlıq subyektlərinin dəfələrlə artması, on minlərlə kilometr qaz, içməli su xəttinin, avtomobil yollarının çəkilməsi, onlarla elektrik stansiyasının tikilməsi, milyonlarla yeni iş yerinin yaradılması və s. bu kimi sosial-iqtisadi tədbirlər Azərbaycanın dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasında ən üst yerlərdən birində möhkəmlənməsini şərtləndirmişdir. Ölkəmiz elmə, mədəniyyətə, təhsilə və idmana böyük diqqət yetirən dövlət kimi şöhrət qazanmış, Azərbaycan idman, turizm və multik ultural dəyərlər ölkəsi kimi özünü dünya miqyasında təsdiqləmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi regional və beynəlxalq neft-qaz layihələri, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ölkəmizin dünya enerji təhlükəsizliyində və beynəlxalq nəqliyyat sistemində nüfuzlu aktor kimi əhəmiyyətini şərtləndirmişdir. Azərbaycan kosmik dövlətə çevrilmişdir, ölkəmizin iki telekommunikasiya və bir müşahidə peyki hazırda fəzada özünün iqtisadi və strateji səmərəsini verməkdədir.  Yeni texnologiyaların tətbiqində ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də dünyada milli brendimiz kimi qəbul olunan ASAN xidmət mərkəzlərinin istifadəyə verilməsidir ki, bu da dövlət idarəçiliyində operativliyi, şəffaflığı və müasirliyi təmin etmişdir.

Dövlətimizin müdafiə qüdrəti xeyli güclənmiş, Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş, hərbi infrastrukturun 80%-indən çoxu yenidən qurulmuşdur. Azərbaycan özünün 2005-ci ildən müdafiə sənayesi olan dövlətə çevrilmişdir, hazırda ölkəmiz 1000-dən çox adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatının qarşısının böyük mərdliklə alınmış, 2 min hektar və Cəbrayıl rayonunun Cocuq Mərcanlı, 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi və 11 min hektar ərazimiz işğaldan azad edilmiş, ordumuzun və bütün xalqımızın döyüş ruhu daha da yüksəlmişdir. Bunun nəticəsi olaraq, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək torpaqlarımızın erməni işğalından azad olunması uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə aparılmış Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə nəticələnmiş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Vətən müharibəsindən dərhal sonra azad edilmiş, erməni vandalizminin, barabarlığının və faşizminin viran qoyduğu torpaqlarımızdakı geniş miqyaslı quruculuq işlərinə start verilməsi və heyrətamiz vüsətlə davam etdirilməsi bu gün mütərəqqi idman və tolerantlıq ölkəsi kimi planetdə müstəsna nüfuz qazanmış Azərbaycan dövlətinin siyasi, hüquqi, mədəni qüdrətinin iqtisadi sahədə də təzahürüdür.  

Hörmətli lektoriya iştirakçıları!

Ulu öndər Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Məhz bu sarsılmaz özül üzərində 24 oktyabr 2011-ci ildə, 155 dövlətin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatında fəal iştirak, 2019-cu ilin oktyabrında Bakıda keçirilən XVIII Zirvə Görüşü və son üç ildə Azərbaycanın bu nəhəng beynəlxalq təşkilata rəhbərlik etməsi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu, yerini və rolunu təmin etmişdir.

Sülhpərvər xalqımız və onun ən böyük milli sərvəti olan Azərbaycan dövləti özünü bütün dünyaya bütün sivilizasiyaların, xalqların, dinlərin yanaşı sərbəst və rahat birgəyaşayışının təmin oldunduğu bir məkan kimi təqdim edir. Ölkə paytaxtında keçirilən ənənəvi “Bakı Prosesi” artıq ölkəmizin sülhsevər simasını və dünyaya müstəsna multikultural Azərbaycan modelini tanıdan beynəlxalq tədbir kimi böyük nüfuz qazanmışdır.

          Əlbəttə, bütün bu sadalananlar ölkəmizin Milli Qurtuluşdan ötən 29 il ərzindəki uğurlarının hamısı deyil. Lakin təkcə bunlar kifayət edir ki, Milli Qurtuluş Günündən başlayan zəfər tarixinin möhtəşəmliyi göz önündə canlansın, məhz həmin tarixi günün ölkəmizin müstəqilliyinin əbədiliyinin təmin edilməsində dönüş nöqtəsi olduğuna şübhə qalmasın. Bu baxımdan qətiyyətlə demək olar ki, ümummilli liderimizin adı və siyasi fəaliyyəti ilə bağlı olan Milli Qurtuluş Günü böyük Heydər Əliyevin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısıdır.

Bu qapının açıldığı ən gözəl, nümunəvi məkanlardan biri, heç şübhəsiz ki, böyük öndərin doğulub, boya-başa çatdığı ulu Naxçıvan torpağıdır. Tariximizin bütövlükdə son yarım əsrlik dövrü, o cümlədən müstəqillik ərəfəsi və müstəqillik dövrünün ilk 10 illik mərhələsinin adı ilə bilavasitə bağlı olduğu ulu öndər Heydər Əliyevin muxtar respublikamızın bu dövrdəki tarixində də silinməz izləri vardır. Bu izlər, ölkəmizdə olduğu kimi, Naxçıvan muxtar dövlətçiliyində də özünü, ilk növbədə, varsilik və yaradıcı təkamül prinsiplərinin həyata vəsiqə almasında və siyasi əhəmiyyətində büruzə verir. Tarixi təcrübə göstərir ki, hər bir liderin fəaliyyətini onun öz xalqına arxalanmasına və xalqın öz milli liderinə yüksək inamına və etibarına əsaslanan qarşıqlıqlı münasibətlərdə əks olunan dəyərlər istiqamətləndirir, müəyyənləşdirir.

Bu baxımdan müasir mərhələdə Naxçıvanın yenilməz rəhbərinin də fəaliyyətini artıq 27 ilə yaxındır həyatiləşmiş yüksək dəyərlər müəyyən edir. Onun dəyərləri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq, müstəqillik, azadlıq və milli dövlətçilik ideallarından qaynaqlanan Vətən sevgisi, millət təəssübkeşliyi, möhkəm və sabit dövlətçilik qətiyyətidir. Məhz buna görə hələ 1995-ci il dekabrın 16-da öz rəhbərlik fəailiyyətinə başladığı ilk gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, hörmətli Vasif Talıbov öz siyasi rəhbərlik fəaliyyətinin əsas məzmununu: “Mənim ayrıca bir fəaliyyət proqramım yoxdur. Mən öz fəaliyyətimi yalnız Heydər Əliyevin dövlətçilik proqramının əsasında həyata kecirəcəyəm”, – sözləri ilə ifadə etmişdi.

Ümummilli liderimizin Naxçıvanla bağlı planlaşdırdırığı perspektivlər aşağıdakı sözlərdə öz əksini ən yüksək səviyyədə tapmışdır: “Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o, sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.

Bu baxımdan 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin düşmənin işğal təhlükəsindən qoruyub saxladığı Naxçıvanın tarixində 1996-cı ildən yüksəliş və intibah mərhələsi başlandı. Naxçıvan Muxtar Respublikası ötən dövrdə özünün bütün tarixi boyu ən möhtəşəm quruculuq salnaməsini yaratdı. Bir vaxtlar ana yurdu Naxçıvan haqqında əsl Dədə Qorqud nümunəsi ilə “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” – deyən ulu öndər müstəqillik illərində muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi inkişafı üçün lazım olan bütün dəstəyi verdi. Muxtar respublikanın hüquqi statusu daha da gücləndi, 1998-ci ildə muxtariyyətin Konstitusiyası qəbul edildi.

Bu gün muxtar respublikamız eyni qayğıkeş münasibəti hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən görür. Naxçıvan ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik və sosial-iqtisadi inkişaf konsepsiyasının nəzəri və praktiki cəhətdən öz əksini nümunəvi şəkildə tapdığı ölkəmizin ən qabaqcıl regionuna çevrilmişdir. Bu gün muxtar respublikamız ümummilli liderimizin arzuladığı, görmək istədiyi müasir inkişaf məkanına çevrilmişdir. Təsadüfi deyil ki, hörmətli Prezidentimiz 2014-cü ilin aprelində muxtariyyətin 90 illik yubileyi mərasimindəki çıxışında deyirdi: “Hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.

Özünün 99-cu ildönümünə qədəm qoymuş muxtar respublikamız son illərdə də özünün müasir inkişaf və intibah salnaməsinə günbəgün möhtəşəm və qürurverici nümunələr əlavə etmişdir. Şübhəsiz ki, ölkəmizin digər ərazilərində də regionların inkişafı proqramı çərçivəsində çox uğurlu sosial-iqtisadi və infrastruktur layihələri həyata keçirilir. Lakin dünyanın hec bir ölkəsində uzun müddət ərzində blokadada olan bir region bu səviyyədə inkişaf etməyib. Naxçıvan isə Azərbaycanımızın öz inkişafının miqyasına görə ən öncül regionu statusunu illərdir ki, qoruyub saxlayır. Naxçıvanın, naxçıvanlıların intibahın ən yüksək zirvəsini fəth etmələri üçün siyasi-ideoloji, praqmatik iradə və ən müasir idarəetmə metodlarını reallaşdıran qətiyyətli lider formulundan ibarət düzgün seçilmiş yolu var.

Bu yolun mahiyyətini Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri hörmətli İlham Əliyev belə müəyyənləşdirmişdir: “Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!”

Elman CƏFƏRLİ

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər

Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 14.06.2022 15:12