AZ EN RU

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib

    AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik ümummilli liderin siyasi fəaliyyətindən, ölkəyə rəhbərliyi zamanı əldə olunan inkişafdan bəhs edib. Bildirilib ki, bu dahi şəxsiyyətin hakimiyyətə gəlişi dövrün tələbi, xalqın ümdə arzusu idi. Ulu öndərin sahib olduğu idarəçilik bacarığından, mənəvi keyfiyyətlərindən, ölkəmiz və xalqımız üçün xidmətlərindən bəhs edən akademik diqqətə çatdırıb ki, Azərbaycançılıq məfkurəsinin ideologiya səviyyəsinə qaldırılması məhz görkəm­li dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Diaspor quruculuğu sahəsinə xüsusi diqqət yetirən dahi rəhbər dünya azərbaycanlılarını vahid Azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacarmışdır. Bu böyük düha təkcə siyasi lider olmamış, ümummilli lider səviyyəsinə yüksəlmişdir. Azərbaycanın işıqlı sabahına yönəlmiş Heydər Əliyev siyasəti öz bəhrəsini artıq verib. Bu missiya parlaq gələcəyə aparan Heydər Əliyev yolunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
    Çıxışı zamanı 2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü olduğunu diqqətə çatdıran İsmayıl Hacıyev bu münasibətlə Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı” 2022-ci il 28 noyabr tarixli sərəncamları xatırladıb.
    AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tədbirdə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin hər iki mərhələsi çətin siyasi şəraitə təsadüf etsə də, böyük siyasi iradəyə, zəngin idarəçilik qabiliyyətinə malik xarizmatik lider rəhbərlik bacarığı sayəsində vəziyyəti nəzarətə almış, qısa zamanda problemlər həllini tapmışdır. Belə ki, ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən vətənpərvər siyasətçi milli birlik, kadr potensialının artırılması, kadrların milliləşdirilməsi, ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması və başqa mühüm məsələləri hər zaman diqqətdə saxlamışdır.
    Qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri onun rifah halının yaxşılaşdırılması ilə məhdudlaşmır. Öhdəsinə götürdüyü xilaskarlıq missiyasını şərəflə yerinə yetirən ümummilli  lider ötən əsrin 90-cı illərində ölkədə hökm sürən hərc-mərcliyin, vətəndaş müharibəsinin tez bir zamanda qarşısının alınmasına, işğalçı Ermənistanla atəşkəsin imzalanmasına nail oldu. Sabitliyin təmin edilməsi ilə Azərbaycan qısa dövr ərzində sürətli inkişaf mərhələsinə qədəm qoydu.
    Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzulu məruzəsində bildirib ki, ulu öndərin ölkəyə rəhbərliyi dövründə Azərbaycan mədəniyyəti intibah mərhələsinə qədəm qoydu. Xalqın mədəni inkişafında əvəzsiz xidməti olmuş şair və yazıçıların, incəsənət adamlarının, elm xadimlərinin abidələrinin ucaldılması, ev-muzeylərinin yaradılması, yubiley tədbirlərinin keçirilməsi, onların zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində görülən işlər məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşmışdır.
    Professor məruzəsində ulu öndərin milli mədəniyyətimizə, mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan söz açıb. Heydər Əliyevin Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasındakı xidmətlərindən danışıb, onun siyasi, vətənpərvər irsinin gələcək nəsillər üçün əsl örnək olduğunu vurğulayıb.
    Tədbirdə “Ulu öndər Heydər Əliyevin enerji strategiyası” mövzusunda məruzə edən Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev Azərbaycanın neft strategiyasından söz açıb. Tofiq Əliyev ümummilli lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşmasından danışıb, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri və başqa mühüm məsələlərə diqqət çəkib.

***

    Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin bir qrup müəllim və tələbəsinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider Heydər Əliyev” adlı tədbir keçirilmişdir.

      Tədbirdə mərkəzin elmi katibi Nihad Tarverdiyev çıxış edərək bildirmişdir ki,  qədim Naxçıvan torpağı XX əsrdə Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Adı tarixin səhifələrinə qızıl hərflərlə yazılmış ulu öndərin Azərbaycan tarixində misilsiz xidmətləri olmuşdur. Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin həyat və fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən dövrü doğma Naxçıvanla bağlıdır. İmperiyanın sütunlarının laxladığı bir dövrdə Azərbaycanda da gərgin, mürəkkəb hadisələr cərəyan etməkdə idi. Bir tərəfdə Qarabağ ətrafındakı hadisələr, ermənilərin törətdiyi qanlı cinayətlər, parçalanma, çəkişmələr Azərbaycanda qeyri-sabit vəziyyət yaratmışdı. Qədim Azərbaycan torpağı olan Naxçıvan Muxtar Respublikası da tarixin ən çətin günlərini yaşayırdı. Belə bir dövrdə Naxçıvanın taleyində dönüş nöqtəsi olan mühüm hadisə baş verdi. Ümummilli liderimiz  Heydər Əliyev Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtdı, burada fəaliyyət göstərərkən nəinki Naxçıvanın, ümumilikdə, Azərbaycanın siyasi dövlətçilik tarixində mühüm tarixi qərarlara imza atır. Ulu öndərin Naxçıvana qayıtması ilə Azərbaycan tarixinin yeni Heydər Əliyev dövrü və dövlət müstəqilliyinin əbədiliyinin təsvir edilməsi mərhələsi başlandı. 
    Qeyd olunmuşdur ki, müstəqil dövlətçiliyimizin ümummilli lider tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətindən, əməli siyasi müstəviyə keçmiş və nəticədə, Azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev müdrik siyasəti ilə dövlət quruculuğu üçün vacib olan üç faktoru vahid sistemdə birləşdirə bilmişdir. Bunlar güclü iqtisadiyyat yaratmaq, daxili sabitliyi təmin etmək və geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişməkdən ibarət idi. Ulu öndər müstəqil Azərbaycan dövlətinin memarı kimi bütün istiqamətlərdə atılacaq addımların ümumi prinsiplərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. 
    Vurğulanmışdır ki, intibah və milli şüurun oyanışı dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti sayəsində yüksələ bilmişdir. Ümummilli liderimiz, xalqımızın böyük oğlu, Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli sima, dövlət idarəçiliyi sahəsində böyük, təcrübəli siyasi xadim, fenomenal şəxsiyyət Heydər Əliyev Azərbaycanımızın, dövlətimizin tarixində və xalqımızın qəlbində əbədi yaşayacaq.
    Tədbirdə Naxçıvan Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosentləri –  İsmayıl Zeynalovun, Rəsul Bağırovun və Heydər Əliyev Muzeyinin direktoru Ramin Orucəliyevin çıxışları dinlənilmişdir.
    Sonda Heydər Əliyev Muzeyinin ekspozisiyasına baxış olmuşdur.

***

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyi tərəfindən gənclərin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub. 
    Tanışlıq zamanı iştirakçılara məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzaladığı protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

    Qeyd edək ki, ekskursiyanın məqsədi gənclərin tükənməz mənəvi-siyasi miras olan Heydər Əliyev irsi ilə yaxından tanışlığı və zəngin dövlətçilik tariximizin öyrənilməsidir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 08.12.2022 20:07