AZ EN RU

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilib

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənc­lərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin qala konserti və mükafatlandırılma mərasimi keçirilib.
    Müsabiqədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri rəqs nominasiyası üzrə “Köçəri” yallısı  ilə çıxış edib. Münsiflər heyətinin yekun qərarına əsasən  kollecin komandası birinci yerə layiq görülüb. Yekun konsertdə qaliblərə təşkilatçıların fəxri fərmanları və hədiyyələr təqdim olunub. 
    Qeyd edək ki, 1 fevral-5 may 2022-ci il tarixlərini əhatə edən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər. 
    3 minə yaxın tələbənin qatıldığı müsabiqənin keçirilməsində  məqsəd ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqə 4 nominasiya –  şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs olmaqla, 3 mərhələdə keçirilib. Naxçıvan Muxtar Respublikasının peşə və orta ixtisas təhsili müəssisələri üzrə 20 aprel 2022-ci il tarixdə keçirilən zona müsabiqəsində Naxçıvan Dövlət Texniki Kolleci birinci yerə layiq görülərək respublika müsabiqəsində yarışmaq hüququ qazanıb və göstərdiyi nəticə ilə yarışın qalibi olub. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 
mətbuat xidməti 

***

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə partiyanın gənc fəalları arasında “Heydər Əliyev və Naxçıvan tarixi” mövzusunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

    Bildirilib ki, oyunun keçirilməsində məqsəd gənclərin intellektual düşünmə qabiliyyətlərini stimullaşdırılması, istedadlı gənclərin üzə çıxarılması və ulu öndərin həyat və fəaliyyətinin gənclər arasında geniş təbliğindən ibarətdir.
    İntellektual oyunda Naxçıvan şəhərindən və muxtar respublikanın rayonlarının hər birindən 1 komanda olmaqla, ümumilikdə, 48 gənc mübarizə aparıb. Qaydalara əsasən 2 turdan ibarət yarışmada iştirakçılar üçün ulu öndərin həyat və fəaliyyətindən, Naxçıvan dövründən bəhs edən 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. 
    Yekun nəticələrə əsasən oyunda ən çox xal toplayan Culfa rayonunun “Odlar yurdu” komandası I yerin sahibi olub. Şahbuz rayonunun “Batabat” komandası II, Naxçıvan şəhər “Nuh yurdu” komandası isə III yerə çıxıb.
    Qalib komandaları təbrik edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. 
    Sonda qalib komandaların üzvlərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.05.2022 22:07