AZ EN RU

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri başa çatıb -FOTOLAR

Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində keçirilən bağlanış mərasimində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat üzrə beynəlxalq turnir başa çatır. Turnir ərzində izləyicilər bir-birindən maraqlı oyunların şahidi oldu. Keçirilən bu turnir muxtar respublikada şahmata və şahmatçılara göstərilən diqqət və qayğının bir nümunəsidir. Şahmatçılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirən Seymur Talıbov vurğulayıb ki, Naxçıvanda hər il şahmat turniri ilə bərabər bir sıra beynəlxalq turnirlər, yarışlar keçirilir. Şahmat Federasiyası olaraq bizim hər ay mütəmadi olaraq beynəlxalq turnirlərimiz olur. Keçirilən bu turnirlərin məqsədi şahmatçıların inkişafı, onların oyun təcrübələrinin artırılmasıdır. İndi bizi qarşıda daha böyük yarış – oktyabr ayında keçiriləcək şahmat olimpiadası gözləyir. Hazırda bu yarışa hazırlıqlar gedir. Ən əsası isə gələn il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar yeksək səviyyədə təşkil olunacaq beynəlxalq turniridir. Şahmatçıların hər birini həmin turnirdə görmək məmnunluq doğuracaq. Federasiya sədri turnirdə iştirak edən hər bir şahmatçıya gələcək karyeralarında uğurlar arzulayıb, qonaq iştirakçılara Naxçıvana gəldiklərinə görə təşəkkürünü bildirib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı turnir iştirakçılarını salmayaraq qeyd edib ki, hər il may ayında muxtar respublikamızda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş müxtəlif turnirlər təşkil olunur. Bunlardan biri də beynəlxalq şahmat turniridir. Turnirdə dünyanın bir sıra güclü şahmatçılarının iştirakı yarışın nə qədər önəm kəsb etdiyinin göstəricisidir. Qalib və mükafatçıları təbrik edən Ramil Hacı yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib. Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. İlk olaraq, turnirdə veteran şahmatçıların qalibi Həsən Kərimov təltif olunub. Turnirdə 0-1500 reytinqli qalib şahmatçılar kateqoriyasında ilk üç pillədə Səadət Bəşirli, Ramazan Şərifov və Vahid Bəşirli qərarlaşıb. 1500-1700 reytinq əmsallı şahmatçılardan qalib adını Lala Hüseynova qazanıb. Eljan Abdülkərimli ikinci, Paşam Alizadə isə üçüncü olub. Əmsalları 1700-2000 olan zəka sahibləri arasında ən güclü şahmatçı Tunar Davudov olub. Murad Mehdizadə və Emin Novruzov isə müvafiq olaraq ikinci və üçüncü pillələri bölüşüblər. Beynəlxalq şahmat turnirinin qalibi adını isə 9 oyundan 8,5 xal toplayan azərbaycanlı beynəlxalq usta İsmayıl Şahəliyev qazanıb. Qrossmeyster Vüqar Rəsulov ikinci, iranlı FIDE ustası Əsgəri Morteza isə üçüncü olub. Şahin Lorparizangeneh, Kıvanc Haznedaroğlu, Sadiq Məmmədov, Fariz Əhmədov, İsmayıl Qurbanov, Toğrul Həsənzadə və Diyap Böyükaşık turniri ilk 10 pillədə başa vuraraq mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı təqdim ediblər. Sonda beynəlxalq şahmat turnirinin qalib beynəlxalq usta İsmayıl Şahəliyev çıxış edərək turnirin təşkilatçılarına, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədrinə minnətdarlığını bildirib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.05.2022 17:27