AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 10-da Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir çərçivəsində ilk olaraq nazirlik əməkdaşları dahi şəxsiyyət Heydər Əliyevin  Naxçıvan şəhərində əzəmətlə ucaldılmış abidəsini ziyarət edib, Ulu öndərə ehtiramlarını bildirərək abidə önünə gül dəstələri qoyub, sonra isə Heydər Əliyev Muzeyində görkəmli dövlət xadiminin həyatını və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.

Maliyyə Nazirliyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Həsən İsmayılov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, məhz Ulu öndərin məqsədyönlü, uzaqgörən siyasətinin nəticəsində ölkəmiz tənəzzüldən tərəqqiyə qədəm qoymuş,  müasir, gündən-günə inkişaf edən Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuşdur.

Ölkəmizin keçdiyi hərtərəfli inkişaf yolundan danışan nazir müavini qeyd edib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin gələcəyə hesablanmış ideyalarını uğurla həyata keçirmiş, ata vəsiyyətini yerinə yetirərək qalib sərkərdə kimi Azərbaycanı dünyada tanıtmışdır.

Sonda vurğulandı ki, ömrünü Vətəninə, xalqına həsr etmiş görkəmli şəxsiyyət Heydər Əliyevin xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Tədbirin davamında Naxçıvan televiziyasının ərsəyə gətirdiyi “Heydər Əliyev və Naxçıvan” filmi nümayiş olunub.

Nəşr edilib : 10.05.2024 18:20