AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Naxçıvan Regional Hematologiya Simpoziumu keçirilib

Tədbirdən əvvəl qonaqlar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və muzeyini ziyarət ediblər. Simpoziumun açılışında Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəslərini icra edən Samiq Sadıxov və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovun çıxışları dinlənilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin dəstəyi və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən  simpoziumun əsas məqsədi respublikanın hər yerində hematologiya sahəsinin inkişafına təkan vermək və tibbi personala müasir protokolların vacib nüanslarını çatdırmaq idi.

Tədbirdə Naxçıvanda hematoloji xəstələrlə çalışan həkim və orta tibb işçilərinə nəzəri təlimlərin verilməsi və praktik bilik və bacarıqlarının artırılması məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə ezamların təşkil olunması, həmçinin, Naxçıvanda irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərə xidmət keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər müzakirə olundu. Eyni zamanda həmin gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında tibbi aksiya da keçirildi. Müxtəlif hematoloji problemi olan xəstələrin Bakıdan gələn həkim heyəti tərəfindən müayinələri aparıldı.

Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.12.2023 15:37