AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin adının əbədiləşdirildiyi ilk ünvan

 “Biz bütün millətlərə sübut etməliyik ki, azərbaycanlılar Xəzərin dibindən “qara qızıl” çıxardıqları kimi, tarlalarda bol məhsul yetişdirdikləri kimi, elmin, texnikanın ən mühüm naliyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər. Odur ki, yerli millətdən olan gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və silahlı qüvvələrin zabit korpusunda xidmət üçün hazırlamaq ən ümdə vəzifəmizdir.”

Heydər Əliyev

                                                  Azərbaycan xalqının Ümummilli Lideri

Ümummilli Liderimizin keçdiyi yola, hətta ötəri belə nəzər saldıqda görür və duyursan ki, Heydər Əliyev 1969-cu ildən bəri özü bir tarix yaradıb; cəfakeşliklə, qəhrəmanlıqla dolu əhəmiyyətli, qüvvətli, əzəmətli, həm də hər cəhətdən ibrətamiz bir tarix. Bu tarix içərisində öz ləyaqətini yüksəldən, güclü, qüvvətli xarakter bütövlüyünü büruzə verən Heydər Əliyev, eyni zamanda cəmiyyətin qanunauyğun inkişafına yeni estetik və ideyaya sahib olduğunu sübut etdi. Mövcud quruluşdakı gerçəkliyi dərindən dərk edib, qabaqcıl dünyagörüşə, humanizmə söykənərək, şəxsi təcrübəsini zənginləşdirə-zənginləşdirə, təfəkkürünün parlaqlığına, fəaliyyət genişliyinə nail oldu.

Azərbaycan tarixinin 50 ilə yaxın bir müddəti əhatə edən son dövrləri bilavasitə onun adı ilə bağlıdır. Bu mərhələdəki bütün uğurlarımız, siyasi, iqtisadi, sosial-mədəni tərəqqimizin rəhbəri, ilhamvericisi, təminatçısı Ulu Öndərimiz olmuşdur.

1990-cı ilin iyul ayında Vətəninə dönən doğma şəhərində məskunlaşan və həmin ilin sonlarında xalq deputatı kimi Naxçıvanda Muxtar Respublika Dövlət Müdafiə Komitəsinin yaradılması təşəbbüsünü irəli sürərək məhz burada ilk Milli Ordu quruculuğuna başlayan Ulu Öndər Heydər Əliyev, 1991-ci il sentyabrın 3-də muxtar respublika Ali Məclisinin Sədri seçildikdən sonra da burada yaratdığı yerli hərbi strukturlarla, incə taktika və iti strategiya ilə muxtar respublikanı işğaldan qorudu.

1993-cü ilin 15 iyununda xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdan Ümummilli Lider həmin il noyabrın 2-də artıq respublikanın Prezidenti və Ali Baş Komandan kimi televiziya ilə xalqa müraciətində Milli Ordunun ayrı-ayrılıqda vuruşan dəstələrini vahid komandanlıq altında birləşməyə səsləyərək, postsovet məkanında qulluq edən milli zabitlərimizi – vaxtilə özünün yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələrini Vətənin bu ağır günlərində öz xalqı ilə bir yerdə olmağa dəvət etdi.

Məhz həmin vaxtdan – müstəqil respublikamızda azğın düşmənlə qanlı döyüşlərin getdiyi, ərazimizin 20 faizinin işğal olunduğu bir vaxtdan sözün əsl mənasında, genişmiqyaslı Milli Ordu quruculuğuna başlanıldı. Vətənə qayıdan peşəkar zabitlərimiz döyüş bölgələrində Azərbaycan əsgərini müdafiədən hücuma keçmək məqamının yetişdiyinə inandıraraq neçə-neçə yerli əhəmiyyətli əməliyyatlar həyata keçirdilər.

Azərbaycan Ordusunun artıq irəliləmək iqtidarında olduğunu hiss edən Ermənistan xarici havadarlarının tövsiyəsilə 1994-cü il mayın 12-də bütün cəbhə boyu döyüşün dayandırılmasına və atəşkəs əldə olunmasına razılıq verdi. Həmin vaxtdan etibarən ölkəmizdə işğal olunmuş torpaqlarımızı azad etmək qüdrətində olacaq bir ordunun maddi-texniki bazasını möhkəmləndirmək, onun kadr potensialını daha da gücləndirmək məqsədilə iqtisadiyyatın dirçəldilməsi yolunda mühüm addımlar atıldı.

Müdrik rəhbərliyin nəticəsində ölkədə xalqın orduya, ordunun isə dövlətə inamı artdı. Azərbaycan əsgərinə diqqət və qayğı, hörmət və ehtiram bərqərar edildi. Hərbi təhsilə önəm verilərək qəbulun sayı artırıldı, hərbi məktəblərin maddi-texniki bazası möhkəmləndirildi.

Bütün bunlarla yanaşı Ulu Öndər üç bir tərəfi Ermənistanla həmsərhəd olan doğma Naxçıvanı da unutmur, buradakı durum, xalqın vəziyyəti, xüsusən də hərbi hissələrdə döyüş hazırlığının səviyyəsi barədə müntəzəm məlumat əldə edirdi. Belə danışıqlardan birində Naxçıvanda da hərbi təhsil müəssisəsinin yaradılması vaxtının çatdığını bildirərək, burada C.Naxçıvanski adına Hərbi Liseyin filialının çoxdan açılmalı olduğunu vurğulayan Heydər Əliyev “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialının açılması haqqında” 13 mart 1998-ci il tarixli 762 №-li Sərəncam imzalayır.

1999-cu ilin oktyabr ayında muxtar respublikanın 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn ölkə başçısı Heydər Əliyev  C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialının yeni tədris korpusunun təntənəli açılışında da iştirak etdi və geniş nitq söylədi: “Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənclərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. Bunu düşünmək, bilmək və vaxtında təşkil etmək lazım idi...

Mən çox sevinirəm ki, qısa bir müddətdə belə gözəl bina hazırlanıb və hərbi liseyin filialına verilibdir... Mən bilirəm ki, Naxçıvan ağır vəziyyətdə yaşayır. Bilirəm ki, burada tikinti materialları yoxdur, başqa şeylər çatışmır.

...Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən Çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ...Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi.

...Mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm, onlara öz hörmət və ehtiramımı bildirirəm... Buradakı müəllim, zabit heyətinə müvəffəqiyyət arzu edirəm... ”

2002-ci ilin iyun ayında – Milli Qurtuluş Günü muxtar respublikaya növbəti  səfəri zamanı Prezident Heydər Əliyev ayın 17-də Hərbi Liseyin Naxçıvan Filialını da ziyarət edərək qeyd etmişdir ki, zabit-müəllim heyəti qarşısında böyük və məsuliyyətli vəzifələr durur. Onlar təkcə öz peşələrilə bağlı deyil, başqa lazımlı sahələrdə də biliklərini artırmalı və bu bilikləri layiqli kadrların hazırlanmasına yönəltməlidirlər. O zaman Ümummilli Liderimiz kursantlara müraciətlə belə demişdi: “Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə etibar edirik. Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bu ümidlərimizi, arzularımızı doğrultmalısınız. İnanıram ki, doğruldacaqsınız.”

Azərbycan Respublikasının Prezidenti İlham Əliyevin “Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında” 27 fevral 2004-cü il tarixli 108 №-li Sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialı ləğv edilmiş, onun bazası əsasında müstəqil hərbi lisey yaradılmışdır.

Beləliklə də Ümummilli Liderimizin müqəddəs adı Azərbaycanda ilk dəfə onun doğma yurdunda, yaratdığı hərbi məktəbdə əbədiləşmiş oldu. Bununla yalnız, hərbi liseyin zabit-müəllim və texniki heyəti, kursantları və məzunları deyil, Naxçıvan şəhərinin, muxtar respublikanın əhalisi qurur duyur.

2004-cü il fevralın 28-də muxtar respublikanın bir sıra rəhbər işçiləri Heydər Əliyev adına Hərbi Liseyə gəldilər. Bu tarixi hadisə münasibətilə kollektiv təbrik edilməklə liseyimizə Heydər Əliyevin general formasında təsviri olan xalça hədiyyə olundu. Daha sonra liseyin 15 nəfər ən nümunəvi kursantına “Heydər Əliyev” nişanı hədiyyə edildi. Bu mənzərəni seyr edərkən mən həm bir müəllim, həm də bir ana kimi xüsusi qürur hissi keçirirdim ki, mənim böyük oğlum da həmin kursantların sırasındadır.

2004-cü ilin iyununda Heydər Əliyev adına Hərbi Liseyin ilk buraxılışı oldu. İki nəfər kursant-məzun yeni liseyin ilk fərqlənmə attestatını aldı. Həmin ilin yayından başlayaraq Hərbi Liseyin ərazisində yenidənqurma işlərinə başlanıldı. Tədris korpusu genişləndirildi, ikimərtəbəli qərargah binası, yeni yeməkxana, tibb məntəqəsi, daha bir neçə yardımçı binalar inşa olundu, futbol meydançası salındı.

2005-ci il iyun ayının 15-də – Milli Qurtuluş Günündə Heydər Əliyevin adını daşıyan Hərbi Liseyin ərazisindəki yeni tikililərin, demək olar ki, yeni bir hərbi-tədris şəhərciyinin təntənəli açılış mərasimi oldu. Həmin gün məzunların buraxılışı da bu təntənəyə qarışdı. Bakıdan xeyli sayda fəxri qonaqların, generallar və digər yüksək rütbəli zabitlərin gəlişi bu mərasimi daha da rövnəqləndirdi.

Bu gözəl gündə Heydər Əliyevin “...illər keçəcək, biz yenidən burada görüşəcəyik” sözləri də gerçəkləşdi. Kursantların, müəllim və zabit heyətinin, həmçinin fəxri qonaqların Ümummilli Liderlə budəfəki görüşü onun hərbi liseyin həyətində – həmin anlarda açılışı olan tunc büstü ilə oldu.

2005-ci ilin dekabrında möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev liseydə olarkən liseyin “Heydər Əliyev muzeyi”ni ziyarət etdikdən sonra rəy kitabında öz ürək sözlərini belə ifadə etmişdir: “Əziz kursantlar, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf həm də böyük məsuliyyətdir. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq. Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin.”

Heydər Əliyev adına Hərbi Liseydə 2023-2024-cü dərs ilində 300-ə yaxın  kursant təhsil alır ki, onlardan 100 nəfərdən artığı muxtar respublikadan kənar bölgələrdən qəbul olunmuşdur. İndi liseydə ən müasir avadanlıq və şəraitlə təmin olunmuş sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, 2 linqafon, 2 tarix, 2 coğrafiya kabinəsi, hərbi kabinə və 12 interaktiv, iki kompüter kabinəsi, zəngin kitabxana vardır. Kitabxana fondu latın qrafikalı yeni nəşrlərlə, o cümlədən elmi, bədii, siyasi və tarixi əsərlərlə, xarici dillərdə danışıq kitabçaları və lüğətlərlə, həmçinin dövri mətbuatla təmin olunmuşdur.

Hərbi liseyimizin 300-ə yaxın kursantı, 50-dən çox müəllim kollektivi, o cümlədən zabit heyəti muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir. Kursantlarımız Azərbaycan və muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında fəal iştirak etmiş, onlardan 2 nəfəri qızıl, 1 nəfəri gümüş, 7 nəfəri bürünc medal qazanmışdır.

Ümumiyyətlə liseyimizdə tədris prosesində kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilərək, onlara milli ruhun təlqin olunması, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması daim diqqət mərkəzindədir. Həmçinin onların sağlamlığı və fiziki inkişafları da ciddi nəzarətdədir. Kursantlar idman zalında olan və yay meydançasındakı ən müasir avadanlıq və qurğulardan səmərəli istifadə edirlər. Bunun nəticəsidir ki, liseydaxili, şəhər, Əlahiddə Ümumqoşun Ordusu, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli idman yarışlarında kursantlarımız da yüksək göstəricilər əldə edərək uğurlar qazanırlar.

  Bundan başqa kursantların bədii yaradıcılığını inkişaf etdirmək məqsədilə liseydə təşkil olunmuş ədəbiyyat və bədii özfəaliyyət dərnəkləri də səmərəli fəaliyyət göstərir. Kursantlarımızın asudə vaxtlarının səmərəli təşkili məqsədilə tez-tez bilik yarışları, viktorinalar, fənn gecələri, kitab müzakirələri, şeir, inşa müsabiqələri keçirilir, muxtar respublikanın tarixi və görməli yerlərinə, muzeylərə ekskursiyalar, teatr tamaşalarına, kino-filmlərə baxışlar təşkil olunur.

Liseyin pedaqoji kollektivində elmi-metodiki yaradıcılıqla məşğul olanların sayı da ilbəil artmaqdadır. Vaxtaşırı “Xalq qəzeti”, “Respublika”, “Azərbaycan Ordusu”, “Hərbi and”, “Şərq qapısı” və digər mətbuat səhifələrində müəllimlərimizin elmi-publisistik məqalələri dərc olunur.

  Bütün bunların nəticəsində ölkə başçısının xüsusi Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2008-2009-cu dərs ilində “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür. Qısa tarix ərzində liseyimizi 4 kursant qızıl, 4 kursant gümüş medalla, 11 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir. Məzunlardan 64 nəfəri xarici dövlətlərdə, o cümlədən Rusiya Federasiyasında, Türkiyə və İtaliya respublikalarında təhsillərini davam etdirirlər. Liseyin 5 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmışdır.

2016-cı ilin “Aprel döyüşləri”. Vətənin bu sınaqlı günlərində mənfur düşmən təxribatına layiqincə cavab verən qoşun hissələrinin tərkibindəki zabitlər sırasında hərbi liseyimizin də ləyaqətli məzunları qəhrəmancasına döyüşmüş, onlardan 1 nəfəri şəhid olmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi altında qüdrətli Azərbaycan Ordusunun böyük rəşadəti nəticəsində 44 günlük Vətən Müharibəsində şanlı Zəfərimizin qazanılmasında Heydər Əliyev adına Hərbi Liseyin məzunu olmuş zabitlərimizin də danılmaz şücaəti olmuş, onlardan 75 nəfəri şəhidlik məqamına yüksəlmişdir.

Adlarını İkinci Qarabağ Müharibəsinin şanlı zəfər tarixinə əbədi həkk etmiş şəhid məzunlarımız bugünkü kursantlarımız üçün bir igidlik, əsl vətənpərvərlik nümunəsidirlər. Böyük Zəfərin əldə olunmasında xidmətlərinə görə orden və medallarla təltif edilənlərin də siyahısında keçmiş kursantlarımızin adlarını gördükdə böyük qürur və iftixar hissləri keçirmişik.

2020-ci il dekabr ayının 10-da, paytaxt Bakının Azadlıq meydanında Vətən müharibəsində qazanılmış şanlı qələbə münasibətilə “Zəfər paradı” keçirildi. Bu paradda da Heydər Əliyev adına Hərbi Liseyi rəsmi keçidlə bir qrup kursant layiqincə təmsil etmişdir.

Hər bir tədris ilinin ilk günlərindən məzun olanadək kursantlarımızın məhz bu ruhda yetişmələri, Azərbaycan Silahlı Qüvvələrində savadlı və qabiliyyətli komandir olmaları, Vətənimizə, xalqımıza və müstəqil dövlətimizə sədaqətlə və ləyaqətlə xidmət edən zabit və nümunəvi vətəndaş kimi tanınmaları üçün səfərbər olan pedaqoji kollektivimiz bütün varlığı ilə, səy, bilik və bacarığı ilə, yüksək tələbkarlıq və məsuliyyət hissilə çalışmaqdadır.

Heydər Əliyev adına Hərbi Lisey artıq 20 ildir ki, müstəqil fəaliyyət göstərərək Ulu Öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi Milli Ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamla irəliləyir. Liseyin son 20 ildə 3000-ə yaxın məzunu olmuşdur.

Ümummilli Liderimiz C.Naxçıvanski adına Hərbi Liseyi özünün övladı hesab etdiyini dəfələrlə vurğulamışdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu nurlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. Neçə ki, Azərbaycan xalqı var, neçə ki, müstəqil dövlətimiz var, ulu rəhbər, zamanın dahisi, müdrik şəxsiyyət – “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” - deyən Ümummilli Liderimiz Heydər Əliyevin adı və əməlləri də daim yaşayacaq!

Ümummilli Liderimizin bu gün reallığa çevrilən və 30 ildən sonra öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa edən Azərbaycan Respublikasının qüdrətlənməsinə, çiçəklənməsinə xidmət edən beynəlxalq layihələri onu söyləməyə əsas verir ki, müstəqilliyi əbədi və dönməz olan ölkəmiz özünün güclü ordusuna arxalanaraq işıqlı sabaha doğru iri addımlarla gedir.

Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində xalqımız aydın səma altında, toxunulmaz və etibarlı müdafiə olunan sərhədlərimiz daxilində, əmin-amanlıq şəraitində daha yüksək rifahlı və firavan günlərə qovuşmaqdadır!

Mehri QASIMOVA,

Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi

Nəşr edilib : 27.02.2024 12:06