AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilib

   Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Heydər Əliyev və müasir rabitənin inkişaf strategiyası” mövzusunda tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
    Tədbirdə rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev çıxış edərək xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə rabitənin gələcək inkişafı üçün bir sıra mühüm qərarlar qəbul edilib. 1970-ci il iyun ayının 24-də dahi rəhbərin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” tarixi Qərar, 2003-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” müasir dövrdə ölkəmizdə bu sahənin inkişafına əsaslı zəmin yaradıb.

    Bildirilib ki, rabitə sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda informasiya əsrinin müəyyən etdiyi qlobal çağırışlar nəzərə alınaraq ölkəmizdə rabitə və yeni texnologiyaların inkişafı ilə bağlı bir çox konseptual strategiyalar və çoxsaylı müvafiq Dövlət proqramları qəbul edilib.
    Muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı, eləcə də əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Ötən dövrlər ərzində Trans-Asiya-Avropa fiber-optik kabel magistralı üzərindən Naxçıvan-Bakı arası 155 meqabit saniyəlik rabitə kanalının istifadəyə verilməsi böyük tutumlu danışıq, videoinformasiya, sürətli internet və sair məlumat mübadiləsini həyata keçirməyə imkan verib, ümumilikdə, 229 müasirtipli avtomat telefon stansiyası quraşdırılıb, sakinlərə Nakhinternet provayderi vasitəsilə internetin təmin edilməsi üçün “Delta Telekom” və “Türk Telekom” İnternational şirkətləri ilə müqavilələr bağlanılıb, muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiberoptik kabel magistralına qoşulub, ilk dəfə Naxçıvanın tranzit telekommunikasiya imkanları yaradılıb. 
    Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, nazirlik tərəfindən muxtar respublika üzrə 2020-2022-ci illər ərzində 6878 abonentə sabit şəbəkə telefon xətti çəkilib, 20537 abonent genişzolaqlı internet ilə təmin olunub, nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində yeni telekommunikasiya avadanlıqları alınıb, monitorinqlər aparılaraq istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması üçün operativ və zəruri tədbirlər həyata keçirilib. 
    Həmçinin bu müddət ərzində kadr hazırlığı da diqqətdə saxlanılıb, müvafiq peşə təhsilinə malik olmayan rabitə mütəxəssisləri peşə kurslarına cəlb olunub və müvafiq sertifikatlarla təmin edilib, mühəndis-proqramçıların zəruri biliklərinin artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə kurslar və təlimlər təşkil olunub. 
    Bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlər göstərilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilib, bir sıra dövlət qurumlarının internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib, nazirliyin mühəndis-proqramçıları tərəfindən bir sıra dövlət qurumlarının internet səhifələri yenilənərək Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhlükəsizlik auditi aparılmaqla GOV.AZ domen zonasına köçürülüb, eləcə də e-poçt adresləri ilə də təmin olunub. 
    Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli çıxış edərək vurğulayıb ki, Heydər Əliyev böyük siyasətçi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də bu fenomen həmişə diqqəti cəlb edib. Dahi şəxsiyyətin heyranlıq doğuracaq coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Azərbaycana rəhbərliyi dövründə məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilib. Yalnız Ulu Öndərin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalıb.

Naxçıvan Muxtar Respublikası 
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

***

    Naxçıvan Müəllimlər İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.

    Tədbirdə rektor Azad Novruzov çıxış edərək vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevin xidmətləri daim təhlil olunmalı və gələcək nəsillərə ötürülməlidir. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan dahi şəxsiyyət Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, milli oyanışın xalqımız üçün gərəkliliyini daim nəzərə almışdır. Bugünkü müasir Azərbaycan Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Azərbaycan hər bir vətəndaşımızın fəxrinə çevrilib.
    İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev, İxtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva, elmi katibi Qurban Qurbanlı, fakültə dekanları, kafedra müdirləri, professor və müəllimlər mövzu ətrafında fikirlərini bildiriblər. Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın tarixi keçmişinin,  milli-mənəvi dəyərlər sisteminin yaşadılması və təbliğindəki misilsiz xidmətlərindən, eyni zamanda gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi ilə bağlı tövsiyələrindən danışılıb. 
    Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı yaradılmış sərgiyə baxış keçirilib.

Aygül MƏMMƏDOVA
Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

***

    Martın 10-da Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda tədbir keçirilib.

    “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəis vəzifəsini müvəqqəti icra edən, polis mayoru Fariz Nəsirov Ulu Öndər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu bildirib.
    Məmməd Səid Ordubadi  adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 2023-cü ilin iş planına əsasən keçirilən tədbirdə kitabxananın direktoru Tamella Əsgərova qeyd edib ki, dahi rəhbər özünəxas müdrikliklə totalitar sovet rejiminin sərt buxovlarından məharətlə yayınaraq respublikamızda milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail olub.
    Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri Elşən Xəlilov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kitabxanaçısı Günel Hüseynovanın çıxışları dinlənilib.
    Çıxışlarda vurğulanıb ki, dahi şəxsiyyət ötən əsrin doxsanıncı illərində Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının deputatı kimi fəaliyyət göstərən görkəmli dövlət xadimi Naxçıvan parlamentində təkcə Naxçıvan üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, siyasi həyatın demokratikləşməsi prosesinə təkan verən qərarların qəbul edilməsinə nail oldu. Sonrakı mərhələdə Ümummilli Lider Naxçıvandan başladığı xilaskarlıq missiyasını Bakıda, bütün ölkə miqyasında davam etdirdi. 

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.03.2023 21:37