AZ EN RU

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan şahmat yarışı keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə xidmət əməkdaşları və muxtar respublikada təhsil alan əcnəbi tələbələr arasında şahmat birinciliyi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən yolunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi Zakir Məmmədov iştirakçıları salamlayaraq bildirib ki, ulu öndərin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlər dahi şəxsiyyətin bütün sahələrdə davamlı uğurların əldə edilməsi üçün möhkəm təməl yaratdığını bir daha təsdiqləyir. Bu gün ölkəmizdə digər idman növləri ilə yanaşı, şahmatın inkişafı və nüfuzlu idman növünə çevrilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu gənclər və idman siyasətinin real nəticələridir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılan bu siyasət ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Vurğulanıb ki, yarışın keçirilməsində əsas məqsəd müdrik liderin əziz xatirəsini yad etmək, eyni zamanda xidmət əməkdaşları və muxtar respublikada təhsil alan əcnəbi tələbələr arasında şahmatı təbliğ və inkişaf etdirməkdən ibarətdir.

İsveçrə” sistemi üzrə keçirilən yarışın qaydaları haqqında məlumat verildikdən sonra görüşlərə start verilib. Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, Hanefkan Nokay I, Anar Mustafayev II, Ayxan İmanlı isə III yerə layiq görülüb. Sonda qaliblərə plaket və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 17.05.2023 15:38