AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

    Naxçıvan  Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı  Mirsənani Seyidov çıxış edib. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə  2023-cü ilin “Heydər Əliyev İli” elan olunması böyük dövlət xadiminin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına xidmət edir. Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin formalaşmasına əvəzsiz töhfələr verib, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edib. Bu baxımdan bugünkü tədbirin mövzusu tarixi qanunauyğunluqdur. 
    Bildirilib ki, bu gün Azərbaycançılıq məfkurəsi həm ölkəmizdə, həm də bütün dünyada yaşayan həmvətənlərimiz üçün əsas ideologiyaya çevrilib. Təsadüfi deyil ki, ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının fəaliyyət proqramının əsas prinsiplərindən birini məhz Azərbaycançılıq təşkil edir. Ulu Öndər Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və mənəvi birliyinə nail olub. Bu ideologiyanın əsasında dövlətçiliyin, milli mənafenin müdafiə edilməsi, milliyyətindən, dini baxışlarından asılı olmayaraq hər bir vətəndaşın hüquqlarının qorunması mühüm yer tutur. 
    Vurğulanıb ki, ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulmiş bu müdrik siyasət dövlət başçımız  cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Haqq mübarizəmizdə əldə olunmuş böyük Zəfər də məhz Heydər Əliyev ideyalarının təntənəsidir. Yaddaşlarda xilaskar lider, tarix yaradan şəxsiyyət kimi həkk olunan böyük dövlət xadiminin yolu şanlı irsimizdir və daim öyrənəcəyimiz məktəbdir.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Ramiz Qasımov çıxışlarında diqqətə çatdırıblar ki,  Azərbaycançılıq ideologiyası XIX əsrin sonu, XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşsa da, Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil dövlətimizin əsas ideyasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir. Bu gün çoxmillətli Azərbaycan xalqını birləşdirən Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına uğurla xidmət edir. Ölkə başçısı bu ideologiyanı zənginləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. 
    Sonda mövzu ilə bağlı filmə baxış olub. 

***

    Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov bildirib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunda görüləcək işlərə dair Tədbirlər Planının icrasına uyğun olaraq institutda bir sıra tədbirlər həyata keçirilir. Onlardan biri də tələbələrlə elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Liderin 100 illiyinə həsr olunmuş görüşlərin keçirilməsidir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi İsmayıl Hacıyevin tələbələrlə görüşü təşkil edilib. 

    Görüşdə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda məruzə edən akademik İsmayıl Hacıyev vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin bugünkü inkişafı Ulu Öndərin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. XX əsrdə böyük bir yol keçmiş Azərbaycan elmi və təhsili görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəyə hər iki rəhbərliyi dövründə özünün ən yüksək səviyyəsinə çatmışdır. Ümummilli Liderin məqsədyönlü siyasəti hər zaman elmi əsaslara söykənmişdir. Bu siyasətin layiqli davamçısı Prezident cənab İlham Əliyev elm, təhsil və mədəniyyətin, alim və müəllimlərin böyük himayədarı olmuş Ulu Öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı siyasətini uğurla davam etdirir. 
    Tədbirdə, həmçinin Azərbaycan xalqının mədəniyyətinə və elminə xüsusi önəm verən dahi şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu kimi fəaliyyətindən də bəhs edilib. 

***

    Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimində milli-mənəvi dəyərlərin yeri” mövzusunda tədbir keçirilib.

    Tədbirdə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyevin, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan qadını (1970-1982; 1993-2003-cü illər)”, tarix üzrə  fəlsəfə doktoru Qadir Əkbərovun “Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə milli-mənəvi dəyərlərə diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsi kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzularında çıxışları dinlənilib.
   Çıxışlarda qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışırdı. 
    Diqqətə çatdırılıb ki, milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yaradılıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.03.2023 20:43