AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

    “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Muzeyində “Ulu Öndər Heydər Əliyevin mənalı həyatı, zəngin siyasi irsi hər birimizə örnəkdir” mövzusunda tədbir keçirib.
    Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 
    Heydər Əliyev Muzeyində keçirilən tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov bildirib ki, xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ulu Öndər ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir. 
    Qeyd olunub ki, Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir. 
     Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, onun təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar.
    Bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.
    Çıxışlardan sonra dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub, Heydər Əliyev Muzeyi ziyarət edilib.

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

***

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı” təsdiq etdiyi Tədbirlər Planının icrası istiqamətində silsilə tədbirlər davam etdirilir. 

    Nazirlik əməkdaşlarının iştirakı ilə Heydər Əliyev Muzeyində doğum haqqında şəhadətnamələrin valideynlərə xüsusi açıqcalarda təqdim edilməsi mərasimi keçirilib. 
    Tədbirdə nazirliyin əməkdaşı Zülfü İsmayılov çıxış edərək vurğulayıb ki, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir. Bu gün də hər birimiz görkəmli dövlət xadiminin Vətən və millət qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq. Zülfü İsmayılov “Heydər Əliyev İli”ndə  dünyaya gələn körpələrin valideynlərini belə əhəmiyyətli tarixdə valideyn olmaları münasibətilə təbrik edib. 
    Sonra nazirliyin əməkdaşı Həbibə Əliyeva  və Naxçıvan Şəhər Nikah Evinin müdiri İsayə Gülməmmədova çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin uşaqlara xüsusi qayğı ilə yanaşmasından, uşaq siyasətindən və uşaq hüquqlarının milli qanunvericiliyimizdə təsbit olunmasındakı rolundan bəhs olunub. 
    Sonra valideynlərə xüsusi açıqcalarda doğum haqqında şəhadətnamələr və gül buketləri təqdim edilib. Valideynlər yaradılan şərait üçün dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.
    Valideynlər muzeydə Ulu Öndərin mənalı ömür yolu və ictimai, siyasi fəaliyyətindən bəhs edən maraqlı eksponatlarla tanış olublar.
    Sonda xatirə şəkli çəkdirilib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti 

***

    Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz dövlətimiz və xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi də “Heydər Əliyev İli” ilə əlaqədar məhkəmədə qəbul olunmuş Tədbirlər Planına uyğun olaraq Vətən müharibəsi şəhidlərinin ailələri Novruz bayramı münasibətilə ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib. Kollektivin üzvləri Vətən müharibəsinin şəhidləri Nihat Seyidovun, Pərviz Məmmədzadənin və Fərmin Əliyevin ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsi yad olunub. Görüşlər zamanı bildirilib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək Şanlı Azərbaycan tarixini möhtəşəm Qələbə ilə şərəfləndirdi.
    Şəhidlərimizin ailələri dövlətimizin qayğısını daim üzərlərində hiss etdiklərini, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
    Sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirələrindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları, cənab Ali Baş Komandanın döyüş əmrinə necə sevinclə qoşulduqları vurğulanıb.
    Qeyd olunub ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.

Naxçıvan Muxtar Respublikası 
Ali Məhkəməsinin mətbuat xidməti

Nəşr edilib : 28.03.2023 20:32